“Başçı adam olub” (antiutopik hekayə)



Hə, oğul, biz diktaturada yaşayırdıq. Bir dəfə maraqlı hadisə oldu. Həmişəki kimi başçı dediyimiz prezident televizorda idi, çıxışa hazırlaşırdı. Yenə onun çıxışına avaraçılıqdan baxmağa bir şey tapmayanlardan (o cümlədən məndən) və çıxışda quş tutmağa çalışan köşə yazarlarından başqa kimsə qulaq asmırdı. Və dəyişikliyi də ilk olaraq biz fərq etdik.
Prezident çıxışa başlayanda rəngi qızarmışdı. Sanki utanırdı. Mən düşündüm ki, 100% qumarda uduzub, əsəbindən bədəninin qırmızısı üzünə çıxıb.
Amma sən demə, kişi doğrudan utanırmış. Qaynataya ilk dəfə çay gətirən gəlin kimi kirpiklərinin altından baxa-baxa utancaq səslə sözə başladı. Dedi, bu gündən əsaslı islahatlara başlayırıq. Bunu həmişə deyirdi, o qədər də diqqət çəkmədi sözləri. Amma ardı dəhşət idi. Dedi ki, islahatlar hər sahəni əhatə edəcək, bütün korrupsionerlər işdən qovulacaq və barələrində cinayət işi açılacaq. Axırda da özüm istefa verəcəm və normal seçkilər keçiriləcək. Çaşdım, tez özümü çimdiklədim ki, oyanam, elə bildim, yuxudayam.
Gördüm yox, ee. Kişi deyir də, özü də elə utanır, elə utanır, elə bil ölkəni indiyə kimi bu çapıb-talayıb (haqq eləyib utanırmış). Həə, avaralardan və yazıları hələ bir gün sonra çıxacaq köşə yazarlarından başqa heç kimin baxmadığı çıxışın xəbəri ildırım sürəti ilə şəhərə yayıldı. Keçdim mətbəxə ki, arvada deyim, muştuluq, diktator adam olur deyəsən. Gördüm arvad telefonla danışır, deyir: “Aaz, olmaz. Aaaz, o nə qanır islahat nədi. Booooy. Başşşşıma xeyir...” Bildim ki, “uspet” eləməmişəm, muştuluğu qapazlayıblar.
İstədim düşüm məhləyə ki, qonum-qonşuya deyim xeyir xəbəri. Arxadan arvadın səsini eşitdim: “Ay kişi, eşitdin? Başçı adam olub ee...” Elə liftin qapısı açılmışdı ki, qonşu Əlimərdanla burun-buruna gəldim. Əlimərdan məni qucaqlayıb kövrək gözlərlə sevincək dedi:
- Mamed, muştuluq, Mamed. Başçı adam olub.
Bunu itələyib özümü dürtdüm liftə. Liftdən çıxanda telefon zəng çaldı, rayondan əmioğlu idi. Əvvəl elə bildim kiminsə arvadı oğlan doğub, bir haray-həşir, zıppıltı var idi, gəl görəsən. Əmioğlunun uzaqdan qışqırığı gəlirdi: “Əə, telefonu verin əə, özüm alajam muştuluğu. Bura ver əə, başçı sənin kimi mağmının umuduna qalmıyıfdı kin...” Qulaq asırdım, 3 dəqiqəlik süpürləşmədən sonra əmioğlu telefonu ağzına yaxınlaşdırıb qışqırdı:
- Əmoğluuuuu, ayə muştuluuuuux. Başçı adam olufdu, allah haqqı kın, adam oluf.
İstədim dinim, gördüm məni vecinə alan yoxdu, “no”nu basıb yoluma davam elədim. Məhləyə çıxanda gördüm, bir qazel dayandı, arxasından 3 nəfər düşdü, birinin əlində nağara, birində zurna, birində də qarmon var idi. Bu 3 əlaqəsiz alət hamısı birdən çalmağa başladı. Həvəssizlikdən yerindən tərpənə bilməyən qonum-qonşu ayaqyalın asfaltın ortasına tökülüşüb dəli ayğır kimi şıllaqlayıb oynamağa başladılar. İstədim yan keçim, biri qolumdan tutub dartdı, darta-darta da qışqırırdı:
- Cəbhə Mamed də burdadı. Əsl onun oynayan günüdü.
Yer-yerdən səslər gəldi: “Əə, müxalifət də gəldi.” Şən gülüş səsləri, uşaq çığırtıları, zırpaketlərin səsi ... hamısı bir-birinə qarışmışdı. Ölkə ani bayram əhvalına bürünmüşdü. Hamı sevinirdi. Səbəb – başçı adam olmuşdu. Bu ölkənin başçıdan çəkdiyi az deyildi. İllərlə ata-bala növbə ilə süründürüblər ölkəni, sərvətimizi çapıb talayıblar, hansı ki, o sərvətlə biz dünyanın sayılıb-seçilən ölkələrindən ola bilərdik.
Məhlədə oynaya-oynaya öyrəndim ki, hələ çıxışın davamında başçı lap gül eləyib. Deyib ki, sərvətlərimizdən yığılmış, xarici banklarda, evlərin zirzəmilərində olan bütün qızılları, pulları xalqa xərcləyəcəm. Biz uzağı 5 ilə asfaltlarımızı 20 santim qızılla örtəcəyik.
Şəhər eurovision-dan bəri belə bayram görməmişdi. Azadlıq meydanında camaat sevindiyindən “za-ra-fa-ta is-te-fa” deyib qışqırırdılar. On illərlə meydan üzünə həsrət qalmış sərbəst toplaşma yanıqlıları, “istefa” sözü ürəklərini deşən bədbəxtlər indi də zarafatla da olsa, istefa qışqırırdılar. Şəhərin mərkəzində hərəkət dayanmışdı. Küçələr dolu adam idi, hamının üzündən sevinc axırdı, elə sevinc ki, bilinirdi ki, ürəkdən gəlir, hamı bir-birini başçının adam olması münasibətilə təbrik edirdi. Mən qərərgah adlandırdığımız çayxanaya tələsirdim. Bir-neçə il əvvəl yalnız hakim partiyadan başqa heç bir partiyanın qərargahı qalmamışdı, hamısını qovub çıxarmışdılar. Onda hakim partiya tərəfindən “müxalifət” adlandırılan partiyalar qərargahlarını könüllü təhvil verir, qəragahsızlığın xalqla daha yaxın olmaq üçün vasitə olmasını sübut etməyə çalışır, əsl müxalifət partiyalarını da bu yolu seçməyə çağırırdılar. Onsuz da qərərgahsız qalan müxalifət partiyaları isə yenə ənənəvi etiraz bəyənatları verir, gedib çayxanalarında otururdular.
İndi müxalifətin çayxanası deyilən zirzəmiyə tələsirdim. İnsan selini aralaya-aralaya birtəhər çayxanaya çatdım. Girdim içəri. Gördüm, stol arxasında bir yığın adam toplaşıb. Yaxınlaşdım. Gördüm 2 müxalifət partiyasının sədr müavinləri oturublar, qızğın mübahisə gedir. Dinməz dinlədim. Bir az sonra anladım söhbəti. Deməli, bir qrup (bunlara A qrup deyək) deyirdi ki, başçı adam olub-olmamasından asılı olmayaraq istefa verməlidir. O biri qrup (buna da B qrup deyək) isə deyirdi ki, əgər normal dövlət qurmağı hədəfləyirsə, niyə istefa versin. A qrup deyirdi ki, bilmək olmaz bu, nə hiylədir. B qrup deyirdi ki, yenə də başçının istefasını tələb etsək, bizə deyəcəklər ki, şəxsi maraqlar naminə hakimiyyətə gəlmək istəyirik, xalqı düşünsək, kim olsa, əl-ələ verib işləyərik. A qrup deyirdi ki, o canidir və illər boyu törətdiyi cinayətlərə görə cavab verməlidir. B qrup deyirdi ki, bizə kimisə cəzalandırmaq yox, xalqı bəladan azad etmək lazımdır. A qrup deyirdi ki, bəla elə başçının özüdür və peşmançılıq belə ağır cinayətləri yuya bilməz...
Əlqərəz, bunlar bir-birini elə qırırdılar ki, elə bil, başçı çayxanada çıxacaq qərarı gözləyir. Bildim ki, bunlar gecəni çayxanada səhər ediblər, elə orda da öyrəniblər ki, başçı adam olur, bir sözlə çöldəki mərəkədən xəbərləri yoxdur. Çünki çöldəki camaata baxsalar, bilərdilər ki, indi cəmiyyətdə kütlə tərəfindən ən yararsız və artıq sayılan hissə klassik müxalifətdir. Diktatorun cüzi mərhəməti kifayət edir ki, kütlə onun ayağını öpsün. Ağıllı diktator da bundan sui-istifadə edir. Əslində B qrup müxaliflər haqlı idilər, amma xalq naminə-zad söhbətlər pafosdur. İndi ona görə başçının ətrafında birləşmək lazım idi ki, kütlə hamısı bir nəfər kimi onun ətrafındadır və qıraqda qalanı linç etməyə hazırdılar.
Həmişəki kimi azca dəyişiklik olar-olmaz özünü nazir-mazir sayan müxaliflərin əhatəsindən aralanıb zirzəmidən çıxdım. Çöldə camaat daha da artmışdı. Bu az müddət içində başçının minlərlə şəkli hardansa peyda olmuşdu, camaat ildırım sürəti ilə işləyirdi, banerlər yazılmışdı: “HÖRMƏTLİ BAŞÇI, BİZ SİZİNLƏYİK!”, “QULBEÇƏ RAYON ZƏHMƏTKEŞLƏRİ ƏTRAFINIZDA SIX BİRLƏŞİB!”, hətta tələsiklikdən bir bannerdə “arxanızda” sözü pozulub (və bu pozulma aşkar görsənirdi) üstünə “ərtafınızda” yazılmışdı. Banerlər də daxil olmaqla qışqırıqlar da başçının adam olmasını təhqir hesab etmirdi, sanki indiyə kimi başçı özü də özünü adam hesab etməyib, sanki kişi çıxışında “bu gündən adam olmağa qərar verdim” demişdi. Başçının şəkli əlində olan uşaq şəklin altında yazılan “BAŞÇIMIZ ADAM OLUB, TƏNƏZZÜLÜN ÇİÇƏYİ SOLUB” sözlərini muğamla yüksəkdən oxuyurdu.
Yenicə adam olmuş başçı da sürətdə camaatdan geri qalmırdı. 1-2 saatın içində yazılı bəyənat verib xalqa müraciət etmişdi ki, aranızdan layiqli namizədlər mənə müraciət eləsin, nazirlərə cinayət işi açılacaq və onların yerlərinə yeni nazirlər lazımdır. Eyni zamanda prezidentin adından Baş Prokurora təqdimat ünvanlanmış və yüksək idarəedici vəzifəlilərdə olanlar barədə cinayət işi açılması haqqında xahiş edilmişdi. Amma Baş Prokuror özü də ən böyük korrupsionerlərdən olduğundan prezident bilməmişdi ki, kimin adını yazsın, axırda eləcə “Baş Prokurora” yazıb göndərmişdi. Səmimiliyi aşıb-daşan başçı axşama yeni iclas çağırmış və nazirlərinə müraciət etmişdi ki, kim bu 5D layihəsində sonadək cəsarətlə, sədaqətlə iştirak edəcək, keçsin sağ tərəfə, qalanlar sol tərəfə. Bu 5D-ə daxil idi:
Demokratikləşmə;
Dekorrupsiyalaşma, yəni korrupsinoerlərin işdən çıxarılması, onların taladığı pulların ölkəyə qaytarılıb xalqa xərclənməsi, cinayətkarlara cinayət işi açılması və s.;
Demilitarizasiya – hərbi xərclərin azaldılması, yalançı sülh danışıqlarının həqiqi sülh danışıqlarına çevrilməsi, əhalinin nifrət ruhunda böyüdülməsinə son qoyulması və s.;
Derüşvətləşmə - demək olar hər bir üzvü rüşvət verən və ya alan olan xalqın rüşvətdən təmizlənməsi istiqamətində tərbiyə olunması, rüşvətin kökünün kəsilməsi;
Degəlsinhərnəyinvardır – yəni söz azadlığı başda olmaqla hüquq və azadlıqların təmin olunması, həbsdəki siyasi, vicdan məhbuslarının azad olunması, sərbəst toplaşma azadlığı da daxil olmaqla bütün hüquq və azadlıqlara dövlət təminatının verilməsi və s..
Başçı, sadiq üzvləri ayırmaq istəyəndə bütün nazirlər, komitə sədrləri keçdilər sağ tərəfə. Ürəyiyumşaq başçı gülümsədi. Dedi ki, “bilirdim ki, belə edəcəksiz. Bu, bir daha göstərir ki, hamınız... yox, yox, üzr istəyirəm, hamımız cinayətkarıq. Mən bu işi sona çatdırıb istefa verəcəm və özümü müstəqil, qərəzsiz məhkəmələrin mühakiməsinə təqdim edəcəm. Sizin barənizdə cinayət işi açılacaq və indiki ağır keçid dövründə isə hələ ki, mənə islahatlarda kömək edəcəksiniz. Mən isə gələcək komandanı formalaşdırdıqca siz səlahiyyətlərinizi itirəcəksiniz.”
Canlı yayımla dövlət televiziyasında yayımlanmış bu iclas şəhərdə geniş ekranlarda göstərilirdi və ekranların qarşısında yığılmış 100 minlərlə insan adam olmuş başçının hər sözünü coşğunluqla qarşılayırdı. Bu ruh yüksəkliyi barədə başçıya elə iclasdaca məlumat çatdırdılar. Ən çox adam yığılan Azadlıq meydanından iclasa birbaşa bağlantı yaradıldı. Ciddi təklifi olanlar mikrofona dəvət olundu, onlar mikrofonda olarkən başçı onları görür və dinləyirdi. Başçı gözlənilənlərin əksinə ciddiləşdi. Dedi, bəs bu adamlar iş-güclərini atıb şənlənirlər, axı onlar işləməsə, iqtisadiyyatımız çökər.
Onda bir ortayaşlı ağsaqqal (ölkədə vaxtından əvvəl qocalmış xeyli adam vardı) icazə alıb mikrofona yaxınlaşdı. Gülə-gülə başçıya dedi:
- Anam-bacım sənə qurban, məni bağışla, ama bunu deməliyəm.
- De, gəlsin, - başçı gülümsədi.
- Rəhmətliyin oğlu, ölkədə iş yeri qoymusan ki, işləyək? – kişi gülə-gülə dedi, - burda yığılan adamlar hamısı işsizdir, acından kəpək yeyirik. İqtisadiyyat çökər deyəndə ki, iqtisadiyyat gör nə vaxtdan köçüb, İmamşükür Saşazadə də üstündən fatihəsini verib.
Bu sözdən sonra yüzminlərlə adam başçı ilə birlikdə güldü, ölkəni gülüş sədası başına götürdü. Sanki bu balaca ölkə ayağa qalxmışdı gülürdü. Hamı gülürdü. Evdəkilər də, çöldəkilər də, böyüklər də, kiçiklər də, başçı da, nazirləri də...
Səhəri dirigözlü açdıq. Siqnal, nağara-zurna səsindən qulaq tutulurdu. Toy-bayramı saxlamaq mümkün deyildi. İşsiz-gücsüz olan adamlar (bunlar da ölkə əhalisinin 80%-i idi) şənlənirdilər. Polislər istəməslər də, onlara qoşulub şənlənirdilər, yoxsa linç olunardılar.
Nə başını ağrıdım. İslahatlar gedirdi, nazirlərə cinayət işləri açıldı. Neftayırma zavodları tam gücü ilə işləməyə başladı, xam neft ixracı azaldı, daha bahalı olan benzin ixracı artdı, oliqarxlardan alınmış müəssisələr dövlət nəzarətinə keçdi, monopoliya aradan qaldırıldı, dəhşətli ucuzlaşma getdi, inflyasiya təlükəsi yarandı, Mərkəzi Bank inzibati üsulla pul kütləsinin artıqlığının qarşısını almalı oldu... Sistem yerindən oynamışdı. Xaricdəkilər xam neftin azalmasına, xüsusən də bu balaca ölkənin iqtisadiyyatının belə güclənmnəsinə tolerant ola bilmirdilər. Onlarla əlbir olan yerli oliqarxlar açılan cinayət işlərinin qorxusu ilə başçı əleyhinə hər şey etməyə hazır idilər.
Hər gün mitinqlər olur, hərə öz problemini deyirdi. Hətta balaca uşaqlar da məhlədə hansı oyunu oynamaq üçün mitinq təşkil edib açıq müzakirələr aparırdılar. Qəzetlər göbələk kimi artırdılar, senzura tətbiq etmək istəyən baş redaktorlar linç olunurdular, bakirə çıxmayan qızın yengəsi kimi onların da başlarını qırxırdılar. Seçkilər təyin olunmuşdu. Yaxşı yadımdadır, binanın tağının altına yığılan bomjlar bələdiyyəyə namizədlik verməyi özlərinə sığışdırmırdılar, birbaşa parlamentə namizədlik verirdilər.
Ən əsası isə hamının üzü gülər olmuşdu, ortayaşlı ağsaqqallar, ağbirçəklər azalmışdı. Camaat yenə də acında kəpək yesə də (çünki hələ keçid dövrü təzə başlamışdı), hamı şən idi; boşanmalar 84% azalmışdı, kişilər evlərdə arvadlarını döymürdülər; ölkə, insanlarının simasında cavanlaşmışdı elə bil; tələbələr daha həvəslə oxuyur, müəllimlər daha həvəslə dərs keçirdilər, rüşvət yada düşmürdü, rüşvət alanı taun xəstəsi kimi cəmiyyətdən atırdılar, onların üzünə evdə də baxan olmurdu. Yol polislərindən tutmuş gömrük işçilərinə qədər heç kim rüşvət almır, dövlət qulluqçularının, xidmət sahəsi işçilərinin dillərindən “zəhmət olmasa, buyurun, rica edirəm” kəlmələri düşmürdü. Yerdə zibil azalmışdı. Zibil qablarını süpürgəçilər tapşırıq verilmədən belə tez-tez təmizləyirdilər. Metroda, avtobusda tutacaqlara heç kim saqqız yapışdırmırdı. Manıs mahnılar sürətlə azalırdı. Şən və qeyri-şən maarifçilərin təəccübdən gözləri böyümüşdü ki, onların maariflənməklə nail olacaqlarını düşündüklərini insanlar maariflənmədən edirdilər. Eyni insan 1 gün əvvəl küçədə eşşəklik edir, yerə tüpürür, ona-buna söz atırdı, bu gün isə ümidli, vicdanlı, zəhmətkeş vətəndaş olmuşdu. İnqilab etmək və ardınca belə yaramaz ünsürləri repressiya ilə ucdantutma qırmaq istəyən solçular, dindarlar 1 nəfərin fikrinin dəyişməsi ilə ideyalarının fiaskosuna heyrətlə baxırdılar.
Çünki ümid yaranmışdı, inam artmışdı, hamı qaranlığa yox, işıqlı gələcəyə getdiyinə inanırdı. İnsanlar özlərini prosesin içində hiss edirdilər, çünki azadlıqlar var idi, çünki hər bir fərdə dəyər verilirdi, hər kəs özünü dəyərli və lazımlı hiss edirdi. İnsanların boşluqları doldurulurdu. Başçı qərarlı idi çünki. Rejim əvvəlcə insanları necə heyvan eləmişdisə, indi də eləcə insan edirdi.
Müxalifət isə hələ də mübahisə edirdi ki, başçısının istefasını tələb etsin, ya yox. Başçı isə bir gedişlə müxalifəti elə ofsayda salmışdı ki, müxaliflər nəinki oyundan kənarda, ümumiyyətlə stadiondan kənarda qalmışdılar.
Amma, oğul, bu, nə qədər sevindirici olsa da, qəribə hadisə idi. Qəribəlik isə bilinməzlikdədir. Biz bilmirdik, niyə başçı qəfil belə döndü. Axı əvvəl də ağlı başında adam idi. Camaat bu səbəbi araşdırmırdı, çünki bu, xoşbəxt gələcək inamlarına kölgə salacaqdı, bu isə heç kimə sərf etmirdi.
Lakin bu gözəl röya necə gəlmişdisə də, eləcə də getdi. Birdən-birə bütün islahatlar dayandırıldı, məmurlar əhaliyə yağı kəsildi, rüşvətlər, “dolya”lar köhnə dövrə baxanda birə-beş artdı, səbəbi isə yuxarıların tələb etməsi ilə əsaslandırıldı. Kimsə nə baş verdiyini anlamırdı. Hakimiyyət orqanlarına verilən sorğular cavabsız qoyulurdu, amma bir dəfə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri müxalifət qəzetlərindən birinin şifahi sualına cavab olaraq dedi ki, nazirlər barəsində heç bir cinayət işi-filan yoxdur. Bu, dezinformasiyadır. Hamı özünü elə aparırdı ki, sanki əvvəl olanlar yuxuda baş vermişdi. İnsanlar da ümidlərini itirdilər, inamlarını basdırdılar, özlərinə də inanmadılar, özlərini kölə kimi hadisələrdən kənar gördülər, laqeydləşdilər, eşşəkləşdilər, bir-birlərinə təhqirləri artdı, bir-neçə günə saç-saqqalı qaralan ortayaşlı ağsaqqallar, ağbirçəklər yenə saç-saqqallarını bir-neçə günə ağartdılar. Yenə metroda, avtobuda tutacaqlara saqqız yapışdırdılar, yenə sürücülər 20 qəpiyə görə sərnişinlərlə əlbəyaxa oldular, yenə səkilər tüpürcəklərlə doldu, hamının sifəti zəhrimara döndü...
Keçid dövrünün doğrudan da yuxu olmasını sübut etmək üçün yenə fədailər klassik müxaliflər oldular. Onlar “bu qədər yalan olmaz” deyib, Azadlıq meydanında mitinqə çıxdılar. Polis onları döyə-döyə tutub maşınlara doldurdular, əvvəl buraxılan siyasi və vicdan məhbusları da daxil olmaqla on minlərlə insan haqsız yerə həbs olundu. Bu qanlı günlərdən sonra hamı köhnə hamam-köhnə tasa qayıtdıqlarına inandı.
Amma başçının, hakimiyyətin guya heç nə olmamış kimi davranması, hamını şizofren yerinə qoyması bizi qane etmədi. Çöldə qalan az saylı müxaliflərdən biri kimi mən hakimiyyətdaxili mənbələrimizlə əlaqə saxlayıb əsl səbəbi öyrəndim.
Sən demə, başçı bir gün keflənib pilləkəndən yıxılıb, başı möhkəm çırpılıb. Özünə gələndə olub demokrat adam. Ətrafının təbirincə desək, “başı xarab olub”, xalqın təbirincə desək, “adam olub”. Bu da bayaqdan dediyim nəticələrə səbəb olub, axırda xarici və daxili qüvvələr birləşib dövlət çevrilişi hazırlayıblar. Ölkənin ikinci şəhərində qiyam qalxmalı imiş, onda da başçı ya istefa verib (ya da elə istefasız-zadsız) qaçmalı imiş paytaxtdan, yoxsa vətəndaş müharibəsi adı ilə hərbi çevriliş olacaqmış. Təhlükəsizlik orqanlarının da general-mayoru vəzifəyə hazırlanırmış, hətta plana görə çevrilişdən düz 4 ay sonra “seçki” olacaq və yeni başçı 98% səslə prezident seçiləcəkmiş, hərbi çevriliş günü də Yüksəliş Günü adı ilə bayram ediləcəkmiş.
Amma başçıya doğrudan da sadiq məmurlar var imiş ki, həmin xarici qüvvələrdən aman istəyiblər. Deyiblər bu, yıxılıb belə olub. Xaricilər deyib, a kişi, yıxlıb, dombalaq aşıb, şıllaq atıb – özü bilər, bizə xam neft, zəif, ac-yalavac, iqtisadiyyatı sürünən dövlət lazımdır. Əlqərəz bu sadiqlər xairiclərdən 1 gün vaxt alıblar. Gecə 3-4 nəfər (deyirlər, bu, 3-4 nəfərə ən çox dəstək verən başçının ailəsi olub) “ya mədəd” deyib başçını pilləkəndən başıaşağı aşırıblar. Başçı oyananda ilk olaraq bu 3-4 nəfəri aradan qaldırıb, sonra da xalqı bayaq dediyim günə salıb, yəni ətrafının təbirincə desək, “adam olub”, xalqın təbirincə desək, “başı xarab olub”.

Comments