Ən radikal və dincdən də dinc bir arada (təkliflər seriyasından)




Maarifçiliklə də məşğul olan lazımdır, mitinqə çıxan da, heç nə etməyib məsləhət verən də, hətta qorxusundan səsini çıxarmayıb narazı olan da... Hər birinin cəmiyyətdə öz yeri var, hər biri də iddia edəcək ki, mən cəmiyyətə daha çox xeyir verirəm, etiraf edən az olacaq ki, hamı yalnız mənim məşğul olduğum işlə məşğul olsa, bir nəticə olamayacaq.
Biz də nəticə üçün “N!da” olaraq müxtəlif üsullardan istifadə edirik. Bu dəfə də maarifçilik kimi görünən üsulu götürdük. Gördük, təhsil haqqı artırılıb, dərsliklər də dəhşətli qiymətlərədir, dedik, heç olmasa, kitablarla tələbələrə kömək edək. Zaman və məkan təyin etdik, həmin gün də orda yığışdıq. Polisin gəlib orda yığışıb həvəslə kitab toplayan, kitabların üstünə ad, əlaqə qeyd edən uşaqları dağıtması nə qədər gözlənilən olsa da, təəcüblənənlər oldu. Bununla hakimiyyət nə göstərdi? Hə, bu, “təhlükəli” hesab etdikləri gənclərin toplaşmasına qorxaqların əsl reaksiyası idi. Həm də bu, oxumaq həvəsinə hakimiyyətin verdiyi qiymət idi. Amma burdan çıxartdığım başqa nəticə də var.

Birinci abzasda sadaladığım üsullar və digər vasitələrlə hakimiyyətə qarşı mübarizə aparmaq hakimiyyəti o qədər qorxudub ki, adi maarifçiliyin də üstünə top-tüfənglə gəlir. Məqsəd isə mübarizə aparmaqda qərarlı olan hər kəsi ən radikal üsula sürükləməkdir. Onlar istəyirlər ki, maariçiliklə məşğul olanlar da, müxalifətin xoşniyyətli tənqidçiləri də, başqa daha yumşaq üsulla nəsə etməyə çalışanlar da, hamısı mitinqə çıxıb prezidenti söysünlər. Onda onları tutmağa, öldürməyə, cəmiyyətdən silməyə cəmiyyət də haqq qazandıracaq. Məsələn, mənim mitinqə çıxdığıma görə işdən qovulmama ailəmin reaksiyası budur ki, “mitinqə getməzdin, qovulmazdın”. Amma mən 5 il qabaq istifadə etdiyim və indi mənə lazım olmayan dərsliyimi ehtiyacı olan tələbəyə verdiyimə görə təzyiqə məruz qalsam, əminəm ki, ailəm mənim tərəfimdə olacaq.

Fərqlilikdən qorxurlar. Çünki birimizin etmədiyimizi başqa birimiz edəcəyik, tamamlayacağıq bir-birimizi. O kitab aksiyasına gələnlərin bəziləri bəlkə də heç hökumətdən narazılıq etmək fikrində də deyillər. Sadəcə gəlib kitabla tələbələrə kömək etmək fikrindədilər, hökumətin təhsil haqqını qaldırma qərarından hiddətləniblər və içlərində baş qaldıran enerjini boşaltmaq üçün belə dincdən də dinc aksiyanı ideal görüblər. Amma gəlib gördülər ki, polislərin yarısı “xahiş edirəm, uzaqlaşın burdan”, qala yarısı isə “davay, əəə, davay, di getdiniz, tez olun, tez olun, əə” deyərək camaatı dağıdırlar.

Onlardan bəziləri daha da hiddətlənib daha radikal aksiyalara qoşula bilərlər, bəziləri isə bir daha ən dinc aksiyaya da gəlməz. Hər iki halda hakimiyyətə sərf edir. Daha radikal olduqda hədəfin ortasına daha bir addım atmış olacaqlar, bir daha aksiyada iştirak etmədikdə isə kütlənin ortasına.

Ona görə də, dostlar, hər kəsdən ən radikal olmağı və ya yalnız maarifçi olmağı, yaxud özümüzü heç zaman tənqid etməməyi tələb etmək olmaz. Biz müxtəlif üsulların təmsilçiləri olmaqla hakimiyyəti çox cəbhədə döyüşməyə məcbur edirik. Axı onlar dincdən də dinc aksiyadan qorxurlar. Madam ki, onlar bizdə qorxurlar, cəbhələrimizi ləğv edib vahid hədəf olmayaq, bütün üsullarla – bütün cəbhələrdə hücumlarımız davam etdirək, qələbə əvvəl-axır bizim olacaq.

Comments