Bu gün məktəblərdən biri haqqında məlumat eşitmişəm. Deməli, eşitdiyimi təqdim edirəm:
“Xırdalandakı 1 saylı məktəbin direktoru bir müddət əvvəl işdən çıxarılıb. Bu adam əvvəllər azadlıqdan məhrumetmə müəssisəsində dərs dediyindən məktəbi də nadzor qaydasında idarə edib. Pulgirliyi sərhəd tanımır.
Deməli, bu adam özbaşına 6 dənə sinif açıb. Özbaşına o deməkdir ki, Azərbaycan təhsil sistemindəki yazılmış və yazılmamış qanunlara görə əgər yeni sinif açılırsa, bundan “yuxarılar” yazılmış qanunlara əsasən qanuni şəkildə, yazılmamış qanunlara əsasən isə qanunsuz şəkildə xəbər tutmalıdırlar. Yazılmış qanunlar aydın məsələdir. Yazılmamış qanunlarda da məsələ belədir ki, yeni sinif gəlir mənbəyi olduğu üçün rüşvəti verilməlidir, bundan sonra ora dərs deyəcək müəllimlərin tapşırılması, onlardan rüşvətlərin alınması, ora düşən uşaqların basabas siniflərdən qurtardıqları üçün valideynlərindən rüşvətlərin alınması və s. proseduralar həll edilməlidir.
Bu eks-direktor başına döndüyüm də nə qanuni, nə də qanunsuz proseduralara məhəl qoymadan düz 6 sinif açıb. Bu adamın belə fırıldaqları çox olsa da, bu məlumatda azı haqqında informasiya var. Əsas məsələyə gələk.
Məlumatı verən adam bunları o zaman öyrənib ki, həmin məktəbin indi boş olan yerinə direktor düzəlməyin qaydaları haqqında eşidib. Deməli, həmin məktəbə direktor keçmək üçün hal-hazırda istənilən məbləğ 30.000 (otuz min) yeni Azərbaycan manatıdır. Baha görsənsə də, izah olunur ki, burada əslində şok endirim var.
Belə ki, eks-direktor məktəbdə belə qayda qoyub: hər ay (müddətə fikir verin, HƏR AY) fond pulu olaraq hər müəllim 5 manat, hər şagird 1 manat verməlidir. Məktəbdə 360 müəllim, 3600 şagird var. Deməli, müəllimlər hər ay cəmi 1800 manat, şagirdlər isə cəmi 3600 manat verirlər. Bu da edir, 5400 manat. Məlumatı verən adam hesablayır ki, bunun yarısı direktora qalsa, ayına 2700 manat edir. Yalnız fond pulu ilə direktor keçmək üçün verilən 30.000 manatı 12-ci aya çxarmaq olar. Hələ bunun attestat pulu, birinci sinifə götürmə pulu, imtahan pulu, 11-cilərin qaib pulu və s. və i.a. pulu var. Yəni qiymət çox insaflıdır. Sezondur, qaçırmaq olmaz.”
Comments
Post a Comment