"Guardian"da Azərbaycan haqqında məqalə

www.guardian.co.uk saytında 01 iyun 2011-ci ildə Azərbaycan haqqında məqalə çıxmışdır (tərcüməni təqdim edirəm):

Qlobal ərzaq böhranının Azərbaycana təsiri – şəkillərdə

1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması və qonşu Ermənistanla baş vermiş konflikt zamanı humanitar böhranın ardınca Azərbaycan ərazisinin 16%-ini itirdi və 600.000 adamı öz evlərindən zor gücünə çıxarıldı. Bu gün hələ də minlərlə adam evsizdir və ya son dərəcə yoxsul vəziyyətdə yaşayır. Fotoqraf David Levene Azərbaycanın təbii neft ehtiyatlarına baxmayaraq ərzaq qiymətləri sürətlə qalxan və cəmiyyətin ərzaq təhlükəsizliyini təhdid edən Bərdə rayonundakı ailələrə baş çəkmişdir.



Gülnarə və ailəsi odun sobasını həm isinmək, həm də yemək hazırlamaq üçün istifadə edir. Gülnarə Kələntərli kəndində yaşayır. Onun ailəsinin təxminən 1 hektar torpağı var. O, Teyyubla ailə qurub və 3 uşağı var. Fərhadın 17, Lamiyənin 14 və Gülmiranın 12 yaşı var. “Biz orta hesabla 3 həftədə bir dəfə ət alırıq. Bizim gəlirlərimizin təxminən 70%-i yeməyə, uşaqlarımın təhsil xərcinə, nəqliyyata və isinməyə gedir. Ərzaq qiymətləri aşağı olsaydı, mən böyük qızımı texnikuma və ya universitetə göndərə bilərdim, onun özü də təhsilini davam etdirməyə çox həvəslidir, lakin bu qiymətlərlə çətin ki, bu, bizə mümkün olsun”, Teyyub deyir.


Bərdə meyvə-tərəvəz dükanı. Daha çox ərzaq qiymətlərinin qalxmasına görə əksər insanlar bura gəlmək və təzə meyvə-tərəvəz almaq imkanında deyillər. “Ərzaq qiymətləri qalxana qədər biz 20 kq kartofdan istifadə edirdik, indi isə 15 kq almalıyıq ki, bu da bizim qidamızdan kəsməyimiz deməkdir. Son qiymət artımları əvvəlkilərə nisbətən daha yüksəkdir: keçən il un 14 manat idi, indi 22 manatdır. Biz başqa ərzaqlarımızdan kəsib çörək istehlakını artırmalı oluruq”, Şakir Həsənov deyir. “Mən deyə bilərəm ki, mənim gəlirlərimin əksəriyyəti ərzağa gedir. Mənim ən çox qorxduğum şey odur ki, mən ailəmə ərzaq ala bilməyim və onlar ac qalsınlar. Mən həm də ondan qorxuram ki, müharibə vaxtı olduğu kimi uzun ərzaq növbələri olsun.”


Bərdə magistralında unla yüklənmiş maşın. Kənd yerlərində çox adamın daimi işi yoxdur və onlar yaşamaq üçün müxtəlif növ işlərlə məşğul olurlar. Əsas ərzaq məhsullarının (çörək və yumurta kimi) qiymətləri əhəmiyyətli dərəcədə qalxmışdır (müvafiq olaraq 17% və 20%). Digər tərəfdən fermerlərin ərzaqlarının ferma qiymətləri düşmüşdür. Bu, kənd təsərrüfatının yeganə gəlir mənbəyi olduğu kənd yerlərində yoxsul və azgəlirli ailələri artırmışdır.

Bərdədə Dördyol tərəfdə təzə ət satan küçə satıcısı. Açıq havadakı qəssab dükanları sanitar qaydalara cavab vermir və mövsümidir. Ətin qiymətləri bir ildən də az müddətdə dramatik şəkildə qalxmışdır – qoyun əti 36% və mal əti 13%.



Sevinc İsmayılovanın əri Tahir 1963-cü ildə Ağdamın Boyəhmədli kəndində doğulub. Dağlıq Qarabağ müharibəsindən sonra hal-hazırda o, məcburi köçkündür. 1992-ci ilin mayından o, ailəsi ilə kiçik bir daxmada yaşayır: arvadı Sevinc – 42 yaşında və uşaqları Nuranə - 16 yaşında, Rəqsanə - 8 yaşında, İlahə - 7 yaşında və Namiq – 3 yaşında. Tahir işsizdir, onun arvadı evdar qadındır. “Biz evimizi qızdırmaq üçün odun alırıq, indi odun xeyli bahadır, buna görə də baxmayaraq ki, ilin bu vaxtı hava hələ də soyuqdur, biz artıq evi qızdırmırıq. Qızdırma olmadan, gəlirsiz və yüksək ərzaq qiymətləri ilə həyat ailəmiz üçün get-gedə çətinləşir”, Tahir deyir. “Qiymətlər bu günlərdə daha sürətlə və daha çox qalxır. Heç kim yoxsulları düşünmür, yoxsul üçün bu şəraitdə yaşamaq mümkünsüzdür.”



Əsasən Ağdamdan olan məcburi köçkünlər tərəfindən məskunlaşmış Dördyol ərazisində 53 yaşlı İsmayıl və onun oğlu 27 yaşlı Eldar dükan sahibidirlər. “Bu balaca dükanı açana qədər biz xeyli maneələrlə qarşılaşdıq. Biz Bərdə sakini sayılmasaq da, məcburi köçkünlər üçün heç bir maliyyə yardımı və ya kredit yoxdur, ona görə də biz başqalarından borc götürməyə məcbur olurduq. Bu ərazidə əksər insanların ərzaq üçün pulu yoxdur. Bir məcburi köçkün kimi mən onları başa düşürəm və yalnız ayın sonunda borclarını ödəyirlər və ya daha gec – o biri aylarda cüzi ödənişlər edirlər. amma, əlbəttə ki, mən bunu həmişə edə bilmərəm, çünki iflas riski daşıyıram. Buna görə də mənim xərcim gəlirimdən çoxdur”, İsmayıl deyir.


51 yaşlı Nigar Məmmədova toyuq yemini göstərir. Nigar və ailəsi 1994-cü ilin aprelində Güllücə kəndindən qaçıblar. Onun əri şəhəri müdafiə etmək üçün Ağdamda qalmış və ailəsinə görə alov altında tələsik yük maşını ilə oranı tərk etmişdir. Bir gün sonra Nigar eşidib ki, əri ölüb. O, 2 uşaqlı tək anadır. Nigar və uşaqları 12 il Ərəb qaçqın şəhərciyində çadırda yaşayıblar. İndi o, Dördyol məcburi köçkün qəsəbəsində 2006-cı ildə hökumət tərfindən verilmiş evdə yaşayır. O, yerli məcburi köçkün məktəbində həftədə 8 saat müəllim işləyir və çox az əmək haqqı alır. “Müəllimliklə aldığm məvacib yeməyimiz bir kənara, heç isinməyimizə də çatmır. Oğlumla mən bir-neçə başqa iş də görməli oluruq ki, ailəni dolandıraq. Bizim heyvanlarımız yoxdur, çünki onların yemi bir ildə 80% bahalaşıb və çox bahadır, ona görə də mən quşlarımın sayını 10-a qədər azaltmışam. Lakin nəvəm üçün toyuq saxlamaq vacibdir, ən azından biz yumurta və ətə pul vermirik.”


4 qadın – Şükufə Məmmədova, Sevda Quliyeva, Zərgül Əbilova və Lətafət Aslanova Dördyol/Köçərli dəmir yol stansiyasının yaxınlığındakı konteynerlərin və daxmaların yanında çörək bişirirlər. Təxminən 70 məcburi köçkün ailəsi Dördyol qəsəbəsində daxmada yaşayır. Bu daxmalar 1993-cü ildən var, o zaman bu şəriatdə 2.000 adam yaşayırdı. Bu rəqəm əsaslı surətdə azalmışdır. Lakin rəsmi statistika yoxdur. Bu komalarda içməli su, qaz və ya sanitariya yoxdur. Onlar hər gün birlikdə çörək bişirirlər.


Yəmən Məmmədova və Məhəmməd Məmmədov. Yəmən Dördyol/Köçərli dəmir yol stansiyasının yaxınlığındakı qəsəbədə tərəvəz yuyarkən Məhəmməd qış günəşinin altında yatır.


Qasımbəyli kəndi Oxfam-ın Bərdədə subartezian quyularını bərpa etdiyi kəndlərdən biridir. Uzun illər quyu istifadəsiz olub və kənd əhalisnin pulu olmayıb ki, onu bərpa etsin. Yerli su istifadəçiləri birliyindən olan Siyavuş Əliyevə görə kənddə 1.000-dən çox adam var ki, onların da 70%-i quyudan faydalanır. “Kənddə işsizlik problemi olduğundan mənim daimi işim yoxdur. Yeganə gəlir mənbəyim təsərrüfatdır. Mən bağ sahəmdə əsasən yerkökü, həmçinin pomidor, istiot, katrof və lobya əkirəm”, Qara deyir.


Kələntərlidən Nuridə Məmmədova 5 nəfərlik ailə üzvləri ilə birlikdə yaşayır - əri Talıb Abdullayev, 53 yaşında, oğulları Seymur, 22 yaşında, qızları – Nərgiz 18 yaşında və Günel 15 yaşında. Nuridə və Tələt 1987-ci ildə evkləndiklərindən bəri indiki evlərində yaşayırlar. Onların oğlu Seymura uşaqlıqdan autizm diaqnozu qoyulub. Ailənin gəliri ayda 80 manatdır. “Əsas problemlər ərzaq məhsullarının namünasib qiyməti və qaz təminatının olmamasıdır. Son illər ərzaq məhsullarının qiyməti xeyli qalxıb, bizim gəlirimizlə ailə saxlamaq üçün heç ərzaq məhsullarını da almaq olmur”, Nuridə deyir.


Roza Abbasova indicə Kələntərli kəndindəki evində hazırladığı pendirləri göstərir. Kələntərli Bərdədən 10 km aralıdır və böyük bir kənddir. Kənd əhalisinin əksəriyyəti aşağı gəlirlə, kənd təsərrüfatı məhsuldarlığı və məhdud bazar çatımlığı ilə yoxsuldur.


47 yaşlı Mirzə Baxışov və ailəsi Şahvəllər kəndindəki evlərinin həyətində həftənin ərzaq dəyərini nümayiş etdirir. Mirzə bu kənddə, bu evdə doğulub boya-başa çatmışdır. O, bütün ömrü boyu kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. O və arvadı 37 yaşlı Zərxara, 2 oğlu – 18 yaşlı Xasay və 15 yaşlı Elçinin kiçik miqdarda torpaqları vardır. Zərxara 1 hektardan yonca yığır ki, əri heyvanlarına istifadə etsin. Mirzə həmçinin bağından cəfəri yığdığı kimi digər hektarlarda azca pambıq və buğda becərir. Onun 2 inəyi, 2 camışı, 1 danası, 1 eşşəyi, bir-neçə qoyunu, 6 ördəyi və 2 toyuğu vardır. “Bizim az miqdarda mal-qara və quşlarımız bizim üçün hər şeydir. Bizim bütün gəlirimiz və həyatımız onlardan asılıdır. Bizim əsas problemlərimiz kənd təsərrüfatı suları və bitkilərin irriqasiyasıdır.”


Bərdədə köhnə bir Sovet avtobus dayanacağının bir hissəsi olmuş istifadə olunmayan benzin nasosları.

Mənbə: http://www.guardian.co.uk/global-development/gallery/2011/jun/01/global-food-crisis-azerbaijan-in-pictures?picture=375186954

Comments