“Anam Dubaydan gəlir”

Dünən avtobusda Xırdalana gedirdim. Gecə 1-ə qalmışdı. Avtobusdan spirt, gəyirmə iyi vururdu. Biri içib açarını itirmişdi. Dayanmışdı avtobusun ortasında yüksək səslə deyirdi:
“Anam Dubaydan gəlir. Qabağına çıxmalıyam. Şirvana çatıv ee. Ayə, filan qədər pul gətirəjəyh. 3 ildi, ordadı. Kliyentdərnən nə qədə əziyyət çəkif. İndi gəlir, qurban olaram ona, gəlsin görüm nə qədə pul gətirif.”

Yanındakı tanışlarının gülməkdən ürəkləri getmişdi. Mənə ağlamalı gəlirdi vəziyyət. Tanışları onu sakitləşdirməyə çalışırdılar, onun isə vecinə də deyildi, bir az qızışıb sabit tonda davam edirdi:
“Varyoxuna nəhlət Dubaydan gəlir. Nəyə gülürsünüz əə? Çörəyə gedif də. Çörəyh dalınca, qazanmağa gedif. Uşaxlarını saxlamağa. İndi gəlir də.”
Camaatın getdikcə daha çoxunun dodağı qaçırdı. Öz tanışları gülməkdən artıq yıxılırdılar. Bu zaman qəhrəman zəng çalan telefonunu götürüb camaata göstərib deyirdi:
“Anamdı zəng eliyən. Əə, bir cavaf verin də. Nə deyim ee mən ona?”
Dostlarından biri dedi ki, “ver mən cavab verim.”
Onda qəhrəman qeyzləndi: “Anamamı cavaf vermək istəyirsən? özüm danışajam... Həə, ana, necəsən? Qurban olaram ee sənə. sən müqəddəssən, ana. Ana müqəddəsdir. Sənin ayaqlarının altında ölərəm. Nə qədər pul gətirifsən Dubaydan? Qabağına gəlirəm. Çox əziyyət çəkifsən həə bu 3 ildə? Ana, qurban olaram sənə. gəlirəm.”
Etiraf edirəm ki, burda mənim də dodağım qaçdı. Düşəndə baxdım bu oğlana. 27-28 yaşlarında arıq, uzun, cındırından cin hürkən paltarda, günün yarısından çoxunu eşşək kimi işlədiyi, axırda da qazancının yarısından çoxunu arağa verdiyi açıq görsənirdi. Onsuz da ağlamalı vəziyyətlərimizə gülməyə öyrəşmişik.
Nə deyəsən buna? Sonra deyirlər ki, hər şeydə hökumət təqsirkar deyil.

Comments