12 bal

O gün Freedom House yenə azadlıq indeksi açıqlayıb. Azərbaycan Avropanın ən qeyri-azad ölkəsi olub. 100 baldan 12 bal yığıb. Çoxdan izləyirəm bu indeksi. Vaxt var idi, 12 ballı ölkələrə baxanda düşünürdüm ki, görəsən, orada insanlar necə yaşayır. Belarusu fikirləşirdim həmişə. Deyirdim, bizdən də bərbad gündədirlər.

İndi özümüz 12 ballı ölkəyik. Ən pis vəziyyətdə olan ölkələrin (Şimali Koreya, Eritreya) 3 balı var, qonşu Türkmənistanın da 4 balı. O qədər də uzaq deyilik. OK, Şimali Koreya istisnadır, amma Eritreya ilə ciddi fərqimiz yoxdur. Elə Türkmənistanla da, Özbəkistanla da.

Vaxtilə mənə təsəvvürü belə dəhşətli gələn bir şeyin içindəyəm. Yaşayıram da. Mən ən azından hüquqşünas olduğuma görə hansı hüquqlarımızın pozulduğunu bilirəm. Hüquqşünas olmayanlar da bilir, amma hüquqşünaslar bunu rentgendə görürlər, pozuntuların bütün içalatı gözümüzün qabağındadır yəni. Bundan başqa aktivistəm, canım sənə desin, bloqqerəm.

Bunlardan da başqa, vəziyyətin son illər pisləşməsi şəxsən mənə çox təsir edib, 2 dəfə həbs edilmişəm, dəfələrlə işdən qovulmuşam. Yəni mən 12 bala düşməməyimiz üçün əziyyət də çəkmişəm, amma yenə də 12 balda yaşayıram. Noldu, bəs mənə dözülməz, dəhşətli görünürdü?

Bəs orta-statistik insanlar? Əslində mənə maraqlı olan məhz onlardır deyə, bu yazı ağlıma gəldi. Hesab edirəm ki, devalvasiya xaricində onlar üçün ciddi dəyişən bir şey yoxdur. QHT-lərin maliyyə mənbəyinin kəsilməsi yəqin ki, freedom index-də xeyli bal itirməyimizə səbəb olub. Bəs QHT-lərin bağlanmasını orta-statistik azərbaycanlı hiss etdimi? Heç xəbərləri də olmadı, deyə düşünürəm.

161 siyasi məhbus var. Camaat bilirmi bunu? Yaxud belə sual qoyaq - bu, onların həyatında nəyisə dəyişirmi? Sabah siyasi məhbuslar azad olunsa, nəsə dəyişəcəkmi onların həyatında? (əslində dəyişəcək, bu haqda bir az sonra)

Məsələ burasındadır ki, orta-statistik dediyimiz bu primatlar üçün fərqi yoxdur, SSRİ-də yaşayır, 100 ballı ölkədə yaşayır, yoxsa 3 ballı ölkədə. Əslində fərqi var, sadəcə keçid tədricən baş verəndə o qədər də veclərinə almırlar. Ən pisi odur ki, ictimai sektorun marginallığından çıxanda görürəm ki, elə özüm də o primatlardan biriyəm. Facebook-da-zadda yazmaqla deyil ki, yaşayırıq da 12 balın altında.

Bayaq mötərizədə yazdığıma qayıdım - siyasi məhbusların hamısının azad olunmağı o demək olardı ki, ölkədə ciddi dəyişiklik var, Bu dəyişiklik isə hər sahəyə təsir edəcək. İqtisadiyyata qədər. Hörmətli primatların da vəziyyəti düzələcək. Əsas məsələ onlara başa salmaqdır ki, bu 12 balı qaldırsaq, sizin də vəziyyətiniz düzələcək. İqtisadiyyat da, rahat yaşayış da, balalarınızın çörəyi də hamısı o 12 balın qalxmasından asıldır.

O bal isə QHT-lər normal fəaliyyət göstərəndə, siyasi məhbuslar azad olanda, məhkəmələr müstəqil olanda... qalxır. Bəli, bu əlaqəni başa salmaq çətindir, elə ona görə də bacarmırıq. Çünki biz bu kontaktı qura bilmirik - "Siyasi məhbusların azadlığı" və "balalarımın çörəyi" arasında kontaktı.


Comments