Misir parkında



Fevralın 6-sı Xırdalanda, Hüsnü Mübarəkin heykəli olan Misir parkının qabağında aksiya oldu. Gənclər sözsüz, lakin səsli (fitlə), bir göz qırpımında aksiya keçirdilər. Əvvəl aksiyaöncəsini təsvir edim, sonra nəticələri qeyd edərəm.
Bu park Heydər Əliyev kimi diktatora dözməyimizin ağrılı nəticələrindəndir. Çünki dünyanın ən qəddar diktatorlarından olduğunu artıq sübut etmiş Mübarəkin heykəlinin burda ucaldılmasının bədəli Misirdə də Heydər Əliyevin heykəlinin ucaldılması olub. Bizdə hətta hansısa bəstəkarın, rəssamın abidəsinin qoyulmasının da bədəli həmin sənətkarın vətənində baba diktatora heykəl, büst qoyulmasıdır. Sanki xarici dövlət üçün Heydər Əliyevin abidəsi rüşvətdir. Bu abidəni öz ölkəsində qoyub öz ölkəsinin mədəniyyətini və ya diktatorunu burada təbliğ edir.
Aksiyadan 3-4 saat əvvəl Abşeron rayonunun polis heyətinin azı yarısı parkın qabağında idi. Nəsə, saatı səhv demişdilər. Aksiya vaxtı orda cəmi 2 mülki geyimli polis vardı. Onlar da ayılana kimi aksiya oldu. Maraqlı orasıdır ki, bu aksiya vaxtı iqtidar necə hərəkət edəcəyini müəyyən edə bilməzdi. Paradoksal vəziyyət idi. Buna görə də aksiyaçıları buraxdı “dubinkalar”ın ixtiyarına. Belə ki, aksiya Misir mitinqçilərinə dəstək üçün idi və Mübarəkin əleyhinə yönəlmişdi. Hakimiyyət isə bir qayda olaraq Əliyev əleyhinə olan hər şeyi dağıtmağa cəhd göstərir.
Aksiya dağıdıldıqda belə çıxır ki, Mübarəkin əleyhinə olmaq elə Əliyevin əleyhinə olmaq imiş.
Digər tərəfdən indi Misirdə hakimiyyətdə kim olacaq bilinmir. Yəni bu gün həmin aksiyanı dağıtmaqla bizim iqtidar göstərir ki, Misir mitinqçilərini də mən belə dağıdaram. Lakin Mübarəkin uzaqbaşı sentyabrdan sonra hakimiyyətdə olmayacağı aydındır. Bəs sabah indiki mitinqçilər Misir iqtidarı olsa və iqtidarımız həmin parkın qabağında “İrəli”çilərin-zadın antimübarək aksiyasını təşkil etməli olsa, necə?
Hər nə isə. Bu suallara özləri cavab verərlər. Aksiyadan sonra qaçışanda bir polis ratsiyaya deyirdi ki, “...nəbilim, bir-iki paçan-maçandı, yığışmışdılar.” Mən bu mülki geyimli polisin özünü demirəm hələ. Sabah (bu sabaha çox az qalıb) Misir hadisələri kimi hadisələr Azərbaycanda olanda onların biət etdikləri paçana dönüb edam olunmamaq, əcəlləri ilə vətəndə ölmək üçün yalvaracaqlar.

                                          Aksiyadan 3 saat əvvəl idi
                                          Diktatorun heykəlinin qonşusu da diktatorxanadır.
                                  Aksiya evdə davam edirdi :)

Comments