Utanıram, bəy!



 
Bir dəfə uşaq vaxtlarımda tarix dərsində idim. Müəllimimiz köhnə cəbhəçilərdən idi. Söhbət Əbülfəz Əliyevdən düşdü. Müəllim “rəhmətlik Elçibəy” deyəndə mən dediyimin anlamını da bilmədən “Keçibəy” dedim. Müəllim sərt reaksiya verdi, amma o qədər yumşaq adam idi ki, sadə sərtliyindən də anladım ki, quş buraxmışam.
Təhqir kimi deməmişdim, həmişə evdə-bayırda eşitdiyim sözü demişdim. Üstündən illər keçdi. Elçibəyin kim olduğunu azca da olsa, anlayanda nə böyük qələt elədiyimi anladım. Müəllimimin mənə qarşı səbrli davranışına heyrətləndim. Mən onun yerində olsam, o uşağa bunu öyrədənləri ağzıma gələnlə söyərdim.
Bəli, zaman-zaman mahiyyətini anladığım bu qələtin ölçüsü böyüyür. Çünki Elçibəy özü mənim üçün get-gedə böyüyür. Bu qədər səmimi, bu qədər vətənpərvər, bu qədər humanist, bu qədər demokrat... hardasa hər idealı hər idealıma uyğun gələrək get-gedə böyüyür bəy.
Bir dəfə Elnur Astanbəylidən oxumuşdum ki, “Elçibəy yaxşı adamdır, amma hakimiyyətə yaramırdı” demək ayıbdır. Ona görə ki, bizi idarə edəcək hakimiyyət mütləq mundar olmalıdır deyə bir şeyi təsdiq etmək ayıbdır.
Bu kütləni həmişə söymüşəm. Amma bir şeyi anlayıram ki, biz Heydər Əliyevə layiq deyilik. Biz Elçibəyə layiq olmalıyıq, layiq olanlarımız da var. Ən azından o layiq olanlarımız üçün bu nalayiq Əliyevlərlə mübarizəyə dəyər.
Bəy bu mübarizədə bizə layiqlik obyektini göstərir. Mənə isə qələtimin böyüklüyünü anlamaqda kömək edərək mənim üçün hələ də böyüyür. Böyüdükcə də o sözümə görə utandırır məni.
Utanıram, bəy!

Comments