Maarifçilikdən daha vicdansız və daha xeyirli




Maarifçiliklə məşğul olmağın məqsədlərinə çatmaması artıq 20-ci əsrin əvvəllərində sübut olunub. Məhz Mirzə Cəlili, Sabiri və başqa maarifçiləri özünə nümunə seçənlər buna diqqət etməlidirlər ki, fərdlə kütlənin fərqini görə bilsinlər. Fərdən dəyişmək cəmiyyəti dəyişmir.

Bunu anlamaq çətin deyil. Sovet dövründə məscidi kitabxanaya çevirən adam indi qızını universitetə imtahan verməyə qoymur. Eyni adamdır. Təkbətək söhbət eləsən, deyəcək ki, qız da oxumalıdır, o da insandır, amma ki kütləyə düşdü, vəssəlam. Le Bon deyirdi ki, tamamilə professorlardan təşkil olunmuş bir qrup etiraz edib dükanı sındırarkən o qrupdakı professorlardan birini çıxarıb soruşursan ki, sən ki bu qədər elmli adamsan, bu elədiyin nədir? Deyəcək, düzgün hərəkət deyil, lakin buraxdın və o, yenə kütləyə girdisə, yenə dükanı dağıtmaqda davam edəcək.

Yəni insanlarımızı tək-tək tutub başa salsan ki, məhz sənin karuseldə iştirak edərkən seçki kabinəsində istədiyin namizədə səs vermən daha yaxşıdır və nəyisə dəyişə bilərsən, o, buna inansa da, karuseldəkilərin mühitində - kütlədə yenə gedib Ceyhun Osmanlının adını işarələyəcək.
Bir sözlə, fərdi tərbiyə ilə kütləvi tərbiyə arasında fərqləri görmək lazımdır.

Fərdi tərbiyə daha insaflıdır, daha çəkicidir, adamı vicdanı qarşısında daha çox başıuca edir. Amma bütün bu “daha”lar bizim öz daxili rahatlığımızı təmin etməkdən başqa demək olar ki, heç bir xeyir vermir. Çünki kütləni “tərbiyə etmək” üçün ona yalanlar demək lazımdır. Kütlə kim daha böyük yalan desə, ona inanır. Ona görə də kütləvi tərbiyə fərdi tərbiyədən daha vicdansız, lakin daha xeyirli işdir.

P.S. Bununla maarifçiliyin lazımsızlığını iddia etmirəm, mən müxtəlif üsulların eyni zamanda tətbiqinin tərəfindəyəm. Bu barədə digər yazımda geniş qeyd eləmişəm.

Comments