Müsəlmana tolerans



Elə müsəlmanlar tanıyıram ki, məhz onlara görə islamı aşağılamaq olmaz. Düzdür, belələri azdır, amma hər halda var. Söhbət islam qaydalarına az-çox riayət edən müsəlmanlardan gedir. Yoxsa Allahdan və puldan başqa heç nəyə inanmayan əksəriyyət təşkil edən “müsəlman”lardan yox.
Bu yaxında hörmət edilməli olan müsəlmanlardan biri ilə də reallıqda görüşə bildim. Əvvəllər facebook-da danışmışdıq. Mənim təhqir hesab olunan münasibətimə etiraz etmiş, amma həm məndən, həm də digər müsəlmanlardan fərqli olaraq özü təhqir etməmişdi. Nəhayət görüşdük. Normal şəkildə.

7-8 nəfər idik. Mümkün qədər dindən söhbət etməməyə çalışırdıq. Amma hər necə olsa, meymun yada düşməli idi. Mənlə üzbəüz oturmuşdu. Dindarın ateistə-filana baxışına söhbət gələndə şedevr söz işlətdi. Üzünü mənə tutub heç kimi nəzərdə tutmadığını və addımbaşı “məsələn, misal üçün” desə də, mesajı anlamaq mənim üçün çətin olmadı:
“Adamı adətən pis xüsusiyyətləri ilə xatırlayırlar. Lakin mən kimisə həmişə yaxşı xüsusiyyətləri ilə xatırlayıram. Birini hakimiyyətin əleyhinə çıxdığına görə yaxşı, lakin peyğəmbəri söydüyünə görə alçaq kimi xatırlamaq olar. Mən insanları yaxşı xüsusiyyətlərinə görə xatırlayıram”.
Adam şəriət dövlətinin qurulmasının istəyir, islamın ən qəddar cəzalarını da şəriətin tərkib hissəsi kimi tətbiqini dəstəkləyir, lakin bilmirəm, humanizmindən, bilmirəm mədəniyyətindən, bilmirəm tərbiyəsindən, axır ki nə səbəbəsə, bir nəfərin incidilməsi ilə yox, hər kəsin razılığı ilə fikirlərini tətbiq etmək istəyir. Və onun təhqir saydığı ifadələri işlədənlərə də, hərəkətləri edənlərə də tolerant yanaşa bilir.
Mən müsəlman adı altında belə adamların təmsil olunmasını istəmirəm. Amma neynək ki, onlar da müsəlmandırlar. Edə biləcəyimiz bir şey varsa, o da toleransdır.

Comments