Şəki dəliləri



 
Uşaqlığım Şəkidə keçib. Şəkinin başqa yerlərdən fərqli xüsusiyyətləri çoxdur. Biri də dəliləridir. Şəhərdə o qədər dəli olurdu ki (indi dəqiq bilmirəm vəziyyət necədir), seçmək bəzən çətin olurdu ki, qarşındakı adam dəlidir, ya ağıllı. O dəlilər də Şəki kimi unikal idilər. Hərəsindən bir cür ağıllı söz, hərəkət çıxırdı. Hərəsinin də bir cür ləqəbi olurdu.
Əlimsəndə Məmmədə kimin əli dəysə, dayanmadan uzun müddət, ya da qaçıb ondan uzaqlaşana qədər əlini həmin adama vururdu. Albert oxumuş adam idi, zibillikdən kağız-kuğuz yığıb yekə zənbillərdə iy verə-verə daşıyırdı.
Dəli Firqət şəhərin girişində gəlib-gedən maşınlara ilişirdi. Dəli Namiq şalvarına un kisəsindən şalvarın qurtaracağına uzanan qədər cib tikmişdi ki, toylarda yerə tökülən şabaşdan pul yığanda cibində yer olsun. Kar Səriyə heç nə eşitmirdi.
Bir dəli qadın var idi, onun yazıq halından istifadə edən 3-4 kişi tutub yolda zorlamışdılar. Dəli Famil başıaşağı gəzirdi, ilişən olsa (ki, bu da həmişə olurdu) dalınca qaçır, tutsa, eşşək kimi döyürdü. Zahid məqsədsiz dağa gedib-gəlirdi. Əlyəsər ölümünə yaxın həyətindəki ağır əşyaları darvazanın üstündən yola atırdı. O, fiziki cəhətdən güclü adam idi. Bir dəfə dağa eşşəklə gedib odun yığmağa. Qaranlığa düşübmüş, eşşəklə dağdan gəlirmiş, özü qabaqda, noxtasından tutduğu, beli odunla dolu eşşəyi də dalda gəlirmiş. Yorulub dayananda hiss edib ki, çiyninə “əl” dəyir. Arxaya baxıb görüb ki, bir ayı iki ayaq üstə hücuma hazırdı. Eşşəyi odun qarışıq çiyninə alıb dağdan evə qədər qaçıb.
Bir dəli var idi, şəhərin ən mərkəzi avtobus dayanacağında dayanıb gəlib-gedənə “maa pul ver dəə” deyərək əl çəkmirdi. Onun adı eləcə “maa pul ver dəə” qalmışdı. Söyün deyilən biri var idi, uşaqlar azca pul verib nə desələr, edirdi. Tanıdığım uşaqlar var idi ki, onu minet elətdiridilər. Söyünün alnına “çivin” (milçək) qonanda dili ilə öldürürmüş.
Çoxlu qadın dəli var idi. Əksəriyyəti dilənirdi. 2 bacı dilənçi vardı, biri dəli idi. Onlar öləndə evlərindən tam bir sərvət çıxdı.
Mən cəmiyyətə çətinliklə yovuşan adam olduğumdan çoxunu tanımırdım. Tanıdıqlarım da indi yadıma düşmür. Yəni saydıqlarımdan xeyli çox dəli Şəkini küçəbəküçə fırlanır, insanları əyləndirir, bəzən təhlükə yaradırdılar. Şəkidə hər kəndin də öz dəlisi və ya dəliləri olurdu.
Mütəmadi olaraq yeni dəlilər meydana çıxırdı. Bunun bir səbəbi evində dəli olub küçələrə düşənlər idisə, bir səbəbi də mütəmadi olaraq dəlixanadan “lazımsız” dəlilərin buraxılması idi. Dəlixanada daha çox fiziki cəhətdən güclü və mağmın (bütün əmrləri yerinə yetirən yazıq) dəliləri saxlayırdılar. Çünki onları tikintidə, dağdan odun gətirtməkdə işlədib pul qazanırdılar.
Zarafatcıl Şəki camaatı dəlilərlə nə qədər məzələnsə də, onlara qarşı ümumi münasibət yaxşı idi. Toyda, yasda onları yedirdir, dilənənləri acından ölməyə, soyuqdan donmağa qoymurdular.
Bu dəlilər uşaqlıq xatirəmin ağrılı hissəsidir. İndi də onları düşünəndə hakimiyyətin öz xalqını nə günlərə sala biləcəyini görürəm.

Comments