Biz 90-ların uşaqlarıyıq




- “Turbo” saqqızlarını valideynlərimiz qaynar suya salırdılar ki, qurdları çıxsın. Kimsə satılan maların keyfiyyətinə inanmırdı.
- Cəlilabada İrandan mal gəlirdi, hər məhlədə qoçaq arvadlar (bəzən də kişilər) gedib Cəlilabad bazarından mal gətirib satırdılar. O vaxt Cəlilabad malı rəngarəngliyi, çoxçeşidliliyi ifadə etsə də, keyfiyyətsizliyi ilə fərqlənirdi. Lakin 70 ilin bomboz imperiyasından çıxan bədbəxt insanlar uşaq oyuncağı kimi qidanın da rəngbərəngini alırdılar.
- Müharibə dövründə olduğumuzu göstərən əsas məsələlərdən biri çörək növbələri idi.
- Müharibənin mundarlıqlarından biri 90-ların uşaqlarının demək olar ki, gündəlik meyit görərək böyüməsi idi. Cəbhədən tez-tez gənclərin meyitləri gəlirdi. Hər gün bir evdə şivən qopur, bir müddət bir soyad daşıyıcısı olan qadınlar üz-gözü cırılmış gəzirdilər.
 


- Amerikanın “bayevik” kinoları. Arnold Şvarsneqri, Rembonu, Van Damı, Çakinorisi, Ceki Çanı ... sevirik biz – nə qədər düşük səslənsə də.
- Türk manıslarının bayağı mahnıları – Emrah, Tatlıses, Kırmızıgül, Söngül Karlı... onların audio kasetlərindən ən məşhuru “klasikleri” adlanırdı.
- Sibel Canın başçılığı ilə müğənni şəkilləri olan şokolad qutuları, müğənnilərin oval şəkillərinin vurulduğu taksilər.
- Sovet məktəbli formalarımızdan çıxırdıq, amma nə geyinəcəyimizi bilmirdik.
- Dərsliklərimizin ilk səhifəsindəki şəxsə - Leninə nifrət etməli idik.
- Ermənilərdən, Sadvaldan it kimi qorxurduq.
- OMON-dan onlardan da çox qorxurduq.
- İran şəpitləri, qaloşları, ketaları geyinirdik.
- Video kameraya, video maqnitofona qeyri-adi tapıntı kimi baxırdıq.
- Video kaset əlimizə düşəndə sağdakı knopkasını basıb qapağını aralayıb lentinə baxırdıq.
- Evdə maqnitofon almağa daha çox səy göstərirdilər, nəinki soyuducu, televizor.
- Televizor ustaları var idi, evə gəlirdilər, aparatları ilə ağ-qara televizorların arxasındakı lampaların altını əridib televizora bərkidirdilər.
- AZTV, ORT, RTR.
- Nəhəng imperiyanın dağılmasının vizual görüntüləri də öz yerində - nəhəng xarabalığa oxşayan şəhərlər, köhnəlmiş avadanlığı ilə bağçalar, məktəblər, idarələr...
- Qaçqınlar, qaçqınlar, qaçqınlar və onlara get-gedə artan nifrət.
- Ruslar və başqa millətlər gedir, evləri boşalır, uşaqlar evlərə dolub kitabları dağıdırdılar.
- Leninin bir-çox evlərdən çıxmış kiçik büstləri.
- Demək olar hər ay yeni çıxan pullarda yeni-yeni şəkillər tapır, yalnız havaya tutub baxanda görünən şəkilləri birinci tapmağa çalışırdıq. Pul deyiləndə ağla gələn konkret dəyər, əskinasn yox idi.
- İnamsızlıq – kimsə kiməsə və kimsə dövlətə və kimsə özəl təşkilatlara-filana inanmırdı. Sadəcə məcburiyyətdən kapital qoyurdular bir-birlərinə.
- Əlavələr edəcəksiz yəqin. Amma ən əsas yadımda qalan şeylərdən biri valideynlərin övladları üçün fədakarlığıdır. Postimperiya, müharibə və fədakarlıq.

P.S. Xatirələrimi yada saldığına görə Azər Aydına təşəkkürlər.

Comments