Təbəssümlü meyitlər

“Cam bir kap içinde devasa kaos” – bu, son oxuyub qurtardığım Vladimir Bartolun “Alamut” əsərindən ən çox yadımda qalan cümlə oldu. Əsər çox maraqlıdır. Tarixi romanlardan belə təsir gözləmirdim. Sadəcə tarix mənə maraqlı gəldiyinə görə oxuyurdum, amma gözlənilmədən kəşf etdim ki, tarixi romandan çıxan nəticəni başqaları verə bilməz yəqin. Bu əsər haqqında çox danışa, yaza bilərəm. Hələ ki, ağlıma ilk gələnləri qeyd edim.
Qayıdaq ilk cümləyə. Nə deməkdir bu? Bunu deyərkən əsərin qəhrəmanı Həsən ibn Sabbah həyata məna verməyə çalışırdı. Deməli, bu adam maraqlı deist olub. Düşünür ki, mütləq həqiqəti heç vaxt dərk edə bilməyəcəyik, həmin mütləq həqiqət isə mövcuddur. Bizdən kənardadır, bizim üçün ən ümumi qaydaları müəyyən edib. Yəni “Cam bir kap içinde devasa kaos”. Biz qabın – bu mütləq həqiqətin qoyduğu hədlərin içərisindəyik. Lakin qab çox yekədir, onun içərisinə ətrafımızda hiss etdiyimiz və etmədiyimiz hər şey daxildir. Və içəridəkilərin öz aralarındakı münasibətləri həmin ali həqiqəti maraqlandırmır. Ona görə içəridə nəhəng xaos hökm sürür. Amma bu xaosdan bəziləri qabın divarlarına yaxınlaşa bilir. Qab isə şəffafdır. “Qabın divarlarına yaxınlaşma” kimi inkişaf səviyyəsinə çatan varlıq indi izah etdiyimiz həqiqəti dərk edə biləcək.
Həsən ibn Sabbahın bundan çıxardığı nəticə məni heyrətə salır – “heç nə həqiqi deyil, hər şey izinlidir”. Deməli, bu adam iddia edib ki, ətrafmızı biz necə başa düşürüksə, onlar bizim üçün o cürdürlər, amma əslində tamamilə fərqli ola bilərlər. Yəni duyğu orqanlarımız vasitəsilə səhv mesajın ötürüldüyü təqdirdə biz ətrafı elə səhv anlayacaq və bunu mütləq həqiqət hesab edəcəyik. Duyğularmızın bizi aldadıb-aldatmadığını isə yəqin heç vaxt bilməyəcəyik. Deməli, ətrafımızdakılardan nələrsə həqiqət deyil, sadəcə biz onları belə dərk edirik, dərketmə isə fərdi, nisbi bir şeydir. Buna görə də həqiqi heç nə yoxdur. Deməli, dar anlamda (yəni həmin şüşə qabın içində) həqiqi heç nə yoxdur və bizi cəzalandıran nəsnə də yoxdur, çünki hər şeydən ali nəzarətedici nəsnə yoxdur. Deməli, hər şey etmək olar, sadəcə bunu dərk edənlər biləcəklər ki, hər şey izinlidir.
Adam bundan elə istifadə edir ki, məncə tarix hələ belə nümunə göstərməyib. Deməli, Həsən ibn Sabbah Ələmut qalasını ələ keçirir. Bu qala 2 hissədən ibarətdir. Bir hissə döyüşçülərin məşqləri, yaşamaları üçün olan hissədir. Arxa tərəfdə, sıldırımların əhatəsində isə bağlar var. Həsən bu bağları Quranda cənnətin təsvir olunduğu formaya salır. Rəngli Çin fənərlərindən istifadə etməklə rəngarəng işıqlar yaradır, türkəçarə ilə orada saxladığı qızları daim bakirə saxlayır və s.. Sonra döyüşçülərindən bir-neçəsini ora salır. Qızlara ölüm təhdidi altında həqiqəti deməyi qadağan edir. Və qızlar da ora düşən döyüşçüləri cənnətdə olduqlarına inandırır. İbn Sabbah döyüşçüləri ora salanda da, ordan çıxardanda da onları xaş-xaş həbləri ilə yatırdır. Döyüşçülər oyananda inanırlar ki, Allah cənnətin açarlarını Seydunaya (Həsən ibn Sabbaha) verib.
Maraqlı məsələ isə ibn Sabbahın bu adamlardan istifadə edərkən özünə qazandırdığı bəraətdir. Deməli, “cənnət sakinləri” dünyanın ilk kamikadzeləri olurlar. Həsən onlara intihar etməyi əmr edəndə özlərini öldürürlər, çünki ardınca cənnətə gedəcəklərinə sidq-ürəkdən inanırlar. İbn Sabbah isə hesab edirdi ki, onun həqiqəti bilməsi kamikadzelərin həqiqəti bilməməsinə nisbətdə vicdansızlıq deyil. Çünki hər insan ətrafı aləmi dərk etdiyi kimi anlayır və dərketmə isə həmişə bizi yanıldır. Məhz bu halda isə həmin kamikadzelər kimi yanılma daha yaxşıdır, nəinki həqiqəti bilmə. Çünki həqiqət “həqiqi heç bir şeyin olmaması”dır, bunu dərk etmək isə insana daimi əzab verir. Ölümdən sonra həyatın olmaması həqiqətini bilmək əzabındansa, öləndən sonra cənnətə gedəcəyinə əmin olmaq yalanına sidq-ürəkdən inanmaq daha yaxşıdır. Onsuz da hər bir halda öləndən sonra bir heç oluruq, hansına inanırıq, inanaq, axırı heçlikdir. Əsas ölümə qədər olandır. Kamikadzelər üçün isə ölümə qədər hər şey əla gedir, hətta öləndə dodaqlarında təbəssüm də qalır.
Təbəssümlü meyitlər. Pisdir ki? Xoşbəxtlik anlayışı yenə gəlib ortaya girir. İnsan özünü xoşbəxt hesab edəndə xoşbəxtdir, yoxsa bu məsələ başqa cürdür? Məsələn, SSRİ-də insanlar yalanların içində yaşayaraq özlərini xoşbəxt hesab edirdilər. Onlar hüquqlarının pozulmasını görmür, bu halı düzgün hesab edirlər. İndi sovet vətəndaşları sağdırlar. Onlar niyə SSRİ-ə qayıtmaq istəyirlər? Çünki orada daha yaxşı yaşadıqlarını düşünürlər. Onlardan soruşanda ki, “axı sizin ən adi hüquqlarınız pozulurdu?” dyirlər ki, “guya hüquqlarımzı bilib neylədik ki!?” Bu sonuncu reaksiya Həsən ibn Sabbah eksperimentini xatırladır. Kitabda ibn Sabbah əla misal verir buna aid. Xəsis varlı qızıllarını bağda basdırır və inanır ki, qızılları ordadır. Qızıllar orda olduğuna görə o, xoşbəxtdir. Bir gün oğru qızılları oğurlayır. Lakin xəsisin bundan xəbəri yoxdur. Xəsis hələ də xoşbəxtdir. O, beləcə əsl həqiqətdən bixəbər ölsə, həqiqət nədən ibarət olacaq? O adam heçliyə qovuşur və onun həqiqəti, onun xoşbəxtliyi məhz bundan - əslində mövcud olmayan qızılın basdırıldığı yerdə olması “həqiqətindən” ibarət olur. “Əlvida, Lenin” filmində də təxminən belə haldan danışılır. Yaxud başqa misal – Berlin divarı dağıdılandan sonra onun qalıqları baha qiymətə satılırdı. Bəlkə hələ də hansısa fırıldaqçı satmağa davam edir. Tutaq ki, bir fırıldaqçı adi divardan sökülmüş bir kərpici hansısa avam kolleksiyaçıya berlin divarının qalığı adı ilə satır və həmin kolleksiyaçı da buna inanır. İndi lazımdırmı o kolleksiyaçıya həqiqəti deyib onu incitmək, həqiqətin əzabını ona daddırmaq?
Həqiqətin ağırlığını, başqa sözlə həddən artıq aciz olduğumuzu bilmə həqiqətini daşımaq çətindir. İnsan nə qədər dayaz olarsa, nə qədər az bilikli olarsa, o qədər asan xoşbəxt olar. Bu xaosda bütün insanlara həqiqəti bildirmək məcburiyyətindəyik? Bəlkə buraxaq bəziləri öz yalanları ilə qısa həyatlarını xoşbəxtlik içində sonlandırsınlar? Axı hamımız əvvəl-axır heçliyik. Kim qarantiya verir ki, həqiqəti bilənlər sonradan SSRİ-nin xiffətini edən sovet vətəndaşları kimi peşman olmayacaqlar?
İndi kamikadzeləri “cənnət həqiqətləri”ndə uyduranlara məhz bu “vicdansızlıqları”ma görə qınaq düşürmü? Axı onlar kamikadzeləri daha da xoşbəxt ediblər!?

Comments