... Biz əkiz doğulduq. Hərəmiz bir cinsdən. Atam xəstəxananın
otağına girdi, məni qaldırıb öpdü, qoydu yerimə, amma o birini başı üstünə
qaldırdı, vüqarla baxdı, bir az qucağında saxladı – həkim əlindən alıb atamı
otaqdan çıxarana qədər. Otaqdan çıxanda da onun arxasıyca baxırdı.
... Evə qonaqlar gəlmişdi bizi görməyə. Məni qucağına alan az
idi, mən öz paltarımda yerimdə uzanmışdım. Amma onu lüt şəkildə yuxarı
qaldırır, hamı zarafatlaşırdı. Mən altımı batıranda əynimi hamının gözündən
uzaq yerdə dəyişirdilər, amma o, qonaqların yanında lüt gülürdü.
... İkimizə də çoxlu oyuncaqlar alırdılar. Mənə tozsoran,
qab-qacaq dəsti, ev təmizləmək üçün əşyaların modelləri. Ona isə mənim
arzularımı – maşınlar, tapançalar...
... Bir dəfə divardan aşanda anam bizi gördü. Məni vurdu,
dedi, divara dırmaşmaq sənə olmaz. O isə yenə divara dırmaşırdı. Biz hələ cinsi
fərqlərin nə olduğunu bilməyəcək qədər balaca idik. Amma dost dairəmiz cinsimizə
görə müəyyən olunurdu.
... Mən öz dostlarımla evcik-evcik oynayırdım, adətən evi
yığışdırmaq, təmizləmək, qulluq eləmək kimi vəzifələri imitasiya edirdik. O isə
öz dostları ilə vuruşurdu, idman oyunları oynayırdı. Biz uşağa yaraşan
atdanıb-düşmə oyunu oynayanda da yerdə qəfəslər çəkib, yalnız onların içində
atdanıb-düşürdük. Hara tullandığımızı və hara düşəcəyimizi hər kəs görməli idi
– boz asfaltda ağ təbaşir xətləri kimi.
... Biz fiziki aktivlik göstərən oyunlardan uzaq idik. Bizə
olmazdı. Bunu hərəmizə bir vaxt başa salmışdılar – mənə divara dırmaşandan
sonra döyülərkən. Ona görə də onlar bizim yanımızda lovğa-lovğa gəzirdilər, bizə
yuxarıdan aşağı baxırdılar.
... Məktəbdə onlar çox dalaşırdılar, biz isə daha çox sakitcə
otururduq. Onlar evə qayıdanda yolda çantalarını bir qırağa qoyub oynaya
bilirdilər, biz isə başı aşağı evə qayıtmalı idik.
... Məktəbin son siniflərində onlar bizim hüquqlarımızı bizdən
razılıq almadan müafiə edirdilər. Bizə görə dava edirdilər bir-birləri ilə. Bir
dəfə əkiz tayım başqasının mənə baxmasından xoşu gəlmədiyinə görə dava elədi,
döyüldü. Evə gələndə məni danladılar. Başa düşmədim niyə. Amma nadir hallardan
biri olsa da, cəsarət edə bildim. Soruşdum. Dedilər, “inək göz eləməsə, öküz
hoppanmaz.” Çox sonralar başa düşdüm bunun mənasını. Başa düşəndə fikirləşdim,
kaş o vaxt başa düşüb deyə idim ki, “axı o, öküzdür”.
... 10-cu sinifdə mən də əkiz tayım kimi universitetə
hazırlaşmaq istədim. Ailəm o qədər də imkanlı deyildi. İkimizi də müəllim
yanına qoya bilmirdi. Müzakirəsiz qərar qəbul etdilər, sanki alternativ yoxmuş
kimi – mən özüm tibb texnikumuna hazırlaşıram, əkiz tayım isə universitetə
hazırlaşmaq üçün müəllim yanına gedir. Razılaşmadım, mübahisə elədim. Uşaq kimi
yox, yetkin kimi ilk qarşı çıxmam idi ailəmə. Ağladım – acizliyimdən, ədalətsizliyə
dözə bilməməyimdən. Axırda dedilər, sən də universitetə hazırlaş, alınsa, səni
də göndərərik müəllim yanına. Handan-hana kiridim.
... Hekayəmin bu yerində görürəm ki, cinsiyyət fərqi olan
sözlərdən istiafadə etməkdən qaçmağa dəyməz. Artıq hamınıza aydındır ki, mən əkizlərin
qız tayıyam, o biri də mənim qardaşım.
... Müəllimlərdən ikisinin mənə rəhmi gəldi, qardaşımla birgə
onların yanına pulsuz gedirdim. Valideynlərim məcbur olub, mənim digər iki müəllimimin
də pulunu verdilər. Amma məni universitetdə oxutmağa güclərinin çatmayacağını
deyirdilər. Ona görə hər getdiyimiz toya, qonaqlığa məni aparırdılar. Səbəbini
bir az sonra tutdum. Ərə vermək istəyirdilər.
... Bir dəfə dedilər ki, artıq müəllim yanına getməyə bilərəm.
Tezliklə mənə elçi gələcəklər. Yaxşı yerdən imişlər. Elə bil, başıma qaynar su
töküldü. Mən belə şeyləri Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ında
oxumuşdum. Bu dəfə ağlamadım. Dedim, istəsəniz, pulumu kəsin, istəsəniz, qovun
məni, amma mən 17 yaşında ərə getməyəcəm. Oxuyacam. Atam ciddi dayanmışdı. Amma
kövrəlmişdi. Əslində o, mənə həmişə yazıq kimi baxıb, yenə yazığı gəlirdi, amma
adət-ənənənin əleyhinə getməyi heç ağlına da gətirmirdi. O, mənim barəmdə 2 yol
arasında qalmamışdı. Yalnız bir yolunun olduğuna üzülürdü sadəcə.
... Anam isə daha qəddar idi. İndi fikirləşəndə bu qəddarlığın
səbəbini tapa bilirəm. Anam özünün yaşamadığı xoşbəxtliyi mənim yaşamağımı istəmirdi.
Qohum-qonşuda əksər qızlar ən azı mənim vəziyyətimdə idilər. Əksəriyyəti 17-18
yaşında ərə getdi. Elçi gəlməyənlərin bir hissəsi oxuya bilmişdi, onlar da
diplomlarını alıb evdə elçi gözləyirdilər. 30 yaşlarında 50-60 yaşlı arvadı
ölmüş bir kişiyə gedirdilər.
... Mən atamın susqunluğuna, anamın qəddarlığına baxmayaraq, oxudum. Bütün elçiləri söydüm. Ailəmi biabır etdim. Amma oxudum. Universitetə də girdim. Universiteti bitirdim. İndi işləyirəm, xaricdə master təhsilinə hazırlaşıram. İstəmirlər, gedim. Çünki mənə etibar etmirlər. Hesab edirlər ki, hər an fahişə ola bilərəm. “Qadınsansa, potensial fahişəsən” – budur düşüncə. Amma mən onların “biabırçılıq” hesab etdikləri sərhəddi çoxdan keçmişəm.
... Yadıma düşəndə ki, mən tanıdığım onlarla qızın içindən
“sağ” çıxa bilmiş nadir nümunələrdənəm, hiss edirəm, həyatım daha qiymətlidir.
Elə sözlərim də, məsləhətlərim də. Mən heç vaxt qızıma qarşı anamın mənə
davrandığı kimi davranmaram. Mənim fikirlərim zəhmətim bahasına formalaşıb,
onları axmaq-axmaq əmrlər vermək üçün istifadə edə bilmərəm. Mən mübarizəmə xəyanət
edə bilmərəm.
... Amma milyonlarla qız böyüyür indi. Hamısı üçün
azadlıqların sərhəddi çəkilib. Hələ lap uşaqlıqdan – beşikdən, qucaqdan,
bağçadan, məktəbdən... Siz neçə qız uşağı görmüsünüz ki, oynayanda ayağı
qırılsın? Görə bilərsiniz, amma nadir. Oğlan uşaqları isə bəs deyincə. Ona görə
yox ki, qızlar doğuşdan belədirlər. Yox, qızlar da tullanmaq, dırmaşmaq, yüksəlmək,
yüksəlmək, yüksəlmək istəyirlər.
... Lakin onlar üçün hədlər var – boz asfaltda ağ təbaşir
kimi aydın...
P.S. Mənim hekayəm üç nöqtə ilə başlayıb, üç nöqtə ilə bitir,
çünki nə birincidir, nə sonuncu. Min illərdir, doğulandan ölənə kimi fasiləsiz davam
edən bu əsarət insanın genlərinə təsir edir, bəlkə də. Biz bu əsarətin izlərini
daşıyırıq – hətta bərabərlik veriləndə də qadın professorlar, siyasətçilər,
dahilər çox az olur. Kişilər də bunun izlərini daşıyır. Mən qoyunu öldürməsin
deyə, vegeterian olacaq dərəcədə ürəyiyuxa kişilər tanıyıram ki, sevgilisini bu
ömürlük köləlikdən çıxmağa qoymur. Min illərdir, kişilər qəddarlıq, qadınlar köləlik
edir. Min illərin yükünü isə atmağa, bəlkə də, on min illər lazımdır. Amma biz
ruhumuzdakı mübarizliyi heç vaxt itirmədik. Yeganə ümidimiz o ruhdur. Bütün bəşəriyyətin
taleyi o ruhdan asılıdır...
Comments
Post a Comment