Kimdir müqəssir? Firuzə Mahmudlu yazdı


Yenə düşüncə inqilabı haqda…. Keçən dəfə də demişdim, ki təhsildə rüşvət ənənəsinin ayaq tutub yeriməsi və adi hala çevrilməsi hökümətin, eyni zamanda və daha çox tələbələrdən asılıdır. Keçən dəfə demişdim ki, əgər tələbə rüzvət vermək istəmirsə, həqiqətən bilik əldə etmək istəyirsə, pul verib qiymət yox bilik “almaq”istəyirsə rektorluğun qarşısına toplaşıb etiraz etməlidir. Illərdir bunu heç bir universitet tələbələri etmirsə demək, günahı biraz da onlarda axtarmaq lazımdır. Yəqin belə sərf edir.
Amma günahı təkcə tələbələrdə yox, bir az öyrətmənlərdə axtarmaq istəyirəm. Deyirlər ki “yuxarıdan” öyrətməni tələbədən rüşvət almağı məcbur edirlər. Haqlıdırlar. Yuxarıdan təzyiq olur. Bəs öyrətmənin öz vicdanı? Öyrətmən buna məcbur olur deyə bəhanələr (bu elə tələbələrə də aiddir) mənə inandırıcı gəlmir. Rüşvət almadan, quruca öyrətmən maaşı ilə keçinmək çox çətindir. Bu məsələdə onları qınamağa haqqım yoxdur. Onlardan bunu tələb etmək də insafsızlıq olardı. Amma tələbədən rüşvət almaq istəməyən öyrətmənlər də məsələn “rüşvət almaq istəmirik”, “normal əmək haqqı istəyirik” kimi şuarlarla rektorluğun, həmçinin Təhsil Nazirliyinin qarşısında etiraz edə bilər və ya imza toplayıb Misir Mərdanova təqdim edə bilər. Onlar normal əmək haqqı tələb etməklə həm “yuxarıların” tələbinə etiraz etmiş olar, həm təhsildə rüşvətin səviyyəsi və ənənə halı alnasının qarşısı alına bilər, həm də öyrətmən vicdanları təmizlənər. Kök salmış bu problemimiz çox ciddidir. Hər kəs genofondumuzun gündən günə məhv olub getməsini soyuqqanlılıqla izləyir. Amma danışanda hamı vətənpərvərlikdən, mentalitetdən danışır. Vətəni sevmək sözdə olmur deyə düşünürəm. Vətəninin evladını göz görə görə savadsızlaşdıran öyrətmənin vətən sevgisindən danışmağa haqqı yoxdur deyə düşünürəm. Amma, mən tələbədən rüşvət almaq istəmirəm, ona vicdanımla bildiklərimi öyrətmək istəyirəm deyə etirazini bildirən bir universitet öyrətmən kollektivi görmədim bu günə qədər. Bu etiraza görə bütün kollektivi işdən çıxarası deyillər. Əgər dəyişiklik istəyiriksə, bunu özümüzdən başlamalıyıq. Hökümətimizi dəyişiklər etməyə biz, ən başda öyrətmənlər, ziyalılar məcbur etməlidir, divara dirəməlidirk, tələb etməlidir.

Comments