Azadlıq istedadı




“Azadlıq istedaddır; onun uğrunda mübarizə aparmadınsa, istifadə eləməyi bacarmayacaqsan”. Bir kinonun axırında eşitdim bunu. Əla sözdür. Kino özü insanların tanrılardan, ruhlardan, nə bilim masonlardan-zaddan yüksəkdə olduğunu sübut edir.
Qayıdaq aforizmimizə. Aforizmləri xoşlamıram, amma bu istisnadır, çünki insanı nəyəsə kökləyir. Əgər azadlıq istedaddırsa, deməli hər kəsdə yoxdur, hər kəsdə yoxdursa, hamıdan azadlıq uğrunda mübarizə gözləməyə dəyməz. Elə buna görə də milyonlarla insandan yalnız cüzi hissə inqilabları edir, elə buna görə də inqilablardan sonra repressiyaları asanlıqla tətbiq edirlər. Çünki azadlıq istedadı hər kəsdə yoxdur.

Elə anlaşılmasın ki, bəzi insanlarda azadlıq adına nəsə yoxdur. İnsan elə azad olduğuna görə heyvandan fərqlənir, şüur elə azadlıq deməkdir. Sadəcə mübarizə aparmaq lazımdır ki, ona layiq olasan. Başqa sözlə azadlıq uğrunda mübarizə aparanlar azadlığın adi şüur səviyyəsindən istedad səviyyəsinə çatıblar.

Hə, qaldı ki, azadlığı qazanmayanların ondan istifadə etməyi bacarmaması, bunu Azərbaycan camaatı daha yaxşı bilir. 90-ların əvvəllərində qazandığımız azadlıqdan necə istifadə etdik? Sözün hər iki mənasında eşşək kimi.

İndi də azadlığımız uğrunda mübarizə aparmasaq, onu istedad səviyyəsinə qaldıra bilməyəcəyik, lap qaldırsaq da, istifadə edə bilməyəcəyik. Azadlığımızı bizə başqaları verəndə ya matdım-matdım baxacağıq üzünə, ya da mentalitetlə, şəraitlə, mühitlə, ya da hansısa digər bəhanə ilə əleyhinə çıxacağıq, çünki ona layiq olmayacağıq, çünki layiq olduğumuz diktatura bizi maqnit
kimi çəkəcək.

İndidən aparılan mübarizə sonralar yaradacağımız azad cəmiyyətin istifadə qaydaları haqqında təlimdir.

Comments