Gəncə xəstəxanasında (I hissə)

2008 müharibəsi dövründə Rusiyadan Gürcüstana gedən bir jurnalist bədbəxtlikdən Azərbaycandan keçmişdi. Yazısındakı 1 cümlə ilə bu biabırçı dövləti gözəl təsvir etmişdi: “Azərbaycana girəndə də məndən pul istədilər, Azərbaycandan çıxanda da şlaqbaumu qaldıran axırıncı əsgər məndən pul istədi.”
Bu günlərdə Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının bir-neçə günlük xəstəsi olarkən mən də bu halı yaşadım. Ayağım gipsdə xəstəxanaya çatdım. Məni gətirən qohumlarımın qabağına bir arvad çıxdı. Daha çox xadiməyə oxşayırdı. Bu arvad canfəşanlıqla xərək sürən başqa arvadı çağırdı, sonra liftyor tibb bacısını çağırdı. Axırda bu canfəşanlığa görə pul istədi.
Əlqərəz məni uzatdılar xərəyə. Qəribə orasıdır ki, bu xəstəxanada liftə baxmaqdan başqa vəzifəsi olmayan tibb (!) bacısı var. Liftyor da pul istədi, xərəkdaşıyan da pul istədi. Hərəsinə 50 qəpikdən 5 manata qədər pul paylanırdı. Mənə palata tapmaq nədənsə problem oldu. Nəyə görəsə məni xərəkqarışıq sürdülər arvadlar palatasına. 8 palatanın yeddisindən, hərəsindən 4-5 nəfər olmaqla bir yığın arvad çıxıb başladılar, hamısı birdən çığıra-çığıra danışmağa.
Uzanmışdım təəccüblə baxırdım. Antarktikadakı quş bazarına ekspedisiyaçı-alim yaxınlaşanda pinqvinlərin saldığı qara-qışqırığın içində idim elə bil. Daha çox o sözü eşiirdim ki, “bura arvadların palatasadır, ora kişi olmaz.” Bunu deyən üzü üzlər görmüş arvadlardan birinə “ay xala, şortikim gipsdən dardı, onsuz da soyuna bilmirəm. Qorxmayın” cavabını verməklə penisimə ən böyük həqarəti etmiş oldum. Ortaya dalıyekə bir arvad çıxıb camaatı yara-yara məni 4 yerdən üçünün boş olduğu palataya apardı.
Məlum oldu ki, bütün qara-qışqırıq məni bu dalıyekəyə pul verməyə məcbur etmək üçün imiş. Bu da manatını aldı. Dərhal başqa arvad peyda olub üstündən əvvəlki xəstələrin irinlərindən, qanlarından əziz xatirə saxlanılmış “təmiz” döşəkağı-filan gətirdi, pulunu alıb aradan çıxdı. Daha bir dalıyekə ortaya çıxıb tarakanlarla dolu olan dolabı əli ilə, əlindəki üfunətli əski ilə silib əmimə dedi: “Başdakı otaqdayam haaa...” Birtəhər uzanmışdım ki, biri gəlib dedi ki, “sənə baxan “sestra” mənəm.” Yəni düş. Əmim bunu da yola saldı. Bazar günü olduğundan həkimi gözləyib qalası oldum orda. Gecə yatana qədər beləcə yeni-yeni dalıyekələr gəlib qəribə xidmətlərini təklif etdilər.
Mənimlə bir palatada yatan 73 yaşlı, əməliyyat olunmuş kişinin yalvarışlarına adətən məhəl qoymurdular. Çünki kişinin oğlu pulu əvvəldən vermişdi, cari ödənişləri həyata keçirmirdi.
Gecə mənə əlil arabası verdilər ki, tualetə gedim. Tualetə girib elə mundarçılıq gördüm ki, mən cəhənnəm, cinsiyyət orqanım işəməkdən imtina etdi. Birtəhər razı saldım. Yatmaq vaxtı gördüm dəhlizdə oturacaqlarda yatanlar var. Elə bildim, palatalar doludu. Ama məlum oldu ki, bunların palatada yerləri var, sadəcə tarakanlar yatmağa imkan vermirlər.
Səhər həkim gəlib baxdı və rentgenə göndəriş verdi. Yenə ödənişli, bir təkəri qırıq, üstü çirkdən bədənə yapışan masa süfrəsi ilə örtülü xərək gəldi. Rentgen şöbəsinə gedən dərəli-təpəli yoldan birtəhər keçib şöbəyə girdik. Rentgen həkiminin yanında 2-3 başqa arvad da vardı. Əvvəldən qəsdən çirkli saxladıqları aparatı-zadı gözümüzün qabağında “təmizləməklə” pul umurdular. Rentgenə ikiqat qiymət ödəyib qapıya yönəldik. Və... Şöbənin qapısı dəhliz tərəfdən bağlıdır. Qapını döyürük, cavab verən yoxdur. Anlamırıq bizi niyə buraxmırlar. Onda dalıyekələrdən biri yaxınlaşıb bizə “canıyananlıqla” “1manat verərsiz də” deyib kimisə çağırdı. Gəlib qapını açıb pulu aldılar.
Palatada yerimdə uzandım. Bir arvad gəlib venamdan qan alıb getdi. Xəbər göndərdi ki, 8 manat verim. Yanımda kimsə yox idi. Yəni pulu mən verməli idim. Dedim, çağırın, gəlsin. Sevinə-sevinə gəldi. Dedi, 5 manat hepatit analizinə, 3 manat “СПИД”-ə. Dedim, vermirəm, sonra? Dedi, məndən istəyirlər axı? Dedim, səndən pul istəyəni də çağır. “Qadan alaram” deyib getdi və bir də gəlmədi. Biri gəlib kardioqramma çıxardı və “kağız pulu” adlandırdığı 3 manatı istədi. Dedim, vermirəm. Dedi, mən 25 manat maaş alıram və kağızı da cibimdən alıram. Dedim, mən müəllimlərin və həkimlərin maaşının az olmasına görə mitinqə çıxıb sənin maaşının 3200%-i qədər maaşı olan işimi itirmişəm, döyülmüşəm, tutulmuşam; sən nə sifətlə məndən pul istəyirsən? Kasıbsan, etiraz elə, eləmirsən, harama kimi!? Mən nitqimi irad edəndə qonşu yataqdan duran kişi kardioqramma çıxardana 3 manat verib dedi: “Allah prezidentimizin başına daş salsın.” Yer-yerdən “Amin” sədaları ucaldı.

P.S. Bəlkə də II hissə olmadı.

Comments