Vicdansızlaşdırma kampaniyası


Televizorda deyilir ki, müəllimləri ucqar kənd məktəblərində işləməyə həvəsləndirmək üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Yanımda televizora baxanlar vardı. Biri qayıtdı ki, ayına 2000 manat versələr, gedərdim dağın başında olan məktəbə direktor. Dedim ki, ayına 2000 elə bütün məktəbi saxlamağa sərf olunur.
Dedi ki, əşşi, bir müəllimə bütün işləri tapşırıb özüm də dağ başında kef eliyərdim. Ondan soruşdum ki, SSRİ dövründə də belə vicdansız idiniz. Dedi ki, yox, onda uşaqlara özümüz əlavə pulsuz dərnəklər-filan təşkil edirdik, özümüz istəyirdik ki, uşaqlar savadlansınlar.
SSRİ-ni tərifləmək fikrində deyiləm, çünki SSRİ-nin müqayisə obyekti Azərbaycan Respublikası deyil. Sadəcə indi gedən kütləvi rəsmi kampaniyalardan daha biri haqqında yazmaq istəyirəm. Vicdansızlaşdırma kampaniyası gedir. İnsanlar qarınlarından başqa nəyisə düşünməməyə məcbur edilirlər.
Buna yeganə səbəbin yoxsulluq olduğunu demək olmaz. Osmanlı imperiyasında da insanlar çox yoxsul idilər, amma övladlarının gələcəyi üçün Çanakkalada yüz minlərlə osmanlı kamikadzelik etdi. Bəs nədir bizdəki bu vicdansızlaşmanın səbəbi?
Baxaq görək rəsmi təbliğat necə yeridilir bizə. Ən əvvəl televiziya – başdan-başa şou. İnsanlar düşünürlər ki, hər şey kef-kefiyyətdir, yaxşı yaşamaq elə bu ekrandakı manıslar kimi olmaqdır. Çünki onların qayğısı yoxdur. Onların qayğısı elə maqazin proqramlarında göstərilən qalmaqallardan o yana keçmir. Televizorda Azərbaycanda baş verən hər şey şən, qayğısız auradadır. Xaricdə isə ... Dəhşət. Hər gün terror, hər gün partlayış, təbii fəlakətlər, hökumət böhranları, mitinqlər... Azərbaycan dünyanın yaşamaq üçün ən gözəl yeridir. İnsanların əksəriyyəti qəti surətdə inanırlar ki, hər yerdə Azərbaycanda olan problemlər var. Buna görə də buradakı ən yaxşı yaşayanların yaşayış stilini seçmək lazımdır.
Yenə mövzu gəlib çıxır manısların üzərinə. Manıslar elə varlıqlar kimi təqdim olnurlar ki, sanki onlar üçün mənəvi dəyər yoxdur və maddiyyatları təmin olunduğu təqdirdə başqa heç bir şeyə ehtiyacları yoxdur. Dediyim kimi, ən yaxşı yaşayanlardan yeganə əlçatımlı kimi görünənlər də elə manıslardır və insanlar da onlar kimi olmağa çalışırlar. Ya tamamilə onlar kimi olurlar, yəni bədənlərini və ya digər əmlaklarını sataraq müğənniliyə başlayırlar, ya da oxumasalar da, heç olmasa mənəviyyatsızlaşmaqla, seriallardan, özlərini məişət problemlərindən və manıs qalmaqallarından başqa heç bir problemlərinin olmadığı kimi göstərməklə onlar kimi olmağa çalışırlar.
Bütün bunlar savadsızlaşdırmanın, laqeydləşdirmənin, yoxsulluğun fonunda baş verir. Nəticə isə mənəvi dəyərlərin gülüncləşdirilməsi olur. Baxın, kütlənin mənəvi dəyərləri nədir – məhəllə basqısı (məhlədən qızla keçmək olmaz, mayka ilə camatın anası-bacısının qabağına çıxmaq olmaz və s.), “türemşik”lərə aid kitabların oxunması (kitab oxuma da mənəviyyatın bir hissəsi olduğundan kütlənin oxuduğu (əgər varsa) kitablar da rəsmi təbliğat tərəfindən müəyyən olunur), bakirəlik, namus-qeyrət üstündə cinayət törədənlərə müsbət münasibət, insanın öz bədənindən başqa yalnız və yalnız öz ailəsini, uzaqbaşı yerlilərini düşünməsi, toy, yas adətləri və s.. Bütün bu “mənəvi” dəyərlər elə tipdədirlər ki, normalda gülüş doğurular. Ona görə də Qərb mədəniyyəti nöqteyi-nəzərindən və ya digər sivilizasiya mövqeyindən baxdıqda bu “mənəviyyat” çox gülünc görsənir, insanlar da ki, özlərini gülüş obyekti kimi görməyi xoşlamırlar. Nəticədə Qərb sivilizasiyasına ikrah formalaşır.
Bu ikraha ən çox qarşı qoyan isə azərbaycanlıları tərifləyən və azərbaycanlıları tərifləyən xariciləri gözümüzə soxan rəsmi təbliğatdır, nəticədə insanlar bu təbliğata sığınaraq yeganə mənəvi dəyərin bayaq yuxarıda sadaladığım məhəllə basqısı, namus-qeyrət və s. olduğuna qəbullanırlar. Ona görə də kimsə çıxıb azadlıq, vicdan, insan hüquqları, övladların daha uzaq gələcəyini düşünmək və s. mənəvi dəyərlərdən danışdıqda ona ya laqeydcəsinə baxır, ya da həmin ikrah doğuran Qərb sivilizasiyasının tör-töküntüsü hesab edərək çıxdaş edirlər.
Nəticədə birinə deyəndə ki, məktəbə pul kisəsi kimi baxmaqdan əlavə heç olmasa, ikinci planda da olsa, ordakı uşaqların təlim-tərbiyə yeri, gələcəklərinin təyin olunma vasitəsi kimi bax, onda gülürlər ki, rəhmətliyin oğlu, nə gələcək, nə uşaq...
Vicdansızlıq beləcə normaya çevrilir, vicdanlı olmaq isə ən yaxşı halda donkixotluq kimi yazıqlıq obyekti olur, yaxud top-tüfənglə qarşılanıb milli-mənəvi dəyərlərə xəyanət sayılır. Bu sonuncu hal həqiqətdir. Doğrudan da,vicdanlı olmaq vicdansız, laqeyd, maddiyyatdan, manıslıqdan ibarət milli-mənəvi (!) dəyərlərə xəyanətdir.

Comments