BİZim həyat tərzimiz (təkliflər seriyasından)



Təkrar və təsviri yazmaq istəməsəm də, hərdən yenə də məcbur qalıram. Amma sonda yenə təklifimi verəcəm.
“Niyə belə edirsən? Elə bilirsən mənası var? ...” Çox eşitmişik də bu sözləri. Burda “biz” deyəndə kimləri nəzərdə tutduğumu yəqin anlayrsız, bəzən də yanılırsız. Söhbət qeyri-demokratik hakimiyyətə, bu hakimiyyətin törəməsi olan mentalitetə qarşı çıxa bilmə cəsarətləri görünənlərdən gedir. Bəli, cəsarəti göstərənlərdən yox, cəsarətləri istər-istəməz fərq edilənlərdən.

Bəziləri “bu hakimiyyəti “yaxşı” hesab edəsi qədər axmaq deyiləm” deməklə guya özünü bu kateqoriyaya aid edir, lakin cəsarət unudulur. Bu kvazi-diktator şəraitdə belə etiraflar icazəlidir, icazəli işləri isə “irəliçi”lər də görə bilir.
Dediyim odur ki, hal-hazırda az da olsa, bu hakimiyyətin yaratdığı şəraitdə yaşamağı özünə sığışdırmayanlar və buna etiraz edənlər var. Bunlardan başqa əhalini isə şərti olaraq 2 qrupa bölə bilərik: əksəriyyət “konstitusiyalı kölə”dir, bir qism isə köləliyini etiraf etmir, bunu isə hakimiyyətin “pis” olmasını bilməsi ilə izah edir.
Xırda ittiham edib mövzunu davam etdirim. Bu ikinci qrupa 2 ittihamım var hələ ki: 1) hakimiyyətdəkilərin nə zibil olmasını kənddəki Novruzəli də bilir, 2) özünü Novruzəlidən daha səviyyəli sayaraq məhz sənin bunu bilməyini nə isə əhəmiyyətli bir şey sayırsansa, lap pis, çünki sən bilə-bilə və intellektin hansısa töhfəni verməyə qabil ola-ola heç nə etmirsən.
Həə, bu indicə ittiham etdiyim insanlar tez-tez bizə canıyananlıqla məsləhət verirlər. Burada canıyanan sözünü heç də dırnaqda yazmıram və onları artıq ittiham-filan etmirəm. Səmimi olaraq cavab verirəm (mənim blog yazlarımın həm də özüm şərh yazarkən təkrarçılıq olmaması və fikrimin daha geniş çatdırılması üçün keçid (“link”) olduğunu demişəm).
Haqlısınız, biz idealistik və bəzən idealistcəsinə çılğınlıq edirik, bu zaman əlbəttə ki, səhvlərimiz də olur və sizin bizim səhvlərimizi deməniz bizə daha çox kömək olmalıdır. Lakin siz bunu elə tərzdə deyirsiniz ki, bu, köməkdən çox yazğı gəlməyə, ittihama dönür. Adətən də bu məsləhətlər belə bitir ki, gərək biz bu yoldan çəkinək, onsuz da axırı yoxdur, gücümüz çatmayacaq və s..
Dediyim kimi haqlı olduğunuz məqamlar çoxdur, amma yoldan çəkilmək deyəndə nəyi nəzərdə tutduğunuzu yəqin hər zaman anlamırsız. Siz bizə həyat tərzimizi dəyişməyi məsləhət görürsünüz və bunun fərqində belə deyilsiniz adətən.
Bunu müxalifətçilik, dəlilik, nə bilim nə adlandırırsınız, özünüz bilərsiniz, amma bu, həyat tərzidir. Keçən yazılarımın birində “Azərbaycanda vicdanla yaşamaq” haqqında yazmışdım. Biz məhz VİCDANLA YAŞAMAQ həyat tərzini seçmişik, buna ən azından çalışırıq. Şərt o deyil ki, mitinqə çıxasan, döyüləsən, tutulasan, işdən qovulasan.
Bunların hamısını nəzərə alaraq bəzi güzəştlərlə də bu tərzi seçmək olar. Məsələn, rüşvət istədikdə vermirik, əziyyət çəksək də, vicdanımızı qorumağı rahatlığımızı qorumaqdan üstün tutub vermirik rüşvəti; xırda haqsızlıqlara da etiraz edirik (məcbur deyil ki, hər etirazda İlham Əliyevi yıxıb sürüyəsən); xaricə gedəndə kimlərsə aeroport yolunun bərq vurmasından danışırsa, biz onlarla siyasi məhbusu olan məzlum xalqımızın həqiqi vəziyyəti barədə əcnəbiləri mümkün qədər məlumatlandırırıq; mentalitet də bu hakimiyyətin formalaşdırıb bizi süründürmək üçün qoruduğu iyrənc sistem olduğundandır ki, bunu başa düşənlərimiz mentalitetə qarşı da çıxırıq – palaza bürünüb ellə sürünmürük, xalq üçün ağladıqda iki gözümüzdən olacağımıza inanmırıq; cəmiyyətin lokomotivi olan “şəhərli” adlanan təbəqəni məhv etməyi hədəfləyən hakimiyyəti bu məqsədinə həsrət qoymaq üçün mümkün qədər bu təbəqəni yaşatmağa çalışırıq – küçəyə zibil atmırıq, tüpürmürük, liftdə, yeraltı keçiddə siqaret çəkmirik, tolerant oluruq; işimizi daha can-başla yerinə yetirərək hakimiyyətin vicdansızlaşdırma və cəmiyyəti əlil etmə kampaniyasına bacardığımız ziyanı vururuq...
Bunları çox sadalamaq olar, amma elə bunlara da baxıb bilə bilərsiniz ki, BİZ adlanmaq üçün həyat tərzini dəyişmək lazımdır, yalnız deməklə, lap elə bir-iki mitinqə çıxmaqla iş bitmir. Nümayiş xatirinə facebook-da status yazmaqdan tutmuş polislə qolboyun şəkil çəkdirməyə qədər hər bir üsul bu həyat tərzini ayrılıqda tamamlamır. Bəlkə nə vaxtsa, yırtıcı hökumətdən qaçmaq üçün bunlar da lazım olur, amma bunlar həyat tərzi deyil.
Həyat tərzi ağır məsələdir, bu, adından da göründüyü kimi insanın həyatını dəyişir. Ailənin rüşvətli işə keçmə, başını aşağı salıb işləmə xahişlərinə, əlində zibillə zibil qabı axtaran zaman cəmiyyətin istehzasına, işdən kənar vaxtını başdan-başa əyləncəyə, şəxsi həyatına deyil, ictimai işlərə də həsr edərkən zövqlərinin təzyiqinə dözməli olursan. Sən artıq hərəkətlərinlə, sözlərinlə deyil, düşüncələrinlə, bütün varlığınla AZAD OLMAQ = İNSAN OLMAQ məqsədinə doğru gedirsən. Zamanla zövqlərini də dəyişirsən, ailəni də, cəmiyyəti də.
Bizim də ailəmiz, şəxsi problemlərimiz, xəstəmiz, ölümüz, gələcək arzularımız, pulumuzu xərcləmək üçün həris zövqlərimiz, xəstə orqanlarımız var, bizim qabağımıza bunları qoymayın, guya bunlardan sizdə var deyə seçmirsiz bu həyat tərzini. Səmimiyyət lütfən. Sizin içinizdə azadlıq yanğısı o qədər deyil ki, bunu seçə biləsiniz, bu çətinliklərə dözə biləsiniz. Səmimi olaraq desəniz ki, biz “konstitusiyalı kölə”yik, sizi də yuxarıdakı birinci qrupa daxil edib barənizdə susaram, amma əgər siz bizim barəmizdə deyirsinizsə, ürəyiniz yanırsa bizə, onda dinləyin lütfən.
Bir az səmimi olaq. Məsələ heç də mitinqə çıxmaqda, işdən qovulmaqda, ən radikal variantları seçməkdə deyil. Bunları edənlərə hörmət daha çox olmalıdır əlbəttə, lakin həyat tərzini dəyişib ailəsi ilə, cəmiyyəti ilə, əsas da özü ilə, zövqləri ilə döyüşən adamlar da görməzdən gəlinməməlidir. Belə həyat tərzi ilə ağılla seçilmiş radikal üsulları birləşdirənlər isə ayrı aləmdir.
Ona görə də, kimdənsə “belə olma, ağlın olsun” xahiş-tələblərini etdikdə nəzərə alaq ki, bu, insanlığa daha uyğun həyat tərzinin dəyişdirilməsinə çağırışdır. Belə xahişlərdənsə, özünüz də həyat tərzinizi qismən dəyişdirin, radikal-filan olmadan daxilinizi təmizləməklə ərtafınıza sirayət etməyə başlayın. Buna adətən fərdi nümunə deyirlər. Bir ağıllı təxminən belə demişdi ki, “lap əvvəl dünyanı dəyişmək istəyirdim, sonra ölkəmi dəyişmək istədim, axırda bildim ki, bunları dəyişmək üçün ən əvvəl özümü dəyişdirməkdən başlamalı idim”.
Madam ki, radikallıqla birbaşa cəmiyyəti və ya ölkəni dəyişmək istəyənlərlə razı deyilsiz, onda özünüzdən başlayın, fərdi nümunələr göstərin, heç olmasa 9 milyonda birimizi xilas edək.

Comments