Və bir sual da var ki,
axı Türkiyə demokratik səsvermə keçirir?! Əgər bu səsvermənin nəticəsində AKP
seçilirsə, seçicilərin əksəriyyəti şəriət dövləti və ya diktatura istəyirsə,
artıq edilə biləcək bir iş qalmır axı?!
Bu, aldadıcı, populist
mövqedir. Əvvəla, bilmək lazımdır ki, insanlar üçün ən azı bu zaman dilimində
ali dəyər nədir və bu dəyərə çatmaq üçün vasitə nədir. Yəni bunları
qarışdırmamaq lazımdır. Ali dəyər humanizm, insan rifahının təmini, ədalət ola
bilər. Demokratiya isə ona çatmaq yolunda bir vasitədir. Səsvermə isə
demokratiyaya çatmaq yolunda bir vasitədir. Yəni yuxarıdakı aldadıcı mövqeni səsləndirənlər
və ya bölüşənlər ali dəyərin vasitəsinin vasitəsini ali dəyərin özü kimi
sırımaq istəyirlər. Səsvermə təkbaşına bir dəyər deyil, dəyərin tərkib hissəsidir.
Ona görə də səsvermənin nəticəsi dəyərə təhlükə yaradanda həmin dəyərin tərkibinə
daxil olan başqa komponentlər tərəfindən mühakimə olunub zərərsizləşdirilməlidir.
Başqa sözlə, demokratik yolla demokratiyanı devirmək olmaz. Demokratiya bu ali
dəyərlərə çatmaq üçün əsas vasitədir. Hazırda Vatikan, Myanma (bu da son günlər
dəyişdi), Səudiyyə Ərəbistanı və Bruneydən başqa Yer kürəsindəki bütün dövlətlər
özlərini demokratik adlandırırlar.
Demokratiyanın vasitə
olması terminoloji olaraq da ifadə edilib və artıq Avropa üçün keçilmiş bir mərhələdir.
I Dünya müharibəsində aristokratik liberalizm sistemi süqut etdi. Ona görə də
Versalda demokratik liberalizm yaradıldı. Demokratik liberalizmin də əsas tərkib
hissələrindən biri liberal millətə tam suverenlik verməkdən ibarət idi. Xalq
suverenliyinin qeyri-məhdudluğu prinsipi əsas tutulurdu. Nəticədə Hitler “vasitənin
vasitəsi”ni – səsverməni dəyər kimi sırıyaraq, seçkidə qalib gəldi və xalq
suverenliyinin qeyri-məhdud olduğunu əsas gətirərək, Almaniyada istədiyini
qurmağa girişdi. Siyasi maraqlar bir yana, hüquqi cəhətdən də digər dövlətlər
ona müdaxilə edə bilmədilər, çünki xalq suverendir, nə istəsə edər, kimi, hansı
quruluşu istəsə, seçər.
Hitlerin elədiyi qələtlərin
miqyası elə böyük oldu ki, demokratik liberalizm də süqut etdi və BMT-nin
yaradılması ilə hibrid mexanizmə keçidə cəhd göstərildi. İnsan Hüquqları Bəyannaməsi,
İnsan Hüquqları haqqında Paktlar və digər çoxsaylı sənədlər qəbul edildi. Dövlətlərin
bu sənədlərdə qeyd edilən dəyərlərdən kənara çıxmaması tövsiyə olundu və ya öhdəlik
kimi qoyuldu. Bu sistem istənildiyi kimi uğurlu olmadı, dövlətlərin hamısı dəyərlərə
riayət etmir, amma bu, dəyərlərin insaniliyinə, məntiqinə şübhə salmır. Bir
qrup insan səs verib bir manyakı başçı seçib ağzına gələni edə bilməz. Səsvermə
hər şeyə bəraət qazandırmır, yaxud səsvermə legitimliyin yeganə vasitəsi deyil.
Dünyadakı demokratik və azad
seçki olan ölkələrin statistikasına baxanda bilinir ki, seçə bilmək hələ
demokratik olmaq, azad ölkə olmaq demək deyil. Freedom House hesab edir ki,
dünyada 89 azad ölkə, 117 azad seçki olan ölkə var. Bu iki xəritədən (mənbə en.wikipedia)
görə bilərik ki, azad seçkisi olan ölkədə demokratiyanın səviyyəsi çox aşağı
ola bilər.
Əslində vətəndaş cəmiyyəti
də buna görə yaradılıb. Fikir verin, vətəndaş cəmiyyəti daha çox demokratiya
olan ölkələrdə güclüdür. Niyə? Çünki demokratik hökuməti məhdudlaşdıran vasitə
kimi nəzərdə tutulub. Yəni kütlə kütlüyünə salıb axmağın birinə səs versə, o
axmağı məhdudlaşdırmağa bir institut, qüvvə lazımdır. Bu da vətəndaş cəmiyyətidir.
Yaxud fikir verin, səsvermənin nəticəsinə istinad edən, onu əlində bayraq tutan
avtoritar liderlər vətəndaş cəmiyyətini həmişə məhv etməyə çalışıblar. Çünki vətəndaş
cəmiyyəti toplumun zərdabıdır, öz səs verdiyi adamın və ya adamların zəhərinə
qarşı toplumu qoruya bilir. Başqa sözlə desəm, səsvermənin demokratiyanı
pozması ehtimalı o qədər böyükdür ki, nəhəng bir institut – vətəndaş cəmiyyəti
bu ehtimalın qarşısında durmaqla məşğuldur.
Erdoğan səs yığa bilər,
amma demokratik ola bilməz. O, hətta 100% səs yığsa da, bu, Türkiyədə
demokratiyanın qələbəsi demək olmayacaq. Çünki demokratiya yalnız səsvermə demək
deyil. Demokratiyanı NATO-nun təkidi ilə mərkəzdən də qurmaq olar. Eyni zamanda
avtoritarizmi də səsvermə ilə qurmaq olar. Hər ikisi dəfələrlə sübut olunub. İnsan
hüquq və azadlıqlarının aliliyinə hörmətsizlik edən, xüsusən də, bu hörmətsizlik
üçün utanmadan bir hüquqdan – səs hüququndan yapışan adam diktatordur və ya
diktator olmaq istəyir. Yəni AKP seçkidə qalib gəlsə də, Erdoğan avtoritardır.
İnsanlar niyyətlərinə görə qiymətləndirilirlər, təbii, əgər niyyəti müəyyən etmək
mümkünsə. Erdoğan isə niyyətini çoxdan faş edib.
Comments
Post a Comment