Türkiyə niyə xilasdır? və ya Erdoğan niyə avtoritar sayılmalıdır? (II HİSSƏ)

Türkiyə yeganə ölkədir ki, aborigenlər işğalçıların məcburetməsi olmadan demokratiya qura biliblər. Bunun üçün cümhuriyyəti quran Atatürk olub, demokratiyanı tələb edən NATO olub – hər nə olubsa, axır ki, demokratiya qurulub. Türkiyədə demokratik seçki, Şərqə nisbətdə xeyli azad mətbuat və müstəqil məhkəmələr var.

Bu 3 şey elə bir nemətdir ki, bununla Erdoğan kimi diktatura meylli, iddiası özündən böyük və on milyonlarla seçici dəstəyi olan bir adamın qabağını almaq olar.

Şərq despotlarının Erdoğan qədər nüfuzu yoxdur. Onlar demokratik səsverməni dərhal uduzarlar. Elə ona görə də demokratik səsverməyə getmirlər. Erdoğan demokrat deyil, sadəcə Türkiyə 7 iyunda Erdoğan üzərində qələbə çala bilmişdi. Min təəssüf ki, bu qələbənin ardı gəlmədi. Çünki demokratlar onların düşmənləri qədər rəzil deyillər. Bəs niyə buna təəssüflənirəm?


Avropa dəyərləri adlandırılan bir dəyər sistemi var ki, hazırkı dünyada bu sistemin xilas yolu olmasını şübhə altına almaq ziyalı, oxumuş adam üçün gülüncdür. Bir çox ideologiya insanı insan hesab etdiyini iddia edə bilər, amma bu ideologiyaların qurduğu cəmiyyətlərdə insan oyuncaq sayılır. Hələ ki, nə qədər qüsurlu olsa da, Qərbin liberal cəmiyyəti ən yaxşısıdır. Demokratiya isə Avropa dəyərlərinin yaranma, yaşama, realizə vasitələrindən ən əsasıdır.

Demokratiyaya alternativ sistemlər həmişə məğlub olublar, ona görə də belə alternativlər axtaran və ya yaratmağa çalışanlar məğlubiyyətə məhkumdurlar. Onlar istədiklərini uzunmüddətli planda yarada bilməsələr də, demokratiyanın yayılma sürətini azalda, öz xalqlarını illərlə, əsrlərlə geri ata, cəmiyyətdə silinməsi mümkün olmayan fərqliliklər yarada və bununla da həlli müşkül görünən problemlərə yol aça bilirlər.

Avropa daim demokratiya və öz dəyərlərini bərqərar etmək uğrunda mübarizədədir. Öz daxilində bu mübarizəni aparmaqla yanaşı, xüsusən, II Dünya müharibəsindən sonra bu dəyərləri yaymaqla da məşğuldur. Bu işdə Avropa tək deyil və Şimali Atlantika vahid özək kimi çıxış edir. Avropa dəyərlərinin yayılma sürəti bəzən sıçrayışla artır, bəzən azalır, bəzən isə dəyərlərin yayılma arealı müvəqqəti olaraq, daha da daralır. Məsələn, II Dünya müharibəsindən sonra Şərqi Avropa və dünyanın bir hissəsi SSRİ-ə güzəşt edildi, nəticədə Avropa dəyərlərinin yayılma sahəsi azaldı.

Lakin 1989-da başlanan inqilablar, SSRİ-nin çökməsi bu dəyərlərin yayılmasında sıçrayış effekti verdi. Buna baxmayaraq, bu, heç də onu ifadə etmir ki, Avropa dəyərləri demokratik seçkisi, azad məhkəməsi, mətbuatı olan ölkələrin hamısında tam bərqərar olub. Şərqi Avropanın artıq demokratik hesab etdiyimiz ölkələrində xeyli problemlər var. Çexiyada Amnesty International təşkilatı böyük silah şirkətlərinin çirkin alverinin üstünü açan məlumatları mütəmadi yayır. Çexiya dünyanın ən dinc ölkələri içərisində 8-ci olsa da, İŞİD-ə satılan güllələrin hər yeddisindən biri Çexiya istehsalıdır. Çünki dövlət silah mafiyasının öhdəsindən gələ bilmir. Yaxud Macarıstanda Orbanın avtoritar hədələri qəribə mənzərə yaradıb – Avropanın göbəyində avtoritar iddialar səslənir. Rumıniya və Bolqarıstanın Avropa olmasına hələ var. İtaliya, İspaniya, Portuqaliyada korrupsiya yüksək səviyyədədir.

Bəs elə isə, Avropanın sərhədləri hardan keçir? Yaponiyada qalib gəlmiş Avropa dəyərləri Macarıstanda niyə geriləyir? Son zamanlar bu dəyərlərin Şərqə doğru yürüşü hara qədər gedib çata bilib?

Məsələ burasındadır ki, Avropa dəyərləri din deyil ki, bərqərar olandan sonra inkişafdan qalsın. Avropanın qalibiyyətinin sirri də bundadır – heç vaxt dayanmır, qüsursuz olduğunu iddia etmir, daim inkişafdadır. Əsas məsələ təməl institutlaşmanın həyata keçirilməsidir. Çexiyada, Macarıstanda, İtaliyada və digər problemli Avropa ölkələrində bu institutlaşma əsasən həyata keçirilib. Ona görə də Avropanın sərhədlərinin onlardan daha şərqdə və ya daha cənubda olmasını deyə bilərik.

Hazırda bu sərhədlər inqilablar yolu ilə genişlənir. 2003-05 post-sovet ölkələri inqilabları nəticəsində Gürcüstan və Ukraynada bu institutlaşmanın yaranması istiqamətində böyük addımlar atıldı. Amma daha şərqdə Rusiya var. Avropa dəyərlərinin ən böyük 3 düşmənindən biri. İnstitutlaşmanın zəif inkişafı Ukraynanı Avropa üçün yenidən itirilmə təhlükəsi qarşısında qoyacaqdı. Amma 2013-14-də baş vermiş yeni inqilab çətinliklə də olsa, bu təhlükəni sovuşdurdu. İndi rahat demək olar ki, Avropanın sərhəddi Rusiya tərəfindən işğal olunmuş Ukrayna və Moldova torpaqları ilə Ukraynanın, Moldovanın digər əraziləri arasından keçir. Eləcə də Şərqdə anklav kimi Gücüstan var.

Lakin Rusiyanın reaksiyası özünə layiq olmalı idi – nəhəng və naqolay. Suriya, Türkiyə, İran Avropa dəyərləri üçün təhlükəyə çevrildilər. İranın ABŞ-la anlaşıb Qərb sərmayəsinə açılmasının qarşısı müvəqqəti də olsa, son anda Xamneyi tərəfindən alındı. Suriya sırf demokratik olmasın deyə, məhv edildi. Türkiyədə isə vəziyyət daha fərqli yolla oxşar nəticəli hal alır. Qeyd etdiyim kimi, Türkiyə digər Şərq ölkələrindən fərqli olaraq, əsasən yerli qüvvələr hesabına demokratikləşə bimişdi. Amma Kiplinq demiş, “Şərq Şərqdir”. Türkiyədə hazırda yarım əsrdən uzun müddətdir, fasilələrlə fəaliyyət göstərmiş institutlar dinin, Şərq geriliyinin qarşısında acizdir.

Avropanın daim davam edən böhranı son zamanlar bir qədər dərinləşib. Bundan sui-istifadə edən anti-demokratik, xüsusən dini qüvvələr Türkiyəni Avropanın sərhədləri daxilindən çıxartmaq üçün aktiv fəaliyyətə başlayıblar. Məsələ çox mürəkkəb olsa da, anlaşılmaz deyil. Avropanın mövcud böhranından istifadə edib Türkiyəni Şərqin bataqlığına çəkmək hədəflənib.

Hazırda Şərqin xilası Türkiyədən asılıdır. Şərqin taleyi Türkiyədə həll olunur. Türkiyə Avropa dəyərlərinin qalib gəldiyi ölkə olsa, sübut olunacaq ki, müsəlman ölkələri də demokratik ola bilirmiş. Müsəlmanlar da institutlaşmış şəkildə dünyəvi, açıq cəmiyyət qura bilirlərmiş. Çünki İslam şərqinin yeganə demokratiyası Türkiyədir (dini meritokratiyanın idarə etdiyi İran sistemi ilə demokrtiyanı dəyişik salmayaq gərək). Bizim üçün Ukrayna və Türkiyə çox önəmlidir. Ukraynanın, Gürcüstanın demokratikləşdirilməsi, orda Avropa dəyərlərinin qalibiyyəti “Rusiyasız mümkün deyil” fikrinin yanlışlığını sübut edən, Rusiyanın icazəsi olmadan, hətta Rusiyaya qarşı döyüşərək inkişaf edə bilməyin nümunəsini yaradacaq. Türkiyədə demokratiyanın, Avropa dəyərlərinin qalib gəlməsi isə müsəlmanların, türklərin, eləcə də digər oxşar kimlik daşıyıcılarının inanc sistemindən, milli mənşələrindən asılı olmayaraq, inkişaf edə biləcəyini göstərəcək.


Türkiyədə Avropa dəyərlərinin qalib gəlməsi islamın zorakılıq, geriçilik dini olmaya biləcəyini göstərər. Əksinə Türkiyə Avropanı rədd edib Səudiyyəyə çevrilsə, o zaman islamla inkişafın, humanizmin bir araya sığmadığını sübut edəcək. Buna görə də müsəlmanların AKP-ə rəğbəti rasional deyil, amma kütlədə rasio işləmədiyindən məntiqlidir.

Comments