Yenə
“vətəndaşlığın itirilməsi” adı altında vətəndaşlıqdan məhrumetmə barədə müddəalar
qanunvericiliyə hüquqazidd olaraq, əlavə edilir. Bir müddət əvvəl də belə bir
şey olmuşdu. Belə ki, 30 may 2014-cü il tarixli ““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, vətəndaşlığın
itirilmə əsasları olaraq, aşağıdakılar göstərilib:
1) Azərbaycan Respublikası vətəndaşının digər
dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici
dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya
digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin
təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını
əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Bu
hallardan birinci (Azərbaycan ikili vətəndaşlığı tanımadığından, bu norma təbiidir)
və dördüncü (qəsdən saxtalaşdırma) hallar normaldır. İkinci hissədə nəzərdə
tutulmuş “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya
bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı
birləşmələrində könüllü xidmət etməsi” halı mübahisəyə açıq olsa da, bunu da hüquqa
uyğun saymaq olar. Lakin üçüncü hissədəki “Azərbaycan Respublikası vətəndaşının
dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı” müddəası
dəqiqləşdirilməmiş, sui-istifadəyə açıq normadır. Burada “dövlət
təhlükəsizliyi”, “zərər”, “ciddi zərər” ifadələri açıq qalır. Qanuna 30 sentyabr 2015-ci il tarixdə edilmiş
dəyişiklikdən belə anlaşılır ki, bu, məhkəmənin ixtiyarına verilib. Presedent
hüququnun tanınmadığı ölkədə belə müddəa absurda yol açır. Belə ki, bütün
məhkəmələr formal olaraq, müstəqil sayılır. Bir məhkəmə hansısa hərəkəti
“dövlət təhlükəsizliyinə ciddi ziyan” kimi qəbul edib şəxsi vətəndaşlıqdan məhrum
edə, digər məhkəmə isə eyni hərəkəti belə bir ziyan saymadan şəxsi
vətəndaşlıqda saxlaya bilər. Vətəndaşlıq kimi dövlətin əsasını təşkil edən anlayışın
bu qədər elastik həllə tabe edilməsi qanunvericinin niyyətini büruzə verir –
sui-istifadəyə şərait yaratmaq.
İndi isə bura yeni hallar əlavə etmək
istəyirlər: Layihəyə əsasən Azərbaycan
Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr
(3-1, 3-2) edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror
fəaliyyətində iştirakı və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun
zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1) və Azərbaycan
Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı
altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin
yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə
iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə
silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Hər iki hal qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının cinayət
qanunvericiliyi bu Məcəllədən ibarətdir. Yəni Cinayət Məcəlləsindən başqa heç
bir akt hansısa əməli cinayət hesab edə və (ya) cəzalandıra bilməz. Lakin bu
son dəyişiklik təklifində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməllərinə
(214, 279, 281-ci maddələr) faktiki yeni cəza əlavə edilir və bu, Cinayət Məcəlləsindən kənarda edilir.
Bununla da Cinayət Məcəlləsinin 1.1-ci maddəsi pozulur.
Buna baxmayaraq, dəyişikliklər edilərkən, Cinayət Məcəlləsinə
də paralel olaraq, əlavələr edilə bilər. Yenə də qanun pozuntusu aradan qalxmayacaq.
Çünki vətəndaşlıqdan məcburi məhrumetmənin cəza kimi tətbiq edilməsi
Konstitusiyanı pozur. Azərbaycan Respublikası Konstitusiyasının
53-cü maddəsinin I hissəsi: "Azərbaycan Respublikasının vətəndaşı heç bir
halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz." Söz
oyunu edib demək olar ki, “vətəndaşlığın itirilməsi” və “vətəndaşlıqdan məhrumetmə”
fərqli anlayışlardır. Lakin “Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında” Qanunun 18-ci maddəsi məhz vətəndaşlıqdan məhrumetməni nəzərdə tutur.
Çünki 30 sentyabr 2015-ci il tarixli ““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi məhkəmə
tərəfindən həll edilir. Yəni burada söhbət avtomatik olaraq, vətəndaşlığın
itirilməsindən yox, dövlət orqanının qərarına əsasən, mübahisələndirilmiş məsələnin
həlli qaydasında rəsmi olaraq, insanın hüquqi vəziyyətinin könüllü olmayan əsaslarla
dəyişdirilməsindən gedir.
Ümumiyyətlə hüquq ədəbiyyatında da vətəndaşlığın itirilməsinin əsasları
2 yerə bölünür:
-
Könüllü
qaydada vətəndaşlığın itirilməsi;
-
Könüllü
olmayan qaydada vətəndaşlığın itirilməsi.
Könüllü
olmayan qaydada vətəndaşlığın itirilməsi adətən avtomatik baş verir və burada
mübahisələndirməyə ehtiyac yoxdur. Bu hallara xaricdə daimi yaşamaq,
naturalizasiya (vətəndaşlıq əldə etmənin bir növü) prosesində qəsdən törədilmiş
yanlışlıq (saxta nikah, sənədləri saxtalaşdırma və s.), xarici dövlətin hökumətində
və ya hərbi qüvvələrində xidmət, uşağın əcnəbi tərəfindən övladlığa götürülməsi
və ya uşağın valideynlərinin vətəndaşlığının digər səbəblərlə dəyişilməsi,
valideynlərin vətəndaşlığının itirilməsi və s. daxildir. Bu hallarda insan
artıq vətəndaşlığını itirmiş sayılır. Çünki bu halların əksəriyyəti vətəndaşlığı
əldə etmə əsasının mövcud olmamasının üzə çıxarılmasından ibarətdir. Bizim
qanunvericiliyə edilmiş əlavələrdən üçüncüsündə və edilməsi nəzərdə tutulan əlavələrdəki
əsaslar isə vətəndaşlıqdan məhrum etməni cəza kimi, məcburi qaydada həyata
keçirilməsini nəzərdə tutur. Bu isə Konstitusiyanın 53-cü maddəsinin I hissəsinə
ziddir. Konstitusiyanın 148-ci maddəsinə əsasən isə, qanunlar Konstitusiyaya
zidd olmamalıdır. Zidd olduğu halda Konstitusiya tətbiq olunur.
Comments
Post a Comment