İnanc səmimiliyi və ya səmimi məcburiyyət



Seymur Baycanın məhərrəmlik haqqında yazısı (xatirələri) insanların SSRİ dövründə qadağalara baxmayaraq aşura qeyd etməsindən bəhs edir. Bunlar səmimi, mollasız, qorxusuz-filansız inana bilən insanlardır.
Bu səmimi inanc insanların ehtiyacıdır. Bəzən bu ehtiyac o qədər güclü olur ki, hətta inandıqlarını da eqosu, ehtiyacı uğruna tapdalayıb keçir.

Uşaq vaxtı qaldığım evin yaxınlığında bir qəbirstanlıq vardı. Ətrafına alçaq divar çəkilmişdi. O vaxtlar o qəbirstanlıda nəzir qutusu yox idi. Ona görə də nəzir vermək istəyən adam pulu həmin alçaq divarın üzərinə qoyub gedirdi ki, kim görsə pulu götürsün. Külək aparmamaq üçün də pulun üzərinə daş qoyurdular. Məntiq bundan ibarət idi ki, pulu görən adam özünü həmin pula ehtiyacı olacaq qədər və pulu götürməsi ilə nəzir verənə savab qazandıracaq qədər kasıb hesab etsə, pulu götürəcək, əks təqdirdə pul başqasına qismət olacaq.
90-ci illərdə hələ də əksəriyyəti kasıb olan bir ölkədə ağır vəziyyətdə idik. İnsanlar hamısı bir-birinə atırdılar. Amma o qəbirstanlıqda nəzir vermək şousunda insanların inandıqları Allaha da atma cəhdinin şahidi oldum. Deməli, bir ailənin üzvləri belə şou düzəldirdilər: ata pulu qəbirstanlıq divarının üstünə qoyur və ondan təxminən 150-200 metr arxada gələn oğul pulu götürür. Və ya əksinə oğul pulu qoyanda ata arxadan gəlib pulu götürür. Bu, kimin Allaha nəzir vədi verməsindən asılıdır.
Bunun mentalitet düşkünlüyü, ya da ziyarətə inamın Allaha inamdan daha güclü olması olduğunu bilmirəm. Amma belə düşünürəm ki, Allaha yalvarmaqdan bir şey çıxmadığını görən insanlar ziyarət variantını sınamaq qərarına gəliblər. Yəni diləyinin yerinə yetəcəyi təqdirdə nəzir verəcəklərini vəd ediblər. Dilək yerinə yetib, lakin ola bilər ki, tam yetməyib, yəni kasıbçılıq davam edir. Yəni Allah sanki onları aldadıb – diləyi yerinə etirib, lakin kasıbçılıq davam etdiyinə görə deməli, həm də yerinə yetirməyib. Onlar da belə varianta əl atırlar ki, həm nəziri verirlər, həm də yox.

Comments