Liberal olsam da, “Real”ı
müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Nicat Qarayevin dəyərli yazısını oxuyandan sonra sadəcə fikirlərimi bölüşmək qərarına gəldim.
Düzü, yazının əvvəlindəki
ümumi böyük giriş məni daha çox vadar etdi bunu yazmağa, amma “Real” haqqında
da nələrsə yazmaq ehtiyacı hiss elədim. “Real”ı xeyli tənqid edə bilərəm, bunu
haqq ediblər, deyə düşünürəm. Sadəcə Nicatın yazısı ətrafında yazdığıma görə
“Real” haqqındakı bütün fikirlərimi burda yazmaq fikrim yoxdur.
Mən düşünürəm ki, “Real”
son məqsəd olaraq, liberal, daha çox klassik liberalizmə yaxınlaşmaq istəyən
bir qrup kimi görünür. Sadəcə bu son məqsədə çatmaq üçün keçəcəkləri yolu hələ
müəyyən etməyiblər, ya da müəyyən ediblər, sadəcə camaata fərqli üsulla
çatdırmaq istəyirlər. Biri deyir, sağ avtoritarizm, biri deyir, dövlətsizləşdirmə,
biri deyir, millətçilik və s.. Xalqımız həddən artıq praqmatik olduğundan
onların nazı ilə necə oynamağı düşünüb tapmaq çox çətindir, xüsusən də,
pulsuzsansa. “Real”çılarda isə nə bu repressiv şəraitdə xalqa çatımı təmin edəcək
pul var, nə də kütlə ilə işləməyi mükəmməl bacaran baş (görünən budur).
Xalqın “alverçi” olması
ilə bağlı bir-iki kəlmə deyim, keçək əsas məsələyə. 1990-ların əvvəllərində, səhv
eləmirəmsə, Avropa Birliyinin ekspertləri bir araşdırma aparıb nəticələrini də
təqdim etmişdilər ictimaiyyətə. Yəqin internetdə tapmaq olar. Orada göstərilirdi
ki, SSRİ-də bazar iqtisadiyyatına ən çox hazır olan xalq azərbaycanlılardır.
Bilmirəm, niyə belə olub. Ola bilər, tarixən elə yerdə yerləşmişik ki,
praqmatik olmağa məcbur olmuşuq. Bizim tarix kitabları özünü Teymurləngə kölə
kimi təqdim edən İbrahim şahı hələ də alqışlayır. Ola da bilər ki, məhz
alverçiliyin güclü olmasına görə praqmatik olmuşuq. Nicat deyir, başqa kasıb
xalqlar da alver edir. Amma rusiyadakılardan öyrənmək asandır ki, orda heç nədən
pul qazana bilən əsasən 2 xalq var: yəhudilər və bizimkilər. Özbəklər bizdən də
acdırlar, amma adətən “çirkli” işləri görürlər. Yəni hər bir xalq özünə uyğun
sahədə “ixtisaslaşır”. Bizim üçün bu, nədənsə alverdir. Xasiyyətində alver olan
xalqı dövlətin planlı iqtisadiyyatına tabe etməyin axırı belə də olmalı idi.
İndi 3 milyon Azərbaycan vətəndaşı Rusiyadadır. Dövlət inhisarında yaşamaqdan
bezmiş insanlara dövlətsizlik, bu, mümkün deyilsə, minimum dövlət, plansızlıq,
bir sözlə hər insana gərəkli olan azadlıq lazımdır.
Lakin məsələ xalqın nəyə
meylli olmasından daha çox onu idarə edənlərin nəyə meylli olmasındadır. Kütlə
hər yerdə kütdür. Bu kütlüyü istiqamətləndirmək üçün olan ideologiyalar məsələsinə
gələndə isə biz Nicatın yazısının həmin böyük giriş hissəsinə baxmalı oluruq. Nicat
düzgün qeyd edir ki, hazırda dünyada sola dəxli olmayan, yəni liberal milli
dövlətlər iqtisadiyyatı tənzim edirlər ki, milli iqtisadiyyat xarici,
transmilli təzyiqin qarşısında duruş gətirə bilsin. Bu, artıq dəyərlər mübarizəsidir.
Klassik liberalizmdə dövlət maddi cəhətdən yox, mənəvi cəhətdən varlı
olmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsi o qədər az olmalıdır ki, öz pulunu
artırmaq üçün vergiləri qaldırmaq sahəsində də güclü səlahiyyəti olmasın. Amma
dövlət “gecə nəzarətçisi” olaraq, cəmiyyətin oturuşmuş və ya otuşdurulan
institutlarını, dəyərlərini qorumalıdır. Dövlət mütləq hesab olunan (ən azından
yaşadığmız zaman kəsiyində) dəyərləri və
onların yaşama vasitəsi olan institutları, yəni institutlaşmış cəmiyyətin
bütövlüyünü, inkişaf sabitliyini qorumalıdır. Yəni dövlət, belə demək mümkünsə,
“yaxşı ağa” olmalıdır. Bu da əslində liberal aristokratiya deməkdir.
19-cu əsrin sonları –
20-ci əsrin əvvəllərində “yaxşı ağa”lar var idi, amma Avropadakı müharibəsiz 49
ilin sonunda məlum oldu ki, onlar o qədər də “yaxşı” olmayıblar,
iqtisadiyyatdan özlərini kənarda saxlamayıblar, nəticədə dövlətlərin aparatları
şişib, paralel olaraq, ambisiyaları böyüyüb. Nəticədə 1-ci dünya müharibəsi baş
verdi. Bununla da liberal aristokratiya süqut etdi, liberal demokratiya
yaradıldı. Bu dəfə isə demokratiya o qədər demokratik oldu ki, liberalizmin
özünün axırına çıxdı. Hitler, Mussolini kimi kütlə biliciləri demokratiyadan
sui-istifadə edib dövlətin səlahiyyətlərinin qeyri-məhdud olduğu sistemlər
qurdular.
2-ci dünya müharibəsi bitəndən
sonra isə insanların əlində maraqlı praktiki nəticələr var idi: liberal
aristokratiya yararsızdır, qeyri-məhdud liberal demokratiya yararsızdır, sol isə
SSRİ timsalında fanatizmini yaşayır, ona görə də ən azı SSRİ-nin mövcud olduğu
dünyada Qərb üçün yararsızdır. Onda çıxış yolu olaraq, nəzəri cəhətdən uğurlu,
praktikası isə gördüyümüz kimi o qədər də uğurlu olmayan sistem təklif olundu.
Klassik liberal dövlətlərin dəyər qoruyuculuq funksiyası xeyli hissədə yeni
yaradılan beynəlxalq “dövlət”ə - BMT-ə verildi. Lakin BMT dövlət olmadı, dövlətdən
daha çox Millətlər Liqasına yaxın oldu, ona görə də qorunan dəyərlər zərbə
altına düşdü. Həmin dəyərlər 1948-ci il İnsan Hüquqları Bəyannaməsində, əsasən,
yazılıb. Problem orda sadalanan hüquq və azadlıqların, çərçivələrin
legitimliyində deyil, problem onların qorunmasını kimin kimə qarşı həyata
keçirməsindədir.
Əvvəllər BMT
qlobalizasiya yayırdı. Vahid təşkilatda, vahid məqsədlər ətrafında birləşən
müxtəlif sivilizasiyalar toqquşmadan uzaq görünürdülər. Amma BMT-nin dişsiz
qurum kimi formalaşdırılması, onun sülhməramlılarının gözü qabağında
soyqırımların baş verməsi, BMT üzvlərində dəhşətli dövləti və bəşəri cinayətlərin
baş verməsi bu qurumu sivilizasiyalar toqquşmasının qarşısını almaqdan çox
uzaqlaşdırdı. Millilik, lokallıq meylləri onsuz da güclü idi və BMT-nin
uğursuzluğu bu meyllərə məntiqi legitimlik verdi. Bundan başqa BMT-nin istər-istəməz
yaydığı qlobalizasiya həm də transmilli korporasiyaların işinə yaradı. Məsələn,
donuz ətini qəbul etməyən islam ölkələrinə rahat girən “McDonald’s” dini dəyərlərə
donuz ətindən daha yad olan məhsulları müsəlmanlara yedirtdi. Yaxud milli
geyimlər, adət-ənənələr kütlə ilə, yəni hər bir insanda olan altşüurla işləməyi
gözəl bacaran insanlar tərəfindən yaradılmış transmilli təşkilatlar tərəfindən
ekzotikləşdirildi. Bu, nə qədər təbii proses olsa da, transmilli şirkətlərə
qarşı müqaviməti zəiflətdi. Rahat şortik ərəb əbasından daha təbii görünə bilər.
Amma bu “təbiilik” adını monopoliyaya alan transmilli qərb şirkətləri bu
monopoliyadan sui-istifadə etdilər. İndi “Louis Vuitton”-un maya dəyəri 3-5
sent olan çantaları minlərlə dollara satılır və bu, təbiilik kimi təqdim
olunur, çünki rahat geyimlərimizi, yeməyimizi onlardan alırıq, rahatlıq isə
kütlə üçün hər şeydir. Süni tələbat yaradılır, insanlar “iphone5s” ola-ola
“iphone6” alırlar. Məntiqi izahları yoxdur, sadəcə satılırsa, deməli,
düzgündür, təbiidir.
Bu, yeni subkulturanın (bəlkə
də “sub”-suz) iqtisadi bazisidir: Transmilli korporasiyaların təqdim etdiyi hər
şey və bu “hər şey”i onların təqdim etməsinin təbiiliyi; eyni zamanda milli
dövlətlərin iqtisadiyyata minimum müdaxiləsinin və dəyər qoruyuculuğunu BMT
kimi uğursuz modellərə təhvil verməsinin nəticəsində dövlətin öz ərazisindəki
bu işğala müqavimət göstərə bilməməsi. Bəs bu bazisin yaratdığı üstqurum nədir?
Milli fərqlərdən məhrum, lokal özünəməxsusluqları unutdurulmuş, hamısı
bir-birinə bənzəyən, hamısı tədricən eyni cür düşünən, zövqləri eyni, inkişafa
ehtiyac duymayan, ehtiyac duysa da, eyniyyət üzündən inkişaf edə bilməyən
milyardlarla fərddən ibarət kütlə; bu kütlənin tabe olduğu “Justin Bieber”,
“PSY”, “iphone” əxlaqı – yalnız ehtiyac olmayan məhsulları almağa məcburiyyət
yaradan kütləvi zövqsüzlük.
Çıxış yolu kimi artıq bəzi
dövlətlər dəyərlərin müdafiəsini öz üzərlərinə götürməyə başlayırlar (Nicat da
bunları sadalayıb). Amma bu öhdəlik artımı məsələsi həssas məsələdir. Dəyərləri
qorumaq elə bir çətin işdir ki (əslində bu, mühakimə səlahiyyətidir, qədimdən bəri
tanrıya məxsus olduğu hesab olunacaq qədər ali hesab olunan səlahiyyətdir),
bunun üçün dövlət əxlaqi cəhətdən yetkin bir qurum olmalıdır. “Hansı əxlaq?”
sualına “legitim əxlaq” cavabı hazırdır. Legitimlik isə xalqdan gəlməlidir ki,
nəhəng etirazların qarşısı alınsın. Bu isə demokratiyadır. Deməli, demokratik
idarəçilik şəraitində dövlət dəyərləri qorumalıdır. Bu, klassik liberalizmin
dövləti “yaxşı ağa” hesab edən arqumentidir artıq. Amma ortada demokratiya var
deyə, aristokratik liberalizm tam işə yaramır (baxmayaraq ki, Sinqapur bunu təqdim
etməyə çalışır). Demək, liberal demokratiya ilə klassik liberalizmin hibridi
yaranır. Hazırda öz bazarını qorumağa çalışan hökumətlər bu hibridin
yaradılmasına xidmət edirlər. Nicatın dediyi ABŞ məhkəmələri də, kənd təsərrüfatında
idxal kvotası tətbiq edən AB də, transmilli iqtisadi işğala müqavimət göstərən
demokratik Yeni Sənayeləşmiş Ölkələr də.
AB hazırda buna gözəl
nümunədir. Məsələn, Slovakiya iqtisadiyyatı üçün Slovakiya hökuməti daha çox
şey edir, yoxsa Avropa Birliyi? Məncə, AB. Hökumət AB-nin dəyərlərini, əxlaqı,
yəni üstqurumu qoruyur, bazisi isə Birlik qoruyur. Birliyin idarəsində isə
hökumətlərin təyin etdiyi yox, xalqdan birbaşa seçilən parlamentarilər iştirak
edir. İdeal deyil, əlbəttə, amma çıxış yolu kimi yazdığıma daha yaxındır.
P.S. Yerli iqtisadiyyatı
inkişaf etdirməkdə lokal xüsusiyyətlərdən istifadə ən çox arzulanan nəsnələrdəndir.
Bizim xalq “alverçi xalq”dırsa, bu, bizim üçün cek-pot kimi bir şeydir. Həm
iqtisadiyyat inkişaf edər, həm də milli, lokal xüsusiyyət qorunub saxlanar.
P.P.S. Əslində bizim
xalqın alverçiliyinin dəhşətli nəticələri də var ki, bu, dövlətin dəyər qoruma
funksiyasının zəruriliyini anlamağa kömək edir. Hər şeylə alver etməyə meylli
olan insanlar satılmamalı şeyləri də sata bilərlər (şərəf, ləyaqət, səs və s.),
hazırda kütləvi şəkildə satırlar da. Dövlət burada alverin həddini müəyyən edən
arbitr olur. Alver maddi nəsnələr üzərindən aparılmalıdır, mənəvi yox. Dövlət
iqtisadiyyata qarışmır, sadəcə iqtisadiyyatın ən ümumi sərhəddini çəkir.
https://garayev.wordpress.com/2015/04/28/az%C9%99rbaycanlilarin-alvercilyinin-kapitalizm%C9%99-d%C9%99xlisizliyi-el%C9%99-neoliberalizmin-liberalizm%C9%99-d%C9%99xlisizliyi-q%C9%99d%C9%99rdir/
ReplyDelete