Qozbaşlar

“İ” və “N” hərflərini yan-yana deməkdən qorxanlar indi saymazyana deyirlər: “İnqilablar-zadlar olur”. İşdə olan söhbətlərdən deyirəm. İlham pərisindən danışanda Mehriban Əliyevanı nəzərdə tutacağımdan qorxub “başımızdan böyük mövzulara girməyək” deyənlərdir bunlar. Belə qozbaşlar fərqində də deyillər ki, həmin inqilablardır bunlara belə cəsarət verən. Məni bu qozbaşların qeyri-səmimiliyindən çox həyasızlığı, utanmazlığıdır qıcıqlandıran.

Çünki hərdən səmimi olub sadəcə susa bilirlər, fasiləsiz yaltaqlanmırlar, hərdən ara verirlər. Amma həyasızlıqlarına heç ara vermirlər. Adama deyirsən ki, bu mitinq edənlər, hakimiyyət əleyhinə danışanlar, başqa cür cəsarət nümayiş etdirənlər heç də hər şeyi özləri üçün etmirlər.
Uğruna getdiklərindən biri də elə sənsən. Nisbətən qlamurları ironiya ilə gülürlər, qalanları da bir-iki kəlmə ilə yola verib, “başa salırlar” ki, “onların başı xarabdır, özlərindən böyük işə girişirlər, sabah hamısını bir nəfər kimi içəridə sındıracaqlar”. Özlərinin hər gün sınmalarını demirəm. Bunlara qayıdıb sual verəndə ki, sabah həmin fədakarların hesabına dəyişiklik olsa, utanmayacan o dəyişikliyin barından faydalanmağa? Bax, burada özlərini axırıncı yola qoyub qırmızı-qırmızı deyirlər ki, “Yox. Guya onlar olmasa, dəyişiklik olacaq deyildi?”
Soruşa bilərsiniz, belə istisnalara niyə bu boyda yazı həsr etdim. Amma bunlar istisna deyil. Hətta əksəriyyətdirlər. İnanmırsınız, soruşun. Hər şeydən kənar, reaksiyasız insanlar itətökdür, itə daş atırsan, onlara dəyir. Soruşun, görün, hansında belə utanma, xəcalət və s. insani hisslər var?
Utanmaq, buna görə üzr istəmək, səhvini etiraf etmək çətin deyil. Lakin bu sifətsizlər heç bunu da bacarmırlar. Onlarınkı indi də, gələcəkdə də “sıfır reaksiya”, lakin hər zaman faydalardan bəhərlənməkdir.

Comments