Neyroestetika

Neyroestetika haqqında wikipedia-da yazılıb ki, neyroelm sahəsində tədqiqatlar bu suala cavab axtarırlar ki, niyə insan beyni Da Vinçinin "Mona Liza"sı kimi əsərləri cəzbedici hesab edir. Neyroestetika haqqında ilk dəfə İELTS-ə hazırlaşarkən, "Reading" materiallarından birində qarşıma mətn çıxdı. Elə onu da tərcümə edib yaymağı qərara aldım. Bu barədə xeyli mübahisələr olub - anlaşılmaz rəsm əsərləri sırf dəbdir deyə, baha satılır, yoxsa, doğrudan da, onların hansısa incəsənət əhəmiyyəti var. Tərcümə etdiyim bu mətndə bu suala cavab verməyə çalışan bəzi tərübələr haqqında və ümumi olaraq, neyroestetika haqqında oxuya bilərsiniz.

Neyroestetika adlı yeni meydana çıxmış elm sahəsi incəsənətin öyrənilməsinə elmi obyektivlik gətirməyə çalışır və artıq bizim bir çox şedevrləri daha yaxşı anlamağımıza nail olub. Məsələn, impressionist rəssamlığın anlaşılmaz (dumanlı) siması beynin amiqdala adlı hissəsini qıcıqlandırır. Amiqdala bizim hisslərimizdə əsas rollardan birini oynadığına görə, bu kəşf çox insanın bu əsərləri təsirli hesab etməsinin səbəbini izah edə bilər.

Eyni yanaşma Mondrianın həndəsi rəng bloklarından Pollokun kətan üzərində rənglər qarışığının təsadüfi görünən düzülüşünə qədər 20-ci əsrin abstrakt sənət əsərlərinə də işıq sala bilərmi? Skeptiklər inanırlar ki, insanlar belə əsərləri məhz məşhur olduqlarına görə bəyəndiklərini iddia edirlər. Biz, əlbəttə, anlaşılmazlığı təqib etməyə meyiliyik. Məsələn, döndərilmiş şəklin formasını müəyyən etmək kimi, sadə hissiyata əsaslanan qərarlar vermək xahiş olunanda insanlar başqalarının eyni səhvi etdiyini görürlərsə, mütləq səhv cavabı seçirlər. Təsəvvür etmək çətin deyil ki, hətta heç bir doğru və yanlış cavabın olmadığı incəsənətə qiymət vermə kimi qeyri-müəyyən bir konsept üzərində bu təfəkkürün daha çox təsiri olmalıdır.


Massaçusetsdəki Boston Kollecindən Ancelina Hali-Dolen (Angelina Hawley-Dolan) bu məsələ çərçivəsində könüllülərdən xahiş edib ki, cüt-cüt rəsm əsərlərinə baxsınlar – məşhur abstrakt rəssamların əsərlərinə və körpələrin, şimpanzelərin və fillərin cızma-qaralarına. Sonra onlar seçdiklərini mühakimə etməli idilər. Üçüncü qism rəsm əsərləri isə əksəriyyəti yanlış adlandırılaraq, imzasız təqdim edilmişdi – könüllülər tanınmış bir əsərə baxarkən, şimpanzenin fırça ilə çəkilmiş səliqəsiz xətlərinə baxdıqlarını düşünə bilərdilər. Təcrübənin hər mərhələsində könüllülər hətta onların heyvan və ya uşaq tərəfindən çəkildiyinə inansalar da, əsasən tanınmış rəssamların işlərini üstün tutublar. Belə görünür ki, rəsm əsərinə baxan hətta səbəbini izah edə bilməsə də, rəssamın rəssamlıqdakı baxışını hiss edə bilir.
Mondrianın əsərlərindən biri

Kardif Universitetindən olan rəssam Robert Pepperell tamamilə abstrakt, eləcə də təmiz təsviri olmayan ikibaşlı əsərlər yaradır. Bir məşğələdə Pepperell və onun əməkdaşları könüllülərdən xahiş etdilər ki, bir incəsənət əsərini nə qədər “güclü” hesab etdiklərini və bu əsərdə tanış bir şey görüb-görmədiklərini təsvir etsinlər. Bu suallara onlar nə qədər uzun müddətə cavab verirdilərsə, daha çox nevroloji aktivliklə əsəri ətraflı tədqiq edərək, bir o qədər yüksək qiymətləndirirdilər. Görünür ki, beyin bu şəkilləri müxtəlif hissələrdən ibarət tapmaca (“puzzle”) kimi görür və mənanı açmaq nə qədər çətin olursa, anlama anı bir o qədər qiymətli olur.

Bəs əsərləri yalnız rəng blokları ilə örtülmüş üfüqi və şaquli xətlərdən ibarət olan Mondrian kimi rəssamlar haqqında nə demək olar? Mondrianın əsərləri aldadıcı sadəliyə malikdir, amma göz izləmə tədqiqatları təsdiq edir ki, onlar yüksək diqqətlə çəkilmişdir və əsərin cüzi döndərilməsi bizim onu görmə şəklimizi kəskin şəkildə dəyişir. Orijinal əsərlərdə könüllülərin baxışları əsərin bir hissəsində uzun müddət qalır, amma əsərin dəyişdirilmiş formasında baxışlar eyni hissədən çox tez yayınır. Nəticə olaraq, daha sonra könüllülər işləri qiymətləndirərkən, dəyişdirilmiş formaları daha az xoşagələn hesab etmişdilər.

Oxşar tədqiqatda Toronto Universitetindən Oşin Vartanyan (Oshin Vartanian) könüllülərdən orijinal rəsmlərlə, müxtəlif hissələri çərçivə boyunca hərəkət etdirərək dəyişdirdiyi formaları müqayisə etməyi xahiş etmişdir. O müəyyən etmişdir ki, əsərin Van Qoqun natürmortu, yaxud Mironun abstrakt rəsmi olmasından asılı olmayaraq, demək olar ki, hər kəs orijinal əsərləri üstün tutmuşdur. Vartanyan həmçinin müəyyən etmişdir ki, orijinal rəsm əsərlərinin dəyişdirilməsi anlama və şərh etmə ilə əlaqəli beyin hissələrində aktivliyi azaldır.
Pollock-un əsərlərindən biri

Digər eksperimentdə Liverpul Universitetindən Aleks Forsayt (Alex Forsythe) müxtəlif incəsənət əsərlərində vizual dolaşıqlığı analiz etmişdir. Onun nəticələri göstərmişdir ki, bir çox rəssamlar beynin məmnuniyyəti üçün detallara varmanın həlledici bir səviyyəsindən istifadə edir. Forsayta görə, həddən az detallara varmaq əsəri darıxdırıcı edir, həddən çox varmaq isə “hissiyatın həddən artıq yüklənməsi” kimi nəticəyə səbəb olur. Bundan başqa, həm abstrakt, həm də təsviri üsula müraciət fraktalların (müxtəlif miqyaslarda yenilənən motivlərin təkrarlanması) əlamətlərini göstərir. Fraktallar təbiətdə geniş yayılıb, məsələn, dağların zirvələrinin və ya ağacların budaqlarının formalarında. Ola bilər ki, geniş ətraf mühitdə təkamüldən keçmiş vizual sistemimiz bu kimi nümunələri emal etməyi daha asan hesab edir.

Bu da maraqlıdır ki, biz əllə yazılmış bir məktub görəndə beyin yazıçının yaradıcılıq anını canlandırdığımız şəklində proseslərdən keçir. Təəccüblüdür ki, Pollokun işlərinə baxarkən, beyin rəssamın rəsmi çəkərkən keçirdiyi energetik aktivliyi nümayiş etdirir. Bu, beynin başqalarnın hərəkətlərini təqlid edən “güzgü neyronları” sayəsində ola bilər. Buna baxmayaraq, bu hipotezin bütövlükdə yoxlanılmasına ehtiyac var. Biz neyroestetik tədqiqatlardan hətta bəzi incəsənət əsərlərinin uzunömürlülüyünü başa düşmək üçün istifadə edə bilərik. Əvvəlki nəsillərin trendlərinin unudulması fonunda bizim vizual sistemimizə ən yaxşı uyğun gələn işlərin zamanı daha ləng dəyişir, baxmayaraq ki, hazırda nəyin məşhur olduğunu dövrün dəbi müəyyən edir.


Hazırda neyroestetika sahəsinin yaşı azdır və bu günkü tədqiqatlar baş verəcəklərin, böyük ehtimalla, yalnız xəbərçisidir. Buna baxmayaraq, incəsənətə qiymət vermənin hansısa elmi qanunlar toplusu səviyyəsinə endirilməsi axmaqlıq olardı. Biz hansısa rəssama qiymət verərəkən, onun stilinin, tarixdəki yerinin və dövrünün incəsənət mühitinin əhəmiyyətini azaltmamalıyıq. Abstrakt incəsənət müxtəlif şərhlərlə oynamaq azadlığını və eyni zamanda bundan şübhələnməyi təklif edir. Bəzən bizim harada daimi olaraq sistemlər axtarmağımız və mənalar açmağımız elm üçün elə də əhəmiyyət kəsb eləmir, ona görə də biz dünyanı yeni bir üsulla görə və qiymətləndirə bilərik.

Comments