Türkiyədə baş verənlər ürəyimizi
ağrıdır. Amma məsələ bu qədər sentimental deyil. Türk olmasa idik də, bu məsələ
ürəyimizi ağrıtmalı idi, çünki bir azdan buna görə başımız ağrıyacaq. Bəs niyə
Türkiyə?
Türkiyə həm yerləşdiyi
yerə, həm də tarixi inkişafına görə çox unikal ölkədir. İranla Türkiyəni xeyli
cəhətlər birləşdirir. Amma İranın Atatürkü olmayıb. İran Qərb işğalına müqavimətdə
daha uğursuz olub. 1925-də sonuncu Qacar şahı Əhməd şah ölkənin İngiltərə və
Rusiya təsir dairələrinə bölünməsinə razı olmadığına görə devrildi (bu təklifə
cavab olaraq, “ondansa gedib Parisdə ləbləbi (çuğundur) sataram” demişdi). İran
haqqında hələ də deyilir ki, İngiltərə və Rusiya təsir dairələri qüvvədədir.
Ona görə də İrandan heç vaxt ciddi şəkildə NATO-ya girmə, eləcə də demokratikləşmə
tələbləri olmayıb.
Türkiyədə isə Atatürk var
idi. O, ölkənin bölünməsinə razı deyildi, lakin tək narazılıqla qalmadı,
mübarizə apardı, müstəqilliyə nail oldu. Və hər şeyi onun iradəsi, şəxsi
keyfiyyəti həll etdi. Atatürk diktator olsa da, ölkəsinin demokratik Qərb ölkəsi
olmasını arzulayırdı. Ona görə də Qərb dəyərlərini tətbiq etməyə başlamışdı.
Onun dövründə demokratiya olmasa da, elə bir irs qoydu ki, ondan sonra gələnlər
məhz Atatürkün qurduğu sistemi yaşadaraq, demokratik Türkiyə qurdular.
Burada NATO-nun tələbi də
həlledici rol oynadı. 1952-də NATO Türkiyənin NATO-ya üzvlüyü qarşılığında
boğazlara nəzarəti Türkiyəyə qaytarmağı təklif, demokratiyaya keçidi isə tələb
etdi. Nəticədə Menderes seçildi. Lakin... Elə hər şey də bu “lakin”-dən
asılıdır. Türkiyə bu sahədə daha unikaldır. Belə ki, Atatürk sisteminə görə,
Atatürkün dəyərlərini (sekulyarizm, dünyəvilik və s., sonra bura demokratiya da
əlavə olundu) ordu qoruyur. Ordu dünyada adətən demokratiyaya təhlükə, təhdid
kimi çıxış edir. Amma Türkiyənin unikallığı da ondadır ki, ordu demokratiyanı və
Qərb dəyərələrini qorumaq vəzifəsini üzərinə götürüb. Çoxsaylı hərbi çevrilişlər
də bu zərurətdən irəli gəlib, amma həmişə istənilən nəticəni verməyib.
1980 çevrilişi o qədər qəddarlıqla
həyata keçirildi ki, hələ də Türkiyə həmin xofu yaşayır. O vaxt 1 il əvvəl
İranda olmuş islam inqilabı, SSRİ-nin qonşu ölkələrə müdaxiləsi Türkiyəni də təhdid
edirdi. Nəticədə Qərbin dəstəyi ilə bu qəddar darbe baş tutdu. Darbeçilər 80-ci
illərin sonunda Türkiyədə demokratiyanı bərpa etdilər. Amma darbedən ən salamat
çıxan, az-çox ayaqda qala bilən qüvvə dindarlar oldu. Nəticədə demokratiya
verilən kimi dindarlar bundan sui-istifadə etdilər. Turqut Özal da dini kəsimdən
idi. Amma o, hələ jurnal idi. Necmettin Erbakan həmin jurnalın filmini yaratmaq
istədisə də, o vaxt hələ güclü olan ordu sakitcə bunun qarşısını ala bildi.
Artıq dindarlar nəyi necə
etməyi tam planlaşdıra bildilər. Demokratiyanın qüsurlarından istifadə edib
qeyri-demokratik rejim qurmaq təcrübəsi çox məşhurdur – Hitler. Erdoğan da buna
getdi. Kütləyə işləyən populist siyasətlə hakimiyyətə gəlib, səmimi dini
inancdan sui-istifadə edərək və nəhəng korrupsiyadan gələn pullardan
yararlanaraq, hakimiyyətdə qala bildi.
Əlbəttə ki, dünyəvilik,
sekulyarizm, demokratiya tərəfdarı olan atatürkçülərin Türkiyəsini məhv etmək
üçün ilk növbədə üzərinə hücum çəkiləsi 3 şeydən biri ordu, digəri parlament
sistemi, o biri isə Qərb dəyərləridir. Ordu qurama cinayət işləri və çoxsaylı həbslərlə
əvvəlki rolunu itirməyə, zəifləməyə məcbur edildi. Parlament sistemi artıq növbət
hədəfdir. Bütün bunlar üçün Erdoğanın demokratiyaya ehtiyacı var. Prezident
üsul-idarəsi yaradılandan sonra isə demokratiya da tədricən dəf ediləcək.
Comments
Post a Comment