“Varolmanın dözülməz yüngüllüyü”ndən seçmələr




Milan Kunderanın “Varolmanın dözülməz yüngüllüyü” əsəri düşünə bilən insanlarda daxili inqilab edə biləcək əsərdir. Seçdiyim cümlələri verirəm. Amma 2 şeyi nəzərə alın, lütfən: birincisi, əsəri Türkiyə türkcəsində oxumuşam, tərcümə və mənim tərcümədən tərcüməm problemləri ola bilər; ikincisi, aşağıdakı sözlərin bəzilərini Kundera obrazların dili ilə verib, ona görə də onun özünü bu cümlələrlə təqsirləndirmək lazım deyil.
• Yalnız bir həyat yaşadığımızdan bu həyatı əvvəlkilərlə müqayisə edə və ya qüsurlarımızı gələcək həyatlarımızda düzəldə bilmərik; buna görə də nə istədiyimizi bilə bilmərik.

• Bir qadınla sevişmək və bir qadınla yatmaq 2 ayrı vurğunluqdur, sadəcə fərqli yox, həm də bir-birinə zidd vurğunluqlardır. Sevgi özünü cütləşmə arzusunda (sonsuz sayda qadını əhatə edə bilən bir vurğunluq) göstərməz, yuxunu paylaşmaq arzusunda göstərər (tək bir qadınla məhdudlaşan arzu).

• Yaşadığı yeri tərk etmək istəyən adam bədbəxt adamdır.

• Lazımlılıq, ağırlıq və dəyər bir-birindən ayrılmaz 3 anlayışdır; yalnız lazımlılıq ağırdır və yalnız ağır olan şey dəyərlidir.

• Heç aşiq insana mədəsinin qurultusunu eşitdirdiniz? Ruhla bədənin birliyi – elmin o lirik yanlışlığı dərhal silinər.

• Normal olan hər şey gözəldir.

• Əcnəbi ölkədə olmaq – insanın ailəsinin, dostlarının, məsləkdaşlarının yaşadığı, deyəcəklərini orda uşaqlığından bəri danışdığı bir dildə asanlıqla söyləyə biləcəyi ölkənin mühiti olmadan, yerdən çox yüksəkdə bir şnurun üzərində gəzmək deməkdir.

• Güclülər gücsüzləri incidə bilməyəcək qədər gücsüz olanda, gücsüzlər çıxıb gedəcək qədər güclü olmaq məcburiyyətindədirlər.

• Bir müharibə əsiri kimi təslim olan adam eyni zamanda silahlarını da təslim etmək məcburiyyətindədir.

• Hər qadın qadın olaraq dəyərləndirilməyə layiq deyil.

• Gözləri qapalı adam adam xarabalığıdır.

• Doğrudan da, gündüz oxunması üçün yazılmış və bir də yalnız gecələr oxuna biləcək kitablar var.

• Bankirləri dilənçilərlə bağlayan bir şey var – gözəlliyə nifrət!

• Ancaq zorakılıqla edilən işlər var həyatda. Cismani sevgi zorakılıq olmadan təsəvvür edilə bilməz.

• Sevgi insanın gücündən vaz keçməsi deməkdir.

• Gördüyümüz işlərə başqasının gözü toxunduğu an istər-istəməz o gözə xoş görünməyə çalışırıq və bu zaman etdiyimiz heçbir şey səmimi olmaz. Bizi seyr edənlərin olması, bizi seyr edənləri heç cürə unuda bilməməyimiz yalanlar içində yaşamaq deməkdir.

• Gizliliyini itirən hər şeyini itirmişdir. Hələ bundan öz iradəsi ilə vaz keçən adam vəhşidir.

• İnsan valideynlərinə, həyat yoldaşına, ölkəsinə, sevgisinə xəyanət edə bilər, amma valideyn, həyat yoldaşı, ölkə və sevgi əldən çıxanda xəyanət etməyə nə qalır?

• Atdığımız hər addıma məna verən şey o addım haqqında heç nə bilməməmiz həqiqətidir.

• Yalnız ən uşaqcasına suallar ciddi suallardır. Cavabları olmayan suallardır bunlar. Cavabı olmayan sual keçilə bilməyən bi əngəldir. Başqa sözlə, insani mümkünlüklərin sərhədlərini müəyyən edən, insan mövcudiyyətinin sərhədlərini çəkən, cavabı olmayan suallardır.

• Sevgilər də imperiyalar kimidir; üzərində dayandıqları düşüncələr parçalandığında, onlar da silinib gedər.

• Terrorla idarə olunan toplumda heç bir ifadə ciddi hesab oluna bilməz. Hamısı nəzarətdə, məcburidir və bunları görməməzliyə vurmaq hər bir səmimi insanın vəzifəsidir.

• Hər bir fransız fərqlidir. Amma Yer üzündəki bütün aktyorlar bir-birlərinə bənzəyirlər – istər Parisdə, istər Praqada, istərsə də uzaq bir əyalət teatrında.

• Cinayət Tanrının sonda öz əli ilə edəcəyi şeyi sadəcə bir az sürətləndirir. Tanrı cinayəti nəzərə almışdır deyə fikirləşə bilərik, amma cərrahlığı nəzərə almamışdır. Özünün yaratdığı, insan gözünün görə bilməyəcəyi şəkildə sarıb-sarmalayıb dəridən qabığa yerləşdirdiyi mexanizmə kiminsə əlini soxacağını düşünməmişdir.

• Bir adamda təsəvvür oluna bilməyən nə varsa, bu, “Mən”də özünəməxsus və bənzərsiz olan bir şeyin içində gizlənir.

• Hitlerlə Einstein və ya Brejnevlə Soljenitsın arasındakı oxşarlıqlar fərqliliklərdən daha çoxdur. Rəqəmlə ifadə etsək, fərqliliklər milyonda birdir.

• Kommunistlər Stalin tərəfindən aldadıldıqları bəhanəsinə sığınırlar, qatillər anaları tərəfindən sevilmədikləri bəhanəsinə.

• Optimist 5 nömrəli planetdə insanlıq tarixinin daha az qanlı olacağını düşünən, pessimist isə tərsini düşünən adamdır.

• Cinsi həyəcan Yaradanın öz əyləncəsi üçün istifadə etdiyi bir mexanizmdirsə, sevgi yalnız bizə aid olan və Yaradandan qaçmağımızı mümkün edən bir şeydir. Sevgi bizim azadlığımızdır.

• Sevgini seksə ilişdirmək Yaradanın ağlna gəlmiş və gələ biləcək ən qəribə fikirlərdən biridir.

• Ölkələrinin sərhədlərini şərqə doğru genişləndirmək üçün həyatlarını gözə alan almanlar, ölkələrinin gücünü qərbə doğru yaymaq üçün ölən ruslar – bəli, onlar axmaq bir şey uğrunda öldülər və ölümlərinin nə bir mənası, nə də bir əsas faydalılığı var.

• Pox pislikdən daha çətin, daha çox məşğul edən teoloji problemdir. Tanrı insana azadlıq verdiyinə görə, lazım gələrsə, insanın etdiyi günahların məsuliyyətini Onun daşımadığını qəbul edə bilərik. Lakin poxun məsuliyyəti tamamilə Onundur – insanın Yaradıcısınındır.

• Pox olmadan (sözün həm birbaşa, həm də məcazi mənasında) bildiyimiz anlamda ürəyi döyündürən, duyğuları kor edən cinsi sevgi ola bilməzdi.

• Ya pox qəbul edilə bilən bir şeydir (bu zaman hamamın qapısını bağlamamalıyıq), ya da biz qəbul edilə bilməz bir şəkildə yaradılmışıq.

• Nə etdiklərini bilməyən insanları cəzalandırmaq barbarlıqdır.

• Cənnət həsrəti insanın insan olmamağa duyduğu həsrətdir.

• Xoşbəxtlik yenilənmə həsrətidir.

• Hamımız gücü təqsirkarla, zəifliyi məsum qurbanla kompensasiya etməyə meylliyik.

• Hüzün son dayanacaqdayıq deməkdir, xoşbəxtlik birlikdəyik deməkdir. Hüzün formadır, xoşbəxtlik mahiyyət. Xoşbəxtlik hüznün qəlibini doldurur.

Comments