“Ağlın olsun”



Ağılsız sayılmaq kütlədən seçilməyin bir növüdür yəqin. Burda bir məsələ var ki, əslində ağılsız kimdir: sən, yoxsa digərləri? Həm də bu ağılısızlıq dəlilik, çılğınlıq mənasında deyil, başdanxarablıq mənasındadır. İndi baxaq görək bu cəmiyyətdə kimlərdir ağılsız sayılıb əslində kütlənin kütlüyü qarşısında ağıllı olanlar:
1) Sadəsindən başlayaq – çılğın hərəkətlər edənlər. Bunlara həvəskar alpinistlər, paraşütlə tullananlar, avtostopla gəzintiyə çıxanlar və digərləri daxildir. Statik, tənbəl, min illərin mentalitetini konstitusiya seçən kütlə adrenalinə “yox” deyir;
2) Yarımçıqlıq kompleksləri ilə çılğınlıq edib daha çox xuliqanlıq edənlər – avtoxuliqanlıq, küçədə özünü normal apara bilməmək və s..
3) İnsan olmaq üçün çalışmaq – mən mətni yazanda məhz bu mənada ağılsızlığı nəzərdə tuturdum. Yazıq gündəyik ki, insan olmağa çalışmaq ağılsızlıq sayılır. Bunun əsasında öz azadlığın uğrunda mübarizə aparmaq, nəticədə ictimai maraqlar uğruna şəxsi maraqlarından vaz keçə bilmək dayanır:
- Müxalifət partiyasına üzv olmaq ağılsızlıqdır;
- Partiya üzvü olmadan da onları dəstəkləmək ağılsızlıqdır;
- Ümumiyyətlə hakimiyyətin əleyhinə çıxmaq ağılsızlıqdır;
- Rüşvət almaqdan və verməkdən imtina etmək ağılsızlıqdır;
- “Xalq iməclikləri”ndə, açılışlarda, “başçı” ilə görüşdə fon rolunu oynayan kütlədə olmaqdan imtina etmək ağılsızlıqdır;
- Az maaşla da etiraz etmək ağılsızlıqdır, nəinki yüksək maaşla;
- Futboldan başqa yerdə bayrağa xüsusi hörmət etmək ağılsızlıqdır;
- Könüllülük ağılsızlıqdır;
- (dozanı artıraq bir az da) QHT-lərdə qrant yemək məqsədi olmadan iştirak etmək ağılsızlıqdır;
- Dostlarına qarşı səmimi olaraq onun partiyasını, təşkilatını tənqid etmək ağılsızlıqdır;
- Bir az təhlükəli aksiyalara imzanı qoymaq ağılsızlıqdır...
Çoxdu belə ağılsızlıqlar. Son illərin ən çox işlənən mentalitet hədələrindən biri də “ağıllı ol!” ifadəsidir. Baxın da indi, ağıllı olaq, ya ağılsız...

Comments