Rüşvətsizlikdir? Rüşvət sizlikdir Demos Cratos yazdı

Rüşvətsizlikdir? Rüşvət sizlikdir.

Dövlət bir orqanizmdir, nazirliklər və idarələr onun orqanları, insanlar isə hüceyrələri. Əgər  biz xəstələnsək ayrı-ayrı orqan və hüceyrələrimiz yox, bütün orqanizmimiz xəstələnəcək. Bizim dövlətimiz də hal-hazırda xronik xəstəlik olan rüşvətə tutulmuşdur. Rüşvət xronik bədxassəli metastaz vermiş xərçəng xəstəliyi kimidir. O hər yerə yayılıb, doğulandan ölənə qədər onunla məcburi rastlaşırıq, ömrümüzü günümüzü qara etməmiş də əl çəkmir. Bu xəstəlik orqanizmi zəiflədir, immuniteti və əmək fəaliyyətini aşağı salır. Nəticədə ədalətsizləşirik, yaltaqlaşırıq, vicdansızlaşırıq və kütləşirik. Xoşbəxtliyimiz ondadır ki, həqiqi bədxassəli xərçəng zamanı ölüm qaçınılmaz olduğu halda,  rüşvətin müalicəsi var. Bəli, bu qədər qanımıza yeriməsinə baxmayaraq onun kökünü kəsmək mümkündür. Bunu Gürcüstan kimi 2003-cü ildə korrupsiya içində boğulan qısa müddətə isə bu bəladan birdəfəlik qurtulmağı bacaran ölkələr varsa biz də bacararıq. Sadəcə diaqnozu düzgün qoymalı, siyasi iradə nümayiş olunmalıdır. Əsas məsələ rüşvətin kökünü kəsmək üçün onun hansı dərinliyə qədər getdiyini bilməkdir. Götürək adıcə Universiteti. Azərbaycan Universitetlərdə rüşvət tüğyan edir, təhsilin səviyyəsindən isə danışmağa dəyməz. Orta statistik müəllim adi mühafizəçidən və fəhlədən az maaş alır. Bu pulla nəinki ailəsini heç özünü dolandıra bilmir. Nəticə etibarilə uşaq ikən bizə oğurluq pis əməl kimi öyrədən müəllim öz maddi vəziyyətini düzəltmək üçün bütün ümidini tələbəyə bağlayır. Tələbəlik dövründə topladığım təcrübə əsasında deyə bilərəm ki, bir çox müəllimlər tələbəyə gəlir mənbəyi kimi baxır və sessiya vaxtı ondan pul qopartmaq (oğurlamaq) üçün müxtəlif taktikalar qurur, hədə-qorxu gəlir, xasiyyətini dəyişir və şəxsiyyətini itirir. Bizim Universitetin belə bir qızıl qaydası var, hansı müəllim ki semestrin əvvəli tələbələrə yaxşı davranır, sessiya vaxtı 180 dərəcə dəyişir, maskası cırılır və tanınmaz hala düşür. İndi geriyə baxıb Universitet illərində rastlaşdığım müəllimləri analiz edəndə aralarında bu sistemə adaptasiya edən, tələbəni incitməkdən zövq alan, 41-45-dən qalma, kafedrada pul yığma işinə baxan, keçdiyi fəndən qandığı qrafa olmayan, dərsi və mühazirəni yola verənlə yanaşı barmaqla sayılacaq qədər olsa da işinə vicdanla yanaşan, daim öz üzərində çalışan, tələbəyə xoş rəftar edən, rüşvət almaqdan imtina edən, həddindən artıq savadlı müəllimlər də olub. Hər halda məsələyə dərin yanaşanda günahın nə məktəblərdə, universitetlədə rüşvət alan müəllimlərdə, nə də onlara rüşvət verən  tələbələrdə olmadığını anlamaq olar. Günah bu şəraiti yaradanlardadır, günah müəllimə az maaş verərək onu rüşvət almağa məcbur edən sistemdədir.  Əgər biz  öz övladlarımıza arzuladığımız şəffaf Azərbaycan miras qoymaq istəyiriksə bu xəstəliyə qarşı birləşməliyik, mübarizə aparmalıyıq və inanmalıyıq. Əgər dövlət adlandırdığımız orqanizmin hüceyrələri, yəni sadə vətəndaşlar istəsə, haqqını tələb etsə və mübarizə aparsa bu xəstəlikdən canımızı birdəfəlik qurtara bilərik. Başqa sözlə desək Azərbaycan 18 ildir ki, qəbizdir, biraz gücənsək Yapdan birdəfəlik canımız qurtarar. Bu mümkündür.
Mövzuya əlavə olaraq oxu və bax:
http://www.azadliq.org/content/article/2182984.html
http://en.wikipedia.org/wiki/Corruption_Perceptions_Index
http://www.youtube.com/watch?v=mB8DKH1raNE

Comments