Azərbaycanda “yalansız yaşamaq”



 
Vatslav Havelin “Gücsüzlərin gücü” kitabını oxuduqca qeyri-demokratik rejimin vətəndaşı kimi yaşadığım mühitlə kitabda təsvir olunanlar arasında paralellər aparıram. Havel post-totalitar adlandırdığı sovet dövrü sistemini yalanlar şəbəkəsi kimi təsvir edir. Hər şey yalandır və kiminsə bu yalanı aşkar etməsi, “Kral lütdür” deməsi sistemi çökdürə bilər. O zaman doğrudan da böyük ideoloji yalan bazası vardı, hansı ki, buna inananlar doğrudan da vardı.
Bəs indi necədir? İndi keçmiş sosialist düşərgəsinin nəhəng ərazisində çox müxtəlif rejimlər yaranıb. Havelin vətənində demokratik rejim bərqərar olub. Lakin mən bu halda məhz Azərbaycana baxacam və paralellər aparılması mümkün olan digər rejimlərə də bunu şamil etmək mümkün olacaq. İndi Azərbaycanda hansı yalanlara camaatı inandırırlar və ya inandırmaq istəyirlər?

Hal-hazırda açıq-aşkar ideoloji boşluq olan Azərbaycanda insanlar bəzi şeylərə inandırılıblar.
Məsələn, bizdə ümummilli adlı bir şey var. Heydər Əliyev necə təqdim olunur? – dahi, uzaqgörən siyasətçi kimi. Heydər Əliyev olmasaydı, Azərbaycanın indiki ərazisində Dağlıq Qarabağ, Ləzgistan, Talış-Muğan adlı xırda dövlətlər yaranmış, qalan ərazini Ermənistan, Rusiya və başqa dövlətlər işğal etmişdi. Heydər Əliyev 1942-ci ildən bəri KQB-də olaraq böyük təcrübə yığmışdır, Azərbaycan onun kimi idarəçiliyi bilən ikinci adamı tarixi boyunca yetişdirə bilməmişdir, 1980-lərdə SSRİ boyda dövləti idarə edənlərdən biri olmuşdur. Heydər Əliyev o qədər çoxşaxəli adam olmuşdur ki, o, hər sahədə izini qoya bilib. Bunları “Heydər Əliyev və kitabxanaşünaslıq”, “Heydər Əliyev və simfonik musiqi” və sair mövzuların geniş işlənməsi də sübut edir. Onun irsini tədqiq etmək ayrıca elm sahəsidir, onlarla muzey gecə-gündüz bu irsi nümayiş etdirir, amma irs hələ də tükənmir.

Bunlar rəsmi təbliğatdır və müəyyən etmək lazımdır ki, insanlar bunlara inanırlarmı, inanırlarsa, nə qədərinə inanırlar. Hal-hazırda Heydər Əliyev məsələsi nə qədər gülüş obyekti olsa da, insanların əksəriyyəti yuxarıda sadaladıqlarımın bəzilərinə inanırlar. Məsələn, inanırlar ki, Heydər Əliyev dahi olub. Bu inamı gücləndirən səbəblərdən biri bu “dahi”nin oğlunun fərsizliyi haqqında təsəvvürlərin yaranmasıdır. İlham Əliyev necə təsəvvür yaradır? – əli qayçılı prezident təsəvvürü. Onun-bunun (öz nazirlərinin) tikdiyi körpü, tunel, binaların açılışını edən lentkəsən təsəvvürü. Yumurta kimi ən aşağı səviyyəli işlə şəxsən məşğul olan, rəsmi görüşlərdə belə oturuşunu bilməyən, ingiliscə ləhcə ilə danışan, “g” səsinə “q”, “h” səsinə “x” deyən bir əfəl təsəvvürü. Bu fonda – İlham fonunda Heydər necə görsənir? – Çauşeskunun özünü adlandırdığına uyğun desək, “Qafqazların dahisi” kimi. Əlbəttə, camaatın gözünə soxmağa gözəl əsasdır.

Və ya İlham Əliyevin yaradılmış “əfəl” epiteti fonunda “yüksəldilən” başqa birinə baxaq – Mehriban Əliyeva. Onun haqqında necə təsəvvür yaradılır? – Mehriban Əliyeva məktəblər tikir, Heydər Əliyev fondu yaradıb (yeri gəlmişkən burada incə mentalitet məqamına toxunulur – fondu qaynatasının adına etməklə sadiq gəlin təssüratı yaradılır, bu izah sadəlövh görünə bilər, lakin mentalitetlə oturub-duran kütlənin şüuraltına bu, gözləmədiyimizdən də yüksək dərəcədə təsir edir), ona kömək üçün müraciət edənlər daim qarşılıq görüblər, talassemiyalı xəstələr üçün fövqəladə yaxşılıqlar edib, deputat seçildiyi dairədə abadlıq, müasirlik, inkişaf üst səviyyədədir, kənddə McDonald’s açdırıb, nəinki ölkə daxilində, ölkə xairicində də yardımsevər, sülhpərvər kimi tanındığındandır ki, UNESKO, İSESKO kimi təşkilatların xoşməramlı səfiridir. Rəsmi siyasətin bir-çox istiqamətləri var, mən isə insanların daha çox inandıqlarını seçməyə cəhd göstərirəm.

İnsanlar Heydər Əliyevə, Mehriban Əliyevaya daha çox inandıqlarındandır ki, Heydər Əliyevin qəbri üstünə şikayət məktubu qoyurlar, nazirlərin öhdəsindən Mehriban Əliyevanın daha çox gələ bildiyinə inanırlar, nəinki İlham Əliyevin. Bu nəticələr rəsmi təbliğatın hədəflədikləridir. Yəni rəsmi təbliğtı quraşdıranlar da istəyirlər ki, insanlar məhz belə düşünsünlər. Düşünsünlər ki, İlham Əliyev kobud, laqeyddir, daha vacib və daha ümumi işlərlə məşğuldur, məsələn, Qarabağ danışıqlarını aparır, NABUKKO məsələsini həll edir, Barak Obama ilə görüşür, Avropa Birliyinin Cənubi Qafqaz siyasətinə etiraz edir və s.; bu zaman İlham Əliyev xırda işlərlə məşğul olanda insanlar özlərini onun diqqətinə layiq olduqları üçün əhəmiyyətli hesab etməli, bu əhəmiyyəti onlara İlham Əliyevin verdiyinə, daha vacib işlərə başı qarışan prezidentin ətrafının əclaflığı sayəsində əslində mərhəmətli olan bu adamın onlara lazımi diqqət yetirə bilməməsinə inanmalıdırlar. Deməli, İlham Əliyev daha vacib, qlobal məsələlərlə məşğul olduğundan laqeyd olmağa məcburdur, onun işi yüksək səviyyədədir, ona görə də qalan işlərdə əfəldir. Laqeydliyə, əfəlliyə görə onu qınamaq olmaz, bu xüsusiyyətləri ümummilli liderin qəbrindən, birinci xanımın mərhəmətindən ummalıyıq.

Bu hallarda xalqın mentalitetinə bağlılıq duyğusu şiddətlə istismar olunur. Belə bir fikir formalaşdırılıb: “onun yerinə sən olsan, neynəyərdin?” Bu sual ritorik verilir, cavab gözlənilmir, çünki mentalitetdə cavab artıq hazırdır: “sən də onun kimi edərdin, sən də oğluna villalar alardın, banklara pul yığardın, ailənə, yaxınlarına işləyərdin, vicdan səni narahat edəndə “el üçün ağlayan iki gözündən olar” atalar sözünə dayaqlanardın.” Bununla camaatda hansı təsəvvür formalaşdırılır? – İlham Əliyev də bizlərdən biridir, onun yerində kim olsa, həmin hərəkəti edər. Əvvəllər belə deyirdilər ki, “müxalifət liderləri gəlsə də, soyub talayacaqlar.” İndi isə daha da həyasız ifadəyə keçiblər: “onun yerinə sən olsan, neynəyərdin?” Bu sualı ritrik vermək işin ən həyasız yönüdür.

Demək ki, İlham Əliyevin qüsurlarının olmasını rəsmi təbliğat “qəbul edir”. Amma bu qüsurları ört-basdır etmək vəzifəsi daşıyan Heydər Əliyev, Mehriban Əliyeva institutları isə qüsursuzdur, onların qüsurlu olması bütün ailənin qüsurlu olması deməkdir. Bu isə yolverilməzdir. Ona görə də mətbuatda, internetdə İlham Əliyevin tənqidinə daha dözümlü yanaşırlar, nəinki Heydər və Mehriban Əliyevlərin. Ona görə də rəsmi təbliğatın az-çox nəticəyə nail olduğu, camaatı inandıra bildikləri məhz bu son ikisinin haqqındakı əfsanələrdir. Nəticədə hal-hazırda əksər insanlar inanırlar ki, Heydər Əliyev dahi olub, 1993-də doğrudan da bizi xilas edib, SSRİ-də sayılıb-seçilən biri olub, Qorbaçov onu ona görə qovub ki, hətta öz postuna təhlükə hesab edirdi, o, oğlundan fərqli olaraq bilirdi ki, neynəyirdi, Mehriban Əliyeva mərhəmətlidir, yaxşı anadır, aristokrat qadındır, özünə fikir verəndir, beynəlxalq siyasətdə sayılıb-seçiləndir, hökumətdə sözü keçəndir, şikayət məktublarına baxandır, İlham Əliyev yaxşıdır, ətrafı pisdir, prezident özü şəxsən maraqlanmağa imkan tapsa, çox şey düzələr, xırda məsələlər onluq deyil, xırda işlərdə əfəldir, laqeyd olmağa məcburdur.

Bu surətlərlə yanaşı rəsmi təbliğatın istifadə etdiyi oliqarx surətləri də var ki, bunlar da rejimin həqiqi simasını təhrif olunmuş formada çatdırmağa hesablanıb. Kəmalədin Heydərovun, Ziya Məmmədovun, Rövnəq Abdullayevin, Bəylər Əyyubovun və bəzi başqalarının heç də özlərinə xas olmayan “mafiya babası” imiclərinin yaradılması, özlərində də bir az olan yırtıcı, pul manyakı təəssüratının formalaşdırılması ona qulluq edir ki, başımızda duran oliqarxlar birliyi rejim kimi yox, sistem kimi təsəvvür olunsun. Camaat hesab etməlidir və əsasən də hesab edir ki, bizi idarə edənlər “bir sistem kimi” fəaliyyət göstərir, “Xruşşov sübut etdi ki, SSRİ-ni hər axmaq idarə edər” məsəli bizdə “İlham Əliyev sübut edir ki, Azərbaycanı hər axmaq idarə edər” formasında qəbul olunmalıdır, Əli İnsanov kimi “nəhəng”in məhv edilməsi ilə çökməyən sistem Kəmaləddinin, Ziyanın, lap elə İlhamın özünün getməsi ilə çökən deyil, artıq oturuşmuş mexanizmi saxlamaq vətəndaşların imkanları xaricindədir, etiraz etmək istəyənlər daxil hər kəs bu mexanizmin vintidir və bu vint vəzifələrini yerinə yetirməkdən imtina edəcəyi təqdirdə mexanizm özü-özünü tənzimləmə üsulu ilə müvazinətini qoruyacaq. Məsələn, hərdən mətbuata ötürülən gülməli dezinformasiyalar da (İlham Əliyevin Kəmaləddinə təpik vurması stilində “xəbər”lər) rejimin sistem kimi fəaliyyət göstərməsi və əvəzedilməz adamın olmaması təəssüratının yaradılmasına hesablanıb. Amma bütün bunların camaatın beynində yaradılmağa çalışıldığı illüziya olduğu azca dərindən düşünən hər kəsə bəllidir. Sadəcə problem bundadır ki, rəsmi cəhətdən həvəsləndirilən savadsızlaşdırılmanın fonunda get-getə kütləşən kütlə buna adətən inanır.

İnsanları hakimiyyətə qarşı çıxmamağa həvəsləndirən inamlardan bəziləri bunlardır. Digər bir inam klassik müxalifətin iyrəncliyidir. Əslində bizdə üçüncü dünya dövlətlərinə xas olan adi situasiya var (əlbəttə ki, özünəməxsusluqları ilə birlikdə). Belə ki, vaxtilə az-çox demokratik yolla formalaşdırılmış bir hakimiyyət olub, sonra hərbi-siyasi çevrilişlə bu hakimiyyət yıxılmış və nəticədə bu hakimiyyətdə təmsil olunanlar avtomatik olaraq müxalifətə çevrilmişlər. Yəni onların müxalifət olması və yenidən hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaları ən təbii hallardan biridir. Lakin diktatura bu təbii vəziyyəti öz yalanlar pərdəsi altında eybəcərləşdirərək təqdim edir. Müxalifət haqqında insanların ən çox inandırıldıqları məsələ bir sualla ifadə olunur: “1 il hakimiyyətdə olub neynədiniz ki?” Buna inananlara demək lazımdır ki, Heydər Əliyevin hakimiyyətinin nəinki ilk 1 illiyində, ümumiyyətlə sonrakı illərində də həmin 1 ilin uğurlarının heç yarısı da əldə olunmayıb. Lakin inanan insanlara həqiqətləri çatdırmağın yolu başqa mövzudur. Qayıdaq 1 il məsələsinə. Rəsmi təbliğat iddia edir ki, həmin 1 ildə Azərbaycnın növbəti 100 illərlə davam edəcək bədbəxtliklərinin əsası qoyulub. Buna görə də həmin 1 ildəki uğurlar görməzdən gəlinir. Latin əlifbasının əhəmiyyətindən danışılmır, danışılsa da, kimin sayəsində bu əlifbaya keçildiyi qətiyyən xatırlanmır. Eynilə də test imtahanlarına keçid, rus qoşunlarının respublika ərazisindən demək olar ki, çıxarılması və s. məsələlərdə də bənzər davranılır (1918-20-ci illər məsələlərinə qızqanc yanaşma da az-çox bu səbəblərdən irəli gəlir). Buna görə də camaat müxalifət liderləri ilə sanki prinsipdədir. Əksəriyyətdə belə fikir var ki, “iti görüm, qurdu görüm, klassik müxalifəti görməyim”. Əhalinin mütləq əksəriyyəti hakimiyyətdən narazı olsa da, onlara bu narazılığı ifadə etmək üçün yol kimi müxalifətə qoşulmanı göstərdikdə “daha optimal variant” kimi diktaturanı seçirlər. İnsanların savadsızlığından istifadə edərək “yalnız hakimiyyətə gəlmək məqsədi olan siyasi partiyalar” ifadəsi ilə də onları ələ almağa nail olurlar; bunun savadsızlığı isə ondadır ki, hakimiyyətə gəlmək məqsədi olamayan qurumun siyasi partiya sayıla bilməməsini kütlə bilmir və rəsmi təbliğat bundan sui-istifadə edir. Lakin insanların əksəriyyətinin müxalifətə qarşı haqsız allergiyası da hakimiyyəti razı salmır, haqsızın qorxaq olması məntiqi ilə hakimiyət müxaliflərə qarşı yeni yalanlar uydurur, təəssüf ki, bəzən insanları buna inandıra bilirlər.
Bütün mətn boyu rəsmi təbliğatın insanlarda yaratmağa çalışdığı və əsasən nail olduğu yalanlar kompleksi barədə danışıldı. Bu yalanlar şəbəkəsinin köpük kimi dağıdılması üçün bu “məlumatlar”ın yalan olması insanlara çatdırılmalıdır, bu çatdırmanın hansı üsulla olması isə başqa yazının mövzusudur.
P.S. Kitabı oxuduqca yazılar yazacağam.

Comments