Niyə blog yazaq?




Ümumiyyətlə, “blog niyə yazılır?” sualına vahid cavab ola bilməz. Blog blogger-indir və özü bilər orda nəyi necə edir (əlbəttə ki, hər kəsin azadlığı başqasının azadlığının sərhəddinə qədərdir). Amma mühitə, zaman görə heç olmasa, lokal səviyyədə blog yazmağn səbəbləri barədə ümumi və ya əksəriyyətin qəbul etdiyi rəy var. Lokal olaraq Azərbaycanı götürək.
Bu ölkədə mətbuat, sərbəst toplaşma, söz azadlığı olmadığına görə alternativ variantlardan olan internetə müraciət edənlər çoxdur. Ona görə də blog yazanlardan daha məşhur olanlar adətən siyasətdən, heç olmasa, ölkənin biabırçı vəziyyətindən yazırlar. Hakimiyyət də bunlara qarşı hücum planı çərçivəsində öz piyadalarını atır internetə. Nəticədə blog-ların yarısından çoxu ya hakimiyyətin əleyhinə, ya da lehinə olmaqla 2 cəbhəni təmsil edir.

Buna görə də kimsə blog-unda bu 2 cəbhədən kənara çıxsa, ittiham obyekti olur (düzdür, ittihamlarda haqlı olan məqamlar var, amma burada ittihamları müzakirə etmirəm). Amma başqa məqama baxaq. Nəticəyə, faydaya.

Blog yazmağımızın faydası nədir? Məsələni fərdiləşdirsəm, indi məndən siyasi blogpost daha çox gözlənilir, nəinki belə yazı. Çünki kiçik oxucu dairəm var və onları nəzərə almadan yazsam, yazdığım evdə vərəqə yazılan kimi cırılıb atılan cızmaqaralardan fərqli olmaz. Bu cızmaqaraların virtual variantı blog-un girişinin məhdudlaşdırılmasıdır, parol qoyuruq və bu parolu yalnız özümüz bilirik. Yalnız özün oxu, sil, oxu, sil, oxu, sil...

Əgər belə etmirsənsə, özündən başqa oxucun varsa, deməli, sən qeyri-səmimi olmağa məcbursan. Milan Kundera “Varolmanın dözülməz yüngüllüyü” əsərində Sabina surətinin dili ilə deyir ki, əgər sən üzərində başqasının nəzərini hiss edirsənsə, deməli, qeyri-səmimisən. Çünki bir-birinin eyni olan 2 insan yoxdur və 2-ci bir insanın gözləri sənin üzərindədirsə, sən etdiklərini az da olsa, ona uyğunlaşdırmalısan. Yəni blog-da da tam səmimi olmaq istəyirsənsə, yuxarıda dediyim “oxu, sil...” məhdudiyyət rejimini tətbiq eləməlisən. Oxucun varsa, onları nəzərə almaq məcburiyyətindəsən, istər-istəməz nəzərə alacan.

İndi mən yaza bilərdim ki, “İlham qarpız müşavirəsi keçiribmi?”, “Amerika niyə Somalini qoyub Liviyanı işğal edir?” və s.. Amma bunların nə xeyri var? Son vaxtlar yazı yazma tezliyimi azaldıram. Çünki nəticəsi olmayan bir işlə məşğul olmağın mənası da yoxdur. Heç olmasa, təklif verək yazılarımızda. Özü də elə təkliflər ki, birbaşa öz oxucularımıza ünvanlanmış olsun. Yoxsa ki, çox adam blog yazanda elə tərz nümayiş etdirir ki, sanki bu blog-u azından bütün Azərbaycan oxuyur, kəndlərdə seçki lövhələrində bu yazı nümayiş olunur, “Toy olsun”da bu blogpostların subtitrləri gedir.

Gəlin, bir-birimizlə bir az səmimi olaq və kimsəyə lazım olmayan yazıları mümkün qədər azaldaq. Belə yazılar da olar istisna kimi. Məsələn, hansısa siyasi məhbusun mndafiəsi üçün 1 gün müəyyən edirik və həmin gündə bütün blog-larda həmin məhbus haqda post-lar yazılır ki, Azərbaycan blog-larını oxumaq istəyən hər kəs həmin məhbus haqqında yazılarla qarşılaşsın.

Lakin bu istisnalar elə istisna da olaraq qalır. Normalda yazdığımız yazıları da kampaniya kimi, yalnız təsvir olaraq, heç kimə lazım olmayan tənqid üzərində yazsaq, heç bir nəticə əldə etməyəcəyik. İlkin olaraq təkliflər verə və hər təklifli blogpost-umuzu hansısa şəbəkədə müzakirə edə, sonda buna uyğun hərəkət edə bilərik. Bu da təkliflərdən biridir, amma ilkin olaraq təsviri, təkrar (tənqid və inkar da daxil olmaqla bütün təkrarçılıqlar), tərifli və s. lazımsız yazıları dayandıraq.

Comments