Nənə (II hissə)

Nənə ölənə bir-neçə il qalmış artıq hiss etmirdi, görmürdü, eşitmirdi. Qızı o atılmışlar evindən onu çıxarıb aparmışdı yanına. Bu, artıq ölümün də unutduğu insanı yerdəyişmə ilə ölümün yadına salmaq cəhdi idi. Bu, vaxtından uzun yaşayan mentalitetdən can qurtarmaq cəhdi idi. O evdə qızı ona baxır, başqa hamı lağa qoyur, hərdən uşaqlar təpikləyirdilər.
O isə... O isə canlı muzey kimi hiss etmədən, görmədən, eşitmədən, 20-ci əsrin, feodalizmin, kapitalizmin, sosializmin heç vaxt heç kimin bilməyəcəyi sirləri ilə küncdə reaksiyasız oturur, oturur, otururdu... Ona baxırdım və Azərbaycana yazığım gəlirdi. Sirr dağarcığı olan mentalitet – Azərbaycan küncdə təpiklərin, lağlağıların, laqeydliyin yağışı altında oturmuş, həsrətlə ölümü gözləyir, amma eyni zamanda həyata dördəlli yapışırdı.
2006-cı ildə öldü nənə. Hamı yığıldı qızının evinə. Mən də orda idim. Dedilər ki, hələ nəfəsi gəlir. O ölmürdü, can vermirdi, ölümlə güləşdiyinə əminəm. Yaşamaq eşqi nə imiş onda bir daha anladım. Adam ölmək bilmirdi, ta ki kənardakılar da ölümün tərəfinə açıq-aşkar keçənə qədər. Molla çağırdılar. Dedilər, ölməyib, get dua oxu. Ardınca isə “oxu ki, bəlkə öldürə bildik” dedikləri gözlərindəki bezikdiricilikdən oxunurdu. Mollanın həzin ərəb sözləri tam duyğusuz, tam reaksiyasız bir ət-sümük yığını olan, amma hələ də insan adlandırılan canlının üzərinə hüznlə çökürdü. Arvad özü hiss etməsə də, bədəninin hiss etdiyini bilirəm... bilirəm ki, 19-cu əsrdən qalma həmin bədən hiss etdi ki, ölümlə mübarizədə ölümə qarşısıalınmaz kömək gəlib – bütün ətrafdakı insanlar ölümün tərəfindədirlər, onlar bu bədənin ölməsini istəyirlər.
Bədən qaydaları pozub, çoxdan ölməli olan tipik nümayəndəni hələ də saxlayır. Bədən insanın güvənə biləcəyi ən böyük qüvvəni – başqa insanların dəstəyini itirdiyini anladı və ölümə təslim oldu.
Daha bir tarix öldü...
Daha bir sirr məcəlləsi öldü...
Daha bir mentalitet öldü...
Daha bir qadın öldü...
Daha bir feodal kəndlisi, kapitalist fəhləsi, totalitarizm qulu, keçid dövrünün məzlumu öldü...
Daha bir Azərbaycan öldü...
P.S. Nənənin başdaşına doğum tarixi kimi nə yazacaqlarını bilmədilər. Mən iki variant təklif etdim – ya XIX əsr, ya da 1900 yazılsın. İkinci variantı seçdilər.

Comments