Diaspor Tənliyi Fəxrəddin Hacıbəylinin döyülməsinə "səbəb" göstərilmiş yazı, Firuzə Mahmudlu təqdim etdi




Əsas nəyi harada itirmək deyil, onu harada axtarmaqdır. (F.H)

İnsanın nəyəsə, kimlərinsə maraqlarına alətə çevrilməsi ilk öncə həmin insanın şəxsi fəlakətidir. Çalış alət olma! Alət oldunsa, "ustalar" səndən gen-bol istifadə edəcək, ta ki, istifadə müddətini başa vurunca.
Martın 31-dı qismın dı olsa, özümq "diaspor-diaspor oyunları"nda alətə çevrilmiş sandım. Niyəsini və necesini az sonra nəql edəcəm. Amma onadək bir şeyi aydınlaşdıraq, daha doğrusu belə bir sual qoyaq – görəsən bu Diaspor "oyunları", o boyda dovlet orqanı, buna xərclənən ətək-ətək paralar nəyə və kimə xidmət edir? Bu işin mənfəəti, gəliri nədir ve kimədir? Mən ha fikirləşirəm, hələ də anlamış deyiləm ki, millətin boğazından kəsilib 5-10 fəndgir mənfəətpərəstin cibinə axan bu qədər paraların hesabını kim sormalıdır və ya kimdən sormalıdır? Nəzəri baxımdan "kim" bəllidir - xalq, lap elə bərk ayaqda "kimdən" də bəllidir – hökumətimiz. Amma bax bu sorğulamanın baş tutmaması işin pis tərəfidir. Duruma baxanda əlahəzrət reallıq ortada ayna kimi bərq vurur. Adama deyərlər (və deyirlər də) "ay sağ olmuş, kimdi hesab soruşan? Bir də kimdən soruşasan axı?". Həə, düzdür, hesab soran yoxdursa, o zaman "ver, allahım, ver!". Bax bu məqamda qayıdaq yuxarıda ağlar qoyub gəldiyimiz məsələyə, yəni kimə və necə alət olmağımız məsələsinə.

Ayın 31-i yığıshdıq, getdik Ermənistanın Berlindəki səfirliyinin qarşısına, Soyqırımla baglı etirazımızı bildirək, ermənileri xar edək, rəzil günə qoyaq, bütün Avropada onların yalançı "yazıq" maskasını yırtaq və gücümüzü göstərib meydanın (döyüsh meydanının deyil ha, Avropadakı "diaspor-güləş" meydanının) heç də boş olmadığını əyani şəkildə öz varlığımızla sübuta yetirək. Öncədən bildirilib, elektron ünvanlar aşıb-daşıb ki, bəs "filan ayın filanında, filan yerdə filan ve filan təşkilatlar etiraz aksiyası keçirəcəklər. Əziz həmvətənlər, buyurun, bizə dəstək olun!" Bu filan və filan təşkilatlar da Berlində fəaliyyet göstərən nə az nə çox, adı gözəl, özü özəl, yaz bənövşəsi kimi təravətli 4 cəmiyyət və birlik (birini çıxmaq şərti ilə, qalanları özəldir, amma hamısı gözəldir). Adlarını eşidəndə adamın ayağının altından yer qachır, qürrədən sinəsi qabarır, gözləri sevincden dolur. Deyirsən, day bu birlik(lər) ki, bizdə var, Ermənistanın da, onun səfirliyinin də daşını-daş üstə qoymarıq. İstəyirsiniz, adlarını deyim, sizin də ayağınızın altından yer qaçsın! Hazır olun, bərk tutun haa, deyirəm! Almaniyadakı Azərbaycan evi, Almaniyadakı Azerbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Həmrəylik cəmiyyəti... Necədi sizin üçün? Zəlzələni hiss elədinizmi? Əminəm ki, Rixter şkalası üzrə ən azı 6 bal oldu. Zarafat bir yana, öz aramızdı, amma qəşəng adları var, elə deyilmi?
 Nə isə...
Təyin olunmuş vaxtdan hələ bir 15 dəqiqə də əvvəl öz payıma bir dostumla yollandım məlum yerə, yəni erməni səfirliyinin önünə. Gözlədik! Elə ki, saat tamam oldu, bir də gördük budur, bir maşın adam gəldi (vətəndaşlarımız nəyə də olmasa, alman dəqiqliyinə əməl etməyi öyrəniblər, böyük uğurdur). Bayraqlar, ötən illərdən hazır yazılmış və bir az əvvəl "padval"dan çıxarıldığı bəlli olan, qəşəng qatlanmış plakatlar həmən sıralandı səfirliyin qarşısına. "Yəqin hələ bu başlanğıcdı, bir azdan gələnlər kütləviləşər" deyib gözləməyə başladıq. Bir xeyli keçdi, ordan burdan, bir neçə nəfər də toplandı və dəstənin ardı kəsildi. Düz 28 nəfər. 4 cəmiyyətə 28 adam – sədrlər, onların yaxınları və bir neçə nəfər də "şəkilçəkən"lər, vəssalam. Cəbrden, hesabdan zəif olsam da, əlüsütü hesablama apardım ki, 4 cəmiyyət 28 adam toplaya bilirsə, demək, hərəsinə 7 adam düşür. Nazim müəllimin nəzərinə: Bu hesabla 100 nəfər piketçi toplamaq üçün gərək Berlində 14 cəmiyyet fəaliyyət göstərsin. 4-ü hazır var, daha 10-nu da yaratsaq, gələn ilə sağlıq olsun, lazımi kütləni bir araya gətirmek olar. Hara tələsirik ki? Qarabağ işğalda, soyqırımlarımız faktı ortada, ermenilər ölmüyüb, biz ölməmişik. Necə deyərlər "Ağa durur, Ağacan durur". Bu il olmasın gələn il olsun, onlara dərs vermək də bizə borc olsun!
"Çoxluq ... yaxşı şey deyil", "az olsun, saz olsun", "az aşım, ağrımaz başım", "məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir" və sair bu kimi müdrik el kəlamlarını əldə rəhbər tutaraq...
 ...bashladıq piketə. Bir xanım, sağ olsun, yazılmış hazır informasiyanı ruporla oxumağı öz boynuna götürdü. Düzdü arada mətni höccələyərək oxumalı olsa da, daha nə edəsən, "varını verən utanmaz" deyiblər. Lazımdır ki, olana qane olmaq və naşükür olmamaq. Hə, elə ki, piketin informativ hissəsi bitdi, poetik xalqımızın nümayəndələri bədii hissəyə qədəm qoydular, ish bir az gurlaşdı. Daha doğrusu ortam qızışıb, səs-küy gurlaşdı.
Al sənə, Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı, özü də 2 dəfə! "Ah, ölmədən bir görsəydim, düşə bilsəydim torpağına" iniltiləri, fəryadı adamı çaşdırır. Bilmirsen, bura etiraz eləyib, meydan sulamağa gəlmisən, yoxsa "ah nalə" etməyə?
Damarda qanı coşduran şüarlar: "Qarabağ bizimdir, bizim olacaq!" Bəlkə "bizim İDİ, bizim olacaq" deyilsə, daha doğru alınardı, amma nə isə, bəlkə ermənilər elə o cür başa düşdülər, nə bilmək olar?
"Erməni faşisti, Qarabağdan rədd ol!" Erməni rədd olmasa da, ətrafdakı alman polisləri tanış "faşist" sözlərinə həmən asosassiya verdilər - bir az dəbərişmə sezildi.
Tədbirin bitməsinə hələ yarım saat qalıb, qəfildən dövlət himnimiz səslənir... Nə oldu, bitdi tədbir? Yox canım, hələ proqram davam edir! Molla demiş, onda "təzədən bismillah". Şüarlar, mahnılar, himn və nəhayət ki, tədbir sonlandı.
Cəmiyyet sədrlərindən birinin "gələn ayaqlarınız var olsun!" təşəkkürlərinin sədaları altında dağılışdıq...
Vətən və millət qarşısındakı bu borcumuzu da belə "yola verdik". Gedək növbəti məğlubiyyət günlərimizdə piket keçirməyə hazırlaşaq. Qələbə bizim üçün əlçatmaz olsa da, yas tutub, ağlaşmağa üzümüz ağdır.
Bu arada diaspor təşkilatlarımıza bir tövsiyyə vermək istərdim. Dinləsələr çox xeyri var, zəmanət verirəm.
Belə piketlər təşkil edəndə, yaxud etmək istəyəndə ona hazırlaşmaq, proqram-zad tutmaq lazım deyil, sadəcə təyin olunmuş yerdə bir dana alıb kəsmək, həmyerlilərimizə "filan vaxtı filan yerdə "danakəsdi" olacaq, buyurun, gəlin" elanı vermək, heç olmasa, Xatirəden, Röyadan da (Azərin lap effektli olardı) birini tədbirə dəvət etmək lazımdır. Görün, ən azı 3-4 yüz nəfər toplantıya qatılmasa, mən onda Şuşa getsə, başıma güllə çaxacam.
Fəxrəddin Hacıbeyli
08.04.2010

Comments