Nazirlər Kabinetinin milyonları “yeyən” maliyyə sərəncamları niyə görsənmir?




Dövlət büdcəsinin vəhşicəsinə dağıdılmasını hamımız bilirik. Amma mənə də maraqlıdır bunu necə edirlər. Yəni necə sənədləşdirirlər. Axı biz keçmiş sosialist düşərgəsi ölkəsi olaraq bütün qanunsuzluqları qanunlarla “yumağa” öyrəşmişik. V.Havel deyirdi ki, bizim Afrika diktaturalarından fərqimiz də bundadır. Afrika diktatorları iradələri buyuran şeyi qanunsuz-filansız edə bilirlər, bizimkilər isə öz iradələrini qanun formasına salıb, quru formalizm “ədalət”ini təmin edirlər.
Bu yaxında bir tanışımdan büdcədən pul ayrılmasının gizlədilməsinin maraqlı üsulu barədə eşitdim. Deməli, fasiləsiz və gündəlik (!) olaraq Nazirlər Kabineti büdcədən milyonlarla vəsaitin ayrılması barədə sərəncamlar verir. Elə iş günü olmur ki, Nazirlər Kabinetinin bu barədə sərəncamı olmasın. Biz də belə bilirik ki, bütün normativ-hüquqi və normativ xarakterli hüquqi aktlar elektron variantda və (sifariş edildikdə) çap şəklində yayılır. Lakin biz səhv bilirmişik.

Nazirlər Kabinetinin bu sərəncamları – yəni büdcədən milyonlarla vəsaitin yeyilməsindən başqa məqsəd daşımayan layihələrə xərclərin ayrılması üçün nəzərdə tutulan sərəncamları ictimaiyyətdən gizlədilirmiş. Nə televizorda elan edilir, nə elektron variantda yayılır, nə də çap variantında. Sanki belə sərəncam olmayıbmış.

Ədliyyə Nazirliyinin http://e-qanun.az/ saytında Nazirlər Kabinetinin sərəncamları siyahısına baxdıqda görmək olar ki, indiyə kimi 2011-ci il ərzində Nazirlər Kabinetinin cəmi 60 sərəncamı verilib. Bura yalnız maliyyə sərəncamlarından başqa sərəncamlar da daxildir. Lakin bayaq qeyd etdim ki, maliyyə sərəncamları demək olar ki, gündəlik olaraq verilir. Bəs necə olur ki, bu qədər tez-tez verilən sərəncamların sayı 200 gübdən artıq müddətdə cəmi 60 ədəd olur? Həmin saytda yayımlanmış sonuncu sərəncamın nömrəsi 232s-dir. Lakin dediyim kimi, saytda bu il ərzində cəmi 60 sərəncamın verildiyi göstərilir.

Məlumat üçün qeyd edim ki, hər il üçün yeni nömrələnmə başlayır, yəni 2009-da da 42s saylı sərəncam var, 2010-da da. Yəni bayaq dediyim fakta qayıtsaq, əgər indi 2011 üzrə axırıncı sərəncamın nömrəsi 232s-dirsə, deməli 2011-ci il ərzində azı 232 sərəncam verilib. Amma cəmi 60-ı yayımlanıb. Bəs qalan 172 sərəncam hanı? Həm də gördüyümüz kimi mənim aldığım “demək olar ki, hər gün sərəncam verilir” məlumatı ilə bu 232 rəqəmi uyğun gəlir, belə ki, hal-hazırda ilin cəmi 227 günü geridə qalıb.
Bu gizlədilmiş sərəncamların əksəriyyətinin maliyyə sərəncamı olmasını başqa yolla da sübut etmək olar. Şahvələd Çobanoğlunun araşdırmasından bilirik ki, büdcə əsasən ilin sonunda “dağıdılır”. Belə ki, büdcənin təxminən üçdən biri ilin son 2–3 ayında xərclənir. Nazirlər Kabinetinin sərəncamlarına baxaq. Ədliyyə Nazirliyinin http://e-qanun.az/ saytının məlumatına görə 2009-cu il ərzində NK-nin 87 sərəncamı olub, bunların düz 1/3-i, yəni 28 ədədi ilin cəmi son 3 ayında, yəni bütün ilin 25%-ini əhatə edən müddətdə verilib. Bu tələsiklik Şahvələd bəyin araşdırmasına uyğun gəlir.
Formalizmdə “yolavermə” sadə araşdırma ilə üzə çıxır.

Comments