“Demokrat” səsverənlər



O gün facebook səhfələrindən birində keçirilən müsabiqəyə baxıram. Uşaq şəkillərini qoyublar, “bəyənmə”-lərlə səs verirlər. Hər kəs tanış-tunuşu çağırır ki, gəl mənim uşağıma (ya da qardaşı uşağı-filan) səs ver, qalib olum. Bütün səsvermələrimiz kimi bu səsverməmiz də tipik “de gəlsin”, “toylar kralı”, “yeni ulduz”, “yumor kuboku”, “muğam” səsvermələri stilindədir.
Hər kəs öz yerlisinə, qohumuna, tanışına ... səs verir. Düşünən yoxdur ki, müsabiqənin adı nədir, biz əslində nəyi seçirik, hansı keyfiyyət, qabiliyyət səsin verilməsində əsas rol oynayır.

Yazının başlanğıcında barəsində danışdığım müsabiqədə əvvəlcə ən çox səs alan uşaq 25-30 səs alırdı. Birdən bir az tanınmış adam öz uşağının şəklini qoydu ora. Hal-hazırda həmin ibn-tanınmış 150 səsə, ikinci yerin sahibi isə ən yaxşı halda 30 səsə malikdir. Həm də bu 150 nəfərin içində demokratiyadan, azad seçkidən, ay nə bilim mətbuat azadlığından danışan, “diktaturaya yox”, “sərf edəndə hə” deyənlər bəs deyincədir.
Elə bu səbəbdəndir ki, bizim kimi super səviyyəli ölkələrdə “eurovision”-a maraq çoxdur. Çünki orda da adətən musiqiyə, müğənniyə yox, bayrağa səs verilir. Mini geyinənlərə “fahişə” deyənlər güllü tumuşları görsənən, striptiz göstərən müğənnilərə səs verməyi vətəndaşlıq borcu, şərəf işi, namus tələbi hesab edirlər.
Problemim hansısa müsabiqəni udmaq filan deyil, kimləsə və ya hansısa uşaqla da qərəzim yoxdur. Amma səs verəndə tanışlıq, yerliçilik, qohumluq kimi meyarları əsas tutanlar heç olmasa, bir az səmimi olsunlar və “filan həcidən səs gözləyirəm, filan rəisdən səs gözləyirəm, filan rayon xalqından səs gözləyirəm, xəlqimə salamlarımı çatdırıram...” deyənləri lağa qoymasınlar, səmimi etiraf etsinlər ki, biz də elə onlardan biriyik, sadəcə zövq istiqamətlərimiz fərqlidir. Zövlər də çətin ki, müzakirə oluna.

Comments