Azərbaycanda müxalifət


“Gücsüzlərin gücü”nü oxuduqca qeydlərim davam edir. Siyasət, müxalifət anlayışlarına münasibətdə Vatslav Havelin qeyd etdiyi post-totalitar cəmiyyətlərlə indiki Azərbaycan cəmiyyəti arasında xeyli fərq var. Lakin bizim cəmiyyətdə də həmin post-totalitar auranın yaradılmasına çalışırlar, əlbəttə, buna tam nail ola bilməzlər, çünki tarixi şərait fərqlidir, lakin bu cəhdin özü də insanlara böyük ziyanlar vurur.
Havel müxalifət anlayışına bir-neçə cür yanaşır. Bunlardan bizə ən yaxın olanı klassik diktaturaların müxalifətidir, lakin bu, formal olaraq belədir. Çünki, birincisi, Azərbaycanda klassik diktatura deyil. İkincisi, klassik diktatura müxailəfətləri alternativ siyasi proqram irəli sürür, daha çox qanunun və proqramlarının imkan verdiyi şərtlər altnda mübarizə aparırlar. Bəs bizim müxalifətdə vəziyyət necədir?
Azərbaycanda hal-hazırda mövcud olan 2 əsas müxalifət partiyası alternativ model təklif etmirlər adətən. Bu 2 partiyanı şərti olaraq klassik müxalifət adlandıraq. Yalnız son dövrdə (bir-neçə ay əvvəl) “yol xəritəsi” adlı cəmiyyətdə və hakimiyyətdə “sıfır” reaksiya verən bir virtual sənəd atıldı ortaya. Müxalifətin alternativ proqram təklif etməməsində, 2 partiyanın birləşməməsində və son olaraq bu “yol xəritəsi”nin ortaya çıxmasında həm bu 2 partiyanın, həm də hakimiyyətin maraqları var.
Hakimiyyətə maraqlıdır ki, alternativ proqram olmasın, çünki bu zaman cəmiyyətdə bu fikirlər formalaşdırılır: müxalifət də elə buların tayıdır; müxalifət gəlib neynəyəcək ki?; sistem dəyişməyəcək, yalnız rəhbərlər dəyişəcək; bu sistemlə yeyirlərsə, müxalifət də gəlib yeməyə davam edəcək.
Hakimiyyətə maraqlıdır ki, 2 partiya birləşməsin, bunun səbəbi aydındır, həm qüvvələr parçalanır, həm də çoxpartiyalılıq imitasiya olunur.
Hakimiyyət maraqlıdır ki, bu “yol xəritəsi” çıxsın ortaya. Onda cəmiyyətin etirazçı təbəqəsi yenə də bu 2 partiyaya apellyasiya edəcək, nəticədə situasiya hakimiyyətin yuxarıda qeyd etdiyimiz məqsədlərinə xidmət edəcək və alternativ, ola bilsin ki, həm də nəzarətsiz mübarizə metodlarının ortaya çıxmasına mane olacaq.
Klassik müxalifət maraqlıdır ki, alternativ proqram ortaya çıxmasın. Çünki bu zaman qarşıda konkret məqsədlər olacaq. Nəticədə bu məqsədlər uğrunda olmayan cüzi hərəkət belə hakimiyyətin “haray-həşir”inə və mübarizədən yayınmağa onsuz da bəhanə axtaran tənbəl və qorxaq kütlənin ağız əyməsinə səbəb olacaq. Ola bilər ki, elə bu səbəbdəndir ki, son olaraq ortaya atlan “yol xəritəsi” hakimiyyətin ciddi reaksiyasına səbəb olmamaqla yanaşı, sənədi hazırlayanların özlərinin – klassik müxalifətin də ciddi dəstəyini, təbliğini görmədi.
2 partiyanın birləşməməsində klassik müxalifətin “maraqları”nı isə şəxsi ambisiyalarla və qocaman intriqalarla izah etmək olar. Təki başqa izahat həqiqət olmasın.
Bu 3 məsələdən birincisi ilə ziddiyyətə girən “yol xəritəsi”nin ortaya çıxmasında klassik müxalifətin marağı isə onda idi ki, hakimiyyətin alternativ proqramın olmamasındakı marağına qarşı qoya bilsin. Amma qeyd etdiyim kimi, alternativ proqram klassik müxalifətin də marağında olmadığından bu “yol xəritəsi”nin üzərinə çox getmədilər.
Bəs bu klassik müxalifətdən başqa hansı qarşı (oppozisiya) fikir var cəmiyyətdə? Bizim Havelin post-totalitar adlandırdığı cəmiyyətdən əsas fərqimiz ondadır ki, əksəriyyət əslində olanları görür. Yəni, məsələn sovet dövründə insanlar ABŞ-da fəhlələrin qul olduqlarına, özlərinin 20-30 rublluq maaşları ilə dünyanın ən varlı zəhmətkeşləri olduqlarına, bütün kapitalist ölkələrin diktatura, bütün sosialist ölkələrin demokratik olduqlarına inanırdılarsa, indi insanlar bilirlər ki, Azərbaycan dünyada hörmətsiz, idarəediciləri milyarder ola-ola əhalisi kasıb, zəif dövlətdir, ağır şəraitdə, demokratiyadan uzaq yaşayırıq.
Yəni əvvəllər yalanlar içərisində yalanlara inanaraq və uyğunlaşaraq yaşayırdıqsa, indi yalanlar içərisində yalanlara inanmadan uyğunlaşaraq yaşayırıq. İnanmadıqlarımızı həqiqət kimi qəbul edib yaşamaq məcburiyyəti daha çətin olduğundandır ki, insanlar indi SSRİ-ni arzulayırlar. Yəni təki dünyadan xəbərim olmadan, informasiyasız xoşbəxt olardım, nəinki həqiqəti bilən, daha informasiyalı bədbəxt.
Lakin bu şəraitdə Havelin dediyi mübarizə vasitələri keçərli ola bilir, hətta daha da asan ola bilər. Havelin dövründə belə idi ki, onun yazdıqları özünün də dediyi kimi nəinki hakimiyyət, elə cəmiyyətin özü tərəfindən də top-tüfənhglə qarşılanırdı. Çünki insanlar rejimin yalanlarına həqiqətən də inanırdılar. İndi isə bu yalanlara inanmırlar (insanlarn inandırıldığı yalanlar haqqında keçən yazıda bir qədər yazmışam), yəni indi insanları mübarizəyə inandırmaq heç olmasa, sovet dövründən daha asandır. İndi insanları mübarizəyə inandıranlar üçün “sənin inandığın yalandır, həqiqət əslində flan şeydir” çətinliyi daha azdır.
Buna görə də Havelin dissident mübarizəsindən fərqli olaraq fərdi mübarizə kimi göstərdiyi vasitələr bizdə də keçərlidir. İndi bizdə keçən yazıda qeyd etdiyim səbəblərdən insanları klassik müxalifətdən iyrəndiriblər. İnsanlar dissidentlərə də “dəli” kimi baxırlar. Buna görə də daha bir mübarizə forması olan fərdi mübarizə meydana çıxır. Yəni klassik müxalifətə qoşulmadan, dissident kimi cəmiyyətdə, yaxud heç olmasa, hakimiyyətin nəzarət mexanizminin gözündə parlamadan adi adam kimi sadəcə rejimin qoyduğu qaydalardan kənar, yəni daha vicdanla yaşamaq. Bu vicdanla yaşamaq məsələsi haqqında növbəti yazıda yazacağam.

Comments