Tale Bağırzadə müdafiə olunmalıdırmı?

Hər dəfə Tale Bağırzadə və eyni cinayət işi üzrə digər təqsirləndirilənlərin məhkəmə prosesindən şok xəbər gələndə sosial şəbəkələrdə müzakirələr qızışır. Bir qrup adam dini etiqadına görə həbs edilmiş siyasi məhbusları müdafiə edir, digər qrup isə onları müdafiə etməyin sekulyarizmimiz üçün təhlükəli olacağını deyir. Düzdür, başqa 2 qrup da fərqləndirmək olar – Talegili İran agenti adlandıranlar və şiəliyin, şəriətin Azərbaycan üçün daha yaxşı idarəçilik forması olmasını iddia edənlər. Amma bu ifrat tərəflərlə mübahisə edən azdır deyə, mən bir az yumşaq olanları izləyirəm.

Nardaran işi üzrə həbsdə olanları müdafiə etməyin təhlükəli olacağını bildirənlər bir neçə əsas arqument irəli sürürlər: 
     
     1)    Onlar şəriət istəyirlər. Bu isə bizim müdafiə etdiyimiz dəyərlərə ziddir.             
     2)    İran təcrübəsi.
     3)    Onlar hakimiyyətə gəlsələr, sekulyarlıq məhv olacaq.

Mən bu arqumentlərin tərəfdarlarını müdafiə etmədiyimdən öz mövqeyimi bunların tənqidi üzərində izah edəcəyəm.

Şəriət özlüyündə bizim müdafiə etdiyimiz dəyərlərə ziddir. Hüquqi, sekulyar,demokratik dövlətdə faşizm, şəriət qadağandır və ya qadağan olunmalıdır. Amma şəriətlə yaşamaq istəyən insanın bunu dilə gətirməsinə, təbliğ etməsinə görə həbs edilməsi, işgəncə görməsi, ömürlük və ya başqa müddətə azadlıqdan məhrum edilməsi də dəyərlərimizə ziddir. Bəşəri dəyərlər kimi tanınan modernist Qərb dəyərlərinin qalib olmasının səbəbi nədir? Başqa sözlə, niyə məhz bu dəyərlər bəşəri adını qazandı və əksər insanlar ona doğru can atır? Əsas səbəblərdən biri toleransdır. Yad fikrə dözümlü olmağın sayəsində dialoq, birgə fəaliyyət və nəticədə doğruların, yaxud mövcud situasiyaya daha müvafiqinin tapılması mümkün olmuşdur. Nəticədə Şərq indi bataqlıqdan çıxma yollarını tapa bilməyəndə Qərb öz inkişafında çox-çox uzaqlara gedib çıxmışdır.


Əlbəttə, şəriət müdafiəçisi ilə oturub müzakirə edib humanizmlə şəriət arasında kompromis əldə etməyə çalışmaq lazım deyil. Şəriət özündə faşist yanaşma ehtiva etdiyindən birmənalı olaraq rədd edilməlidir. Amma insanın fikirləşməsi, bunu ifadə etməsi hüquq pozuntusu deyil. ABŞ Ali Məhkəməsinin məşhur hakimi Oliver Vendel Holmes-ın məşhur ifadəsi var: “Ağzına qədər dolu teatr salonunda “yanğın” deyib qışqırmaq”. Holmes deyirdi ki, yalnız bu kimi hallarda ifadə azadlığı məhdudlaşdırıla bilər. Yəni narahatedici ifadə dərhal hərəkətə zəmin yaratmırsa, ümumiyyətlə, dərhal hərəkət yarada bilmirsə, o, qadağan olunmamalıdır.

Tale Bağırzadəni müdafiə etməmək onun cəzalandırılmasına razı olmaq deməkdir – yalnız ifadə azadlığına görə. Belə çıxır ki, buna razı olan insanlara görə, Azərbacan şəriətə o qədər təşnədir ki, şiə din xadiminin “Hüquqlarımız pozulur”, “Hüseyn yolunu tutmalıyıq” və s. tipli çağırışları ağzına qədər adamla dolu teatr salonunda “yanğın” qışqırmaq effekti verir. Həqiqətən belədirmi? Azərbaycanı tanıyan kim inanar buna?

Bu zaman ikinci arqumentə keçirik. Buna inanan adamlar var və iddia edirlər ki, İran nümunəsi çox yaxın keçmişdir, daha doğrusu heç keçmiş də deyil, indidir. İranda şiəliyin xristian kilsəsi kimi institutlaşması, Qumun “İslamın Roması”ndan (Səudiyyədən) ayrılmaq üçün “İslamın Konstantinopolu (Moskvası)” olması, İran ayətullahlarının hörmətinin, hierarxiyasının və s.-nin bizim mollarla müqayisəyəgəlməz bir fenomen olması məsələləri uzun söhbətdir. Bu möhkəm arqumentlər bir qırağa qalsın. Siz həqiqətən də düşünürsünüz ki, İranda şəriətin qalib gəlməsində təqsirkar, şahın əzdiyi dini xadimləri müdafiə edən insan hüquqları müdafiəçiləridir? Dəyərlərini bölüşmədiyimiz insanların hüquqlarını müdafiə etdiyimiz zaman 2 cür ziyan ortaya çıxır:
-        Konkret ziyan – Azərbaycanda Nardaran işi məhkumlarını müdafiə edən insanlar – ictimai sektorun bir hissəsi o qədər nüfuzlu, xalq kütlələrini idarə etmək imkanında olan insanlar deyillər ki, onların Tale Bağırzadə haqqında humanizmdən kənara çıxmayan facebook statusları nə isə dalğa yaratsın, yaxud xalqı şəriətə yönəltsin, yəni konkret, praqmatik ölçülə bilən ziyan vursun.
-        Mənəvi ziyan – bu, daha çox fərdi məsələdir. İnsanlar öz vicdanları qarşısında cavab verirlər. Kimsə yuxarıda qeyd etdiyim bəşəri dəyərlərdən kənara çıxmadan şəriət tərəfdarlarını müdafiə edirsə, inanmıram, o insan vicdan əzabı çəksin və çəkməyə layiq olsun. Hətta nə vaxtsa, Azərbaycanda şəriət rejimi qurulsa da, indi Tale Bağırzadəni müdafiə edən bu humanistlərin təqsirini axtarmaq gülünc olacaq.

Həndəsədə “əksini fərz etməklə isbat” deyə bir üsul var. Fərz edək ki, hamımız bir nəfər kimi Nardaran işi üzrə tutulanları danlayırıq və müdafiəsindən imtina edirik, onlarla məhkum olunduqları maddələrə layiq insanlar arasında fərq qoymuruq. Hesab edirsiniz ki, 300-400 nəfərin belə etməsi ilə nə vaxtsa Azərbaycanda şəriət qurulmasının qarşısını alacaqsınız, yoxsa azadlıqda qalan nardaranlıları sekulyar edəcəksiniz, yoxsa şəriət və liberal rejimlərin onlara isti-soyuğunun olmadığını düşünən mütləq çoxluğa başa sala biləcəksiniz ki, şəriət pis şeydir?

Hazırda Azərbaycanda hakimiyyətə sekulyar alternativlər boğulub, dini alternativlərə süni olaraq nisbi yaşam fəzası verilir, cəzalandıranda isə dindarları daha ağır cəzalandırmaqla onlardan qəhrəman düzəldilir. Bütün bunlarla Qərb ölkələrinə, beynəlxalq təşkilatlara göstərilir ki, “Azərbaycanda yeganə sekulyar rejim variantı indiki diktaturadır. Demokratiya verilsə, bu xalq dindarları seçəcək.” Bu siyasətin davamlı olması nə vaxtsa buralarda islam inqilabının baş verməsinə də aparıb çıxara bilər (halbuki mən inanmıram). Amma Nardaran məhbuslarını müdafiə eləməyin bu məsələlərə dəxli yoxdur.

Əksinə, onları müdafiəsiz buraxmaqla, hakimiyyətin iddialarının “doğruluğuna” dəstək vermiş olarıq. Yəni “Bu ölkədə, doğrudan da, dini təhlükə var, hətta o qədər ki, təqsirsiz dindarların mühakimə olunmasına da razıyıq.” Amma bunun belə olmadığını rejimin propaqanda təsirində olmayan istənilən şəxs anlayır.

Və 3-cü arqument – “onlar hakimiyyətə gəlsə, sekulyarlıq məhv olacaq.” Bəli, elədir. Əllərində olsa, buranı İrandan da viran edərlər (təbii ki, bu, bizim üçün virandır, onlar üçün ən ideal rejim olacaq). Amma qeyd etdiyim kimi, onların hakimiyyətə gəlmə şansları azdır, hələ ki, elə bir iddiaları da yoxdur. Üstəlik, indi onları müdafiə etmək hakimiyyətə gəlmələrinə dəstək olmaq deyil. Çünki Nardaran məhbuslarını müdafiə edənlər (yuxarıda qeyd etdiyim şəriət tərəfdarı olan ifrat mövqeli qrupu istisna edirəm) heç də şəriəti müdafiə etmirlər. Onlar öz ölkələrində baş verən hüquq pozuntusuna etiraz edirlər, sabah hər kəsin başına gələ biləcək (başına gəlməkdə olan) özbaşınalığa, zorakılığa qarşı çıxırlar və bununla bəşəri dəyərlərə sadiqliklərini nümayiş etdirirlər.


Və ən sadəsi – mən heç kimin işgəncə görmədiyi, hüquqazidd olaraq məhkum olunmadığı cəmiyyətdə yaşamaq istəyirəm. Belə halların əleyhinə çıxmasam, o zaman dəyərlərimə xəyanət etmiş olaram, sekulyarizm üçün uydurulmuş təhlükədən cəmiyyəti donkixotcasına qoruduğumu nümayiş etdirməkdən vaz keçəndə yox.

Comments