Ən şirin yuxum

“Həyəcan!..Həyəcan!” Tələsik qalxdıq. Axşamdan demişdilər ki, səhər həyəcanla poliqona (təlimə) gedirik. Həmişəkindən bir az tez geyinib qaçdıq tualetə. Yuyunma, yer yığma kimi gündəlik işlərdən dərhal sonra həmişəki düzülüşlərin ciddiyyəti olmadan yeməyə gedib gəldik və bokslara (döyüş texnikasının saxlandığı qarajlar) qaçdıq. MTLB-lərə (tolparı, mərmiləri və şəxsi heyəti daşımaq üçün nəzərdə tutulmuş zirehli vasitə) doluşub Goran səhrasına poliqona yola düşdük.

Heç olmasa, 1 km-dən motorunun səsi eşidilən MTLB-nin içində başımızı demək olar ki, həmin gurultulu motora qoyub yatmışdıq. Bu səsdən başqa 60-70 sm hündürlükdə, hər tərəfi dəmir salonda bizi bir-birimizin həftələrlə su dəyməyən bədənlərimizin tər iyi, bitlərimiz,
üst-başımıza bulaşmış maşın yağı və dəhşətli toz müşayiət edirdi.
Amma yatırdıq. Çünki yatmaq üçün, demək olar ki, hər şeyə razı idik. Ayaqüstə “Fərəqət!” komandasında, gəzə-gəzə, tualetdə oturanda... hər yerdə azca vaxt tapan kimi yatlırdıq. Yatmaq o qədər arzuolunan olmuşdur ki, nəyinsə ona mane olması çox çətin, adətən mümkünsüz idi. Həm də buna görə bizi qorxu içində saxlayırdılar ki, səhərlər “Qalx!” komandasında qorxu ən müqəddəs hisslərdən olan yatma hissinə qalib gələ bilsin.
Qorxu hər şeyin fövqündə idi, ali idi, hətta ən müqəddəsdən də ali idi. MTLB-də poliqona gedərkən yatsa da, yatmasa da, maşından düşəndə toz içində olur adam. Amma yatanda toz bir yerə qonur və adam tərpənmədiyindən daha çox toza batır. Həmin poliqonda da maşından düşüb gözlərimizi açmamışdan göz qapaqlarımızdakı tozu təmizlədik ki, toz gözümüzə düşməsin. Sonra sifətimizin tozunu quru-quru çırpdıq. Bundan sonra bir-birimizdən fərqləndik. Yoxsa, toz hamını bir birinə bənzətmişdi.
Elə maşından düşüb bir az gərnəşib təmizlənmişdik ki, hərəmizə bir-neçə bel, külünc verib göndərdilər irəli. Bir xeyli piyada gəlib kotyollarda gətirilmiş yeməklərdən tozlu-torpaqlı, ayaqüstü yedik.
Ardınca əmr gəldi: “Davay, qazmağa!”
Goran səhrasının quru torpağı... Vuranda külünc adamın başına qayıdır, hələ qaldı bel. Min bir əziyyətlə qazırdıq. Qan-tər içində idik ki, hələ bir-neçə santimetr dərinləşdirmişdik. Poliqonda hərdən zarafatlaşmalarla istirahətimiz olsa da, zabitlərin hesabına burnumuzdan gəlirdi. Amma bu poliqonda elə hey qazdırırdılar, nəzərdən qoymurdular.
O qədər qazmalı idik ki, 3 ayağı üfüqi açılan topu və lüləsiz tank boyda olan MTLB-ni düşmən görməyəcək dərinlikdə basdıra bilək.
Quyumuz bir az dərinləşən kimi yerdəyişmə olurdu. Gedib təzə, hələ bel, külünc üzü görməmiş torpaqda qazmağa başlayırdıq. Bir-neçə yerdəyişmədən sonra nəhayət ki, bir yerdə qərar tutduq. Yeməkdən və yerdəyişmə vaxtı MTLB-nin içində mürgüləməkdən başqa istirahət olmadan qazırdıq. Səhərdən axşama qədər qazdıq. Axşam yeməyindən sonra “Yat!” komandası gözləsək də, heç işartısı da yox idi. Bizsə, qazırdıq. Əvvəl dedilər, tez qurtaran heyətləri yatmağa göndərəcəyik. Mən olan heyət tez qurtardı, amma o biriləri gözləməli olduq.
Gözləyərkən dayanmaq olmazdı. Zabitlər görən kimi bizi başqa heyətlərə köməyə göndərirdilər. Dayanmadan qazmaqdan əlimizin dərisi soyulmuş, ayaqlarımız botinkaların içində  bişmiş, suluqlamış, dərimizin altından axan su ayaqlarımızı bir az da kövrəltmiş, corablarımız daşlaşmış, yuxusuzluqdan gözlərimiz qızarmış, “suxoy payok” yeməkdən mədəmiz pozulmuş, böyük tualetimiz tamamilə aradan qalxmış, bəzilərimiz böyrək soyuqlamasına, bəzilərimiz babasilə tutulmuşdu.
Amma hələ də qazırdıq. Sağlamlığımız, aclığımız, susuzluğumuz yaddan çıxmış, yuxusuzluq hər şeyə qalib gəlmişdi. Nəzərdən yayınıb qalaqlanmış torpağın arxasında təzə qazılmış tozlu torpağın üstünə ağzıüstə düşdüm. Bir az mürgüləmək istəyirdim ki, yerdən gələn soyuq iliyimə işlədi. Qalxdım. Qaranlıqda konserv qablarına neftli əski qoyub yandırırdıq ki, işıq düşsün. Səhvən bu qablardan birini əlimlə tutdum. Dərim yanıb büzüşdü.
Artıq bu əllə beli tuta bilmirdim, amma qazmağa davam etməli idim. Mən birillik (ali təhsilli) olduğumdan vəziyyətim hələ yaxşı idi. Bundan qat-qat ağır vəziyyətdə olan əsgərlər var idi.
Gecədən xeyli keçmişdi. Xilas komandası gəldi: “Düzül!” Sevincək bütüm yorğunluğumuzu unudub qaçdıq. Düzüldük. Dedilər, yatmağa göndəririk. Saat gecə 3 idi. 2 saat yatmaq vaxtımız var idi. “Spalni meşok” (yataq dəstləri) demək olar ki, olmadığından qurulmuş çadıra doluşub necə gəldi uzanmağa başladıq.
Poliqonda ən çox qorxulan hadisə silahı itirməkdir. Deyirdilər ki, 7500 manata olan avtomatı itirsəniz, əvəzi kimi 10 qatını alacağıq – 75000 manat. Buna görə də bəzi əsgərlər tökülüşüb gizlincə, ya da zorla əsgərlərdən birindən avtomatı alır, geri qaytarmaq üçün pul istəyirdilər. Əsgər üstündəki 3-5 manatla onları razı salsa, yaxşı idi. Çox hallarda avtomatı qaytarandan sonra həmon əsgəri tavana otuzdururdular. Tavana otuzdurulan da ailəsindən kalan pul istəyib həmin əsgərlərə verirdi.
Buna görə çadırda yatmamışdan hərə avtomatının təhlükəsizliyini bir cür təmin etdi. Mən şompulu (lüləni təmizləmək üçün uzun dəmir, ən asan çıxan hissə olduğundan onun oğurlanmasına daha tez-tez rast gəlinirdi) lüləyə sapla bağlamışdım. Avtomatın ipini uzadıb əvvəl sağ ayağıma doladım, sonra qalan hissəni sağ çiynimə keçirdim. Lülə ağzıma dəyirdi, amma lap boğazıma girsə də, bildiyim ən təhlükəsiz variantı seçməli idim. Flaqamı (su qabı) kəmər qarışıq belimdən çıxarıb yastıq əvəzi elədim. Dəmir flaqa başımı ağrıtdığından kepkamı qoydum onun üstünə. Avtomatımla qol boyun, başımı flaqaya qoyub təxminən 25 kvadrat metrlik çadırda azı 50-60 əsgərin arasında quru torpaqdaca uzandım.
Orda məni elə yuxu tutudu, elə yuxu tutdu ki, hələ də o qədər şirin yatmamışam. Özümü dünyada ən rahat yerdə yatan kimi hiss edirdim. Özümü çox xoşbəxt, hətta hamıdan xoşbəxt hiss etdirən süd kimi yayılan rahatlıq duyğusu ilə əhatə olundum. Yuxulayırdım, amma yenə də həzzi duya bilirdim. Yuxuda fikirləşirdim ki, bu qədər həzzi yaşamaq üçün məhz beləcə yorulmaq lazımdır. Səhranın torpağındakı kəskin daşlar altdan sümüklərimi sıxışdırsa da, toz-torpaq hər nəfəs alışında ağciyərlərimin dərinliyinə qədər dolsa da, başım kiminsə dalında, dalım kiminsə ağzında olsa da, ayaqlarımı botinkada hiss eləməsəm də, çox rahat idim, indiyə kimi hiss elədiyim ən rahat vəziyyətdə idim. Fikirləşirdim ki, yaxşı ki, mən başqa həyatı yox, məhz bu həyatı yaşadım, indi heç ən varlılara da həsəd aparmırdım.
Düzdür, bu, bizə verilən 2 saatlıq vaxtın hamısını davam etmədi. Psixikası pozulub şizofrensayaq olmuş əsgərlərdən birinin qışqırığına oyandıq. Həyəcanla bizə anladırdı ki, çadırın tavanındakı cırıqdan bir əl girib onun avtomatını dartırmış yuxarı. Əlbəttə, çadırın üstünə kiminsə çıxma ehtimalı yox idi, yoxsa çadır başımıza uçardı. O vaxt hamımız onu söydük. İndilərdə yazığım gəlir ona. Amma o cür şirin yuxumu, indiyə qədər hiss etdiyim maksimum komfortu yarımçıq qoyduğu üçün mən də o vaxt söyənlərə qoşulmuşdum.
3 il yarımdan çoxdur ki, əsgərlikdən qayıtmışam. O hadisədən təxminən 4 il keçib. Amma hələ də o ləzzətdən artıq komfort, ləzzət görməmişəm.

Comments