Cabbar Savalan vəlvələsi

“Davam edir 37” deməkdən dilimiz qabar oldu. Nə 37 bitdi, nə açıq-açığına tarana gedənlər. Eminlə Adnana qədər inanırdıq ki, daha üzdə olanları, daha böyük təhlükə törədənləri, barəsində “onu bir gün tutub basacaqlar” deyənləri aradan götürürlər.

Amma Emin və Adnan misalında gördük ki, artıq vəziyyət dəyişib. İndi insanları qorxutmaq üçün, hamının, hər kəsin tutulma ehtimalı var görüntüsünü yaratmaq üçün repressiya edirlər.
İndi hakimiyyətdən qorxmayan çox azdır, daha doğrusu, qorxsa da, mübarizəsini dayandırmayanlar. O qədər azdır ki, qalan qorxaqlar, bir tikə çörəyə görə ən yaxşı halda susmağa üstünlük verənlər, yəni əksəriyyət bu mübarizlərə başıxarab, kamikadze kimi baxırlar.

Mübarizlər bu qədər az olsa da, hakimiyyət bütün resursları ilə onlarla döyüşməyə girişib. Eminlə Adnan təcrübəsindən aydın oldu ki, artıq 37 yeni plan üzrə gedir. Deməli, bu mübarizləri bir-neçə qrupa bölüblər: liderlər (Əli Kərimli, İsa Qəmbər və s.); lider olmasa da, ən təhlükəlilərdən olanlar (məsələn, Eynulla Fətullayev); tanınmış aktiv gənclər; çox da tanınmamış aktiv gənclər və s.. Məqsəd hər qrupu ayrı-ayrı qorxuzmaqdır. Belə ki, əvvəllər, məsələn, çox da tanınmayan, lakin kifayət qədər aktivlik edən gənclər üçün kimsə həbs təhlükəsi görmürdü. Çünki hakimiyyətin bununla öz “nüfuzunu” sarsıtmayacağını düşünürdülər.
Lakin bu yeni plana görə hər bir qrup qorxudulmalı, bunun üçün hər qrupa ayrıca hücum olunmalı, o cümlədən həbslər də hər qrup üçün xüsusi olmalıdır.
Və... Cabbar Savalanı böldükləri belə qruplardan birindən qurban kimi seçdilər. İndi hücumun məqsədi Cabbar qədər mübariz olanların, onun qədər iş görənlərin, onun qədər potensialı olanların qorxudulmasıdır.
Mesaj aydındır: “bizim üçün uşaq-böyük, tələbə-filan, lider-mider fərq eləmir. Biz hamıdan güclüyük, hamınızı tuta bilərik. İnqilab görməyəcəksiniz”.
Artıq “hakimiyyət nüfuzunu qorumaq üçün Qərb qarşısında güzəştə gedir” deyənlər də səhv etdiklərini anlayırlar yəqin. Hər dəfə Qərb nümayəndələri ilə görüşəndən sonra repressiyalar daha da şiddətlənir.
Artıq bizim üçün nə Qərb, nə Şərq adlı kömək var. Bizim üçün Biz varıq. Biz təkik, amma varıq. Cüzi miqdarda var olan insanlar bu hakimiyyəti belə vəlvələyə salmağa yetir.
İndi siz Cabbarlar artdıqca bunlarda olacaq vəlvələni düşünün.

Comments