Düşüncə inqilabı Firuzə Mahmudlu yazdı


İnqilab... son vaxtlar bu söz bütün gündəmi məşğul edib. İstər beynəlxalq səviyyədə, istərsə də elə ölkəmizdə. Nədir inqilab? Yenilik istəyi? Yenisini qurmaq üçün köhnəni yıxıb dağıtmaq?...
Bu gün ərəb ölkələrində edilən inqilabların məqsədini qoyaq bir qırağa. Düzü məni ərəb ölkələri, onların taleyi maraqlandırmır. Necə inqilab edirlər, nəyi dağıdırlar, kimi, nəyi dəyişirlər dəyişsinlər. Özümüzdən danışaq.
Biz nəyi dəyişmək istəyirik? Şəxsən mən ölkəmizdə gözəlim xalqımızın təfəkkür tərzinin dəyişilməsi tərəfdarıyam. Nəzərə alsaq ki, toplumu inkişafa, uğura aparan yolda təhsilin rolu əvəzedilməzdir, dəyişikliyə ilk növbədə təhsilə, elmə, onun əhəmiyyətinə yanaşma tərzindən başlamalıyıq.
Bu dəyişikləri ən yaxşı həyata keçirə biləcək təbəqə, sozsüz ki, tələbə və gənclər olmalıdır. Böyüklərimiz zatən bizim üçün bir gün ağlamayıb. Seçkilərin saxtalaşdırılmasında iştirak ediblər, etməyənlər etiraz etməyiblər, göz yumublar, səssiz qalıblar, susublar və s. İndi tələbə və gənclər olaraq öz gələcəyimizin qaydına qalmalıyıq, biz övladlarımıza hansı gələcəyi miras qoyacağımız haqda düşünməliyik.
Məsələn, böyük məmnuniyyətlə təklif edərdim ki, tələbələr yığışıb “rüşvətə yox”, “keyfiyyətli təhsil” şuarları altında elə universitetdəcə - univesitetin dəhlizində, rektorun kabinetinin önündə etirazlarını bildirsinlər. Bir növ aksiya xarakterli. Ama gəlin görək tələbələrin hamısımı rüşvətsiz təhsilin tərəfdarıdır? Təəssüf ki, xeyr.
Bü gün nə valideynlərimiz - nə yaşlı təbəqə, nə orta, nə də gənc təbəqə təhsilin önəmini, əhəmiyyətini anlayır. Gəlin etiraf edək ki, əksər tələbə özünü əziyyətə verib oxumamağın dərdindən rüşvət verib qiymət almağı ən asan vasitə hesab edir.
Pul verib qiymət almaqmı, yoxsa pul verib bilik almaqmi? Hamlet demiş “Budur sual”. Ətrafimda gördüyüm, ünsiyyət qurduğum tələbələrin əksəriyyəti pul verib qiymət almağa üstünlük verirlər. Bax elə faciə də burdadır.
Və üzərində düşünülməli mövzu da budur. Rüşvət verib qiymət almaq hər iki tərəf üçün daha “sərfəli” vasitədir. Hökumətimiz üçün tələbənin oxumaması ona boyük qazancdır: düşünən beyinlərin yetişməməsi, gənclərin düşüncə qabiliyyətinin formalaşmaması fonunda.
Amma mən hər dəfə üstünə basa-basa deyirəm ki, bütün günahı təkcə hökümətin üzərinə yıxmayaq. Xalq olaraq təfəkkür tərzimizdə problem var. Və hakimiyyət də bundan hər sahədə gen-bol istifadə edir.
Uşağı əziyyət çəkməsin deyə öz əliylə pul verib “get qiymətini al” deyən valideynlər də var. Uşağı qonşunun uşağından geri qalmasın deyə pul verib uşağını universitetə düzəldən valideynlər də var. Oğlunu əsgərlikdən saxlatmaq və ya əsgərlik müddətini azaltmaq üçün onu oxutduran valideyn də var.
Atasının qiymət alması üçün ona təklif etdiyi pulu geri qaytarıb, bilik qazanmaq xətrinə oxuyan çox az sayda tələbə var. Bəlkə də heç yoxdu. Bax, gənclərimizə universitetin qiymət almaq üçün obyekt yox, bilik qazanmaq, maariflənmək, elm öyrənmək üçün obyekt olduğu anlayışını aşılamaq lazımdır.
İnqilaba burdan başlamağa nə deyirsiz?

Comments