Rəqəmlər və xalqlar


Ədədlərin 10 dənəsi rəqəmlər adlanır. Ədədlərlə ilk tanış olan uşaq üçün çətini rəqəmləri və onluq, yüzlük, minlik və s. adlarını öyrənməkdir. Çünki rəqəmlərin adları müxtəlifidir – bir, iki, üç... Onluqların da adları müxtəlifdir – on, iyirmi, otuz... Yüz, min, milyon... da fərqli adlandırılıb. Yəni bunlar adlandırma üçün bünövrədir. Başqaları bu adların üzərində qurulur. Məsələn, on bir, iyirmi altı.

Bir cəmiyyət üçün rəqəmlər həmin cəmiyyətin baniləridir. Məsələn, ABŞ-da “Atalar-Banilər” adlandırılan, ABŞ dövlətini qurmuş şəxslər onların rəqəmləridir. (Bir də var sıfır. Sıfır ABŞ-ın qurulması kimi məqsədi olmayan, amma onun iştirakı olmadan bu dövlətin qurulması mümkün olmayan ideya müəllifləridir, məsələn, Con Lokk.)

Banilərdən – rəqəmlərdən sonra onluqlar gəlir. Bunlar tarixin elə dövrləridir ki, yeni bir müddət üçün təkan və müvəqqəti bünövrə rolunu oynayır. Onluqları da öyrənmək uşaq üçün nisbətən çətindir. “İyirmi” bir cür deyilir, “otuz” başqa cür. Bu “uşaq” xalqdır. Onlar hansısa tarixi dövrə təkan verən insanları, hadisələri çox çətin qəbul edirlər. Həm də fikir versək, görərik ki, onluqların adları türk dillərində daha fərqlidir, nəinki qərb dillərində. Yəni, məsələn, ingilis və ya rus dilində, “iki”ni, “bir”i tanımaqla “iyirmi” və “otuz”u da tanımaq, asanlıqla yadda saxlamaq olar. İngilis və rus uşaqlar üçün onuqları öyrənmək necə asandırsa, ingilis və rus xalqları üçün də “iyirmi bir – iyirmi doqquz” və ya “otuz bir – otuz doqquz” mərhələsinə öyrəşmək, yeniliyi qəbul etmək o qədər asandır. (Fərq ondadır ki, riyaziyyatda ədədlər dəqiq məsafələrlə bir-birindən ayrılır, tarixi dövrlər isə fərqli uzunluqlarda ola bilər.)



Bizdə isə vəziyyət çətindir bir az. Uşaq “on”u öyrənir; “on doqquz”da “on” tarixi dövrünün böhranı son həddə çatır və yeni dövrə ehtiyac yaranır. “İyirmi”yə keçəndə uşaq görür ki, “on”dan və “iki”dən fərqlənən tamamilə yeni söz var qarşısında. Uşağın “iyirmi”liyə öyrəşməsi, “iyirmi”ni qəbul etməsi nə qədər çətin olursa, xalqın da yeni tarixi dövrə öyrəşməsi o qədər çətin olur.

Çünki bizim yeni tarixi dövrlərimiz varisliyini qoruyub saxlaya bilməmiş köhnə tarixi dövrdən çox fərqlənir, heç bənzəmir (məsələn, “iyirmi” “iki”dən fərqləndiyi kimi). Eləcə də, “otuz”, “qırx” və s.. Qərb dillərində yalnız yüz, min kardinal dəyişikliyi ifadə edir. Onlar hələ təkliklər – rəqəmlər, yəni banilər səviyyəsində elə əsas qururlar ki, buna yeni kök artırmaq “yüz”ə, “min”ə qədər mümkün olmur. Bizdə isə hər “on”dan bir yeni kök, yeni ağa, özündən əvvəlkini rədd edən yeni diktator gəlir.

Amma xalqımız həmin xalqdır. Bizim xalq diktator onluqların, yüzlüklərin arasında rəqəmlər siması ilə, yəni banilərimizin ifadə etdikləri ruhları ilə yaşayırlar. Bizim banilər Cümhuriyyətimizi yaradanlardır, 19-cu əsrin sonu-20-ci əsrin əvvəlindəki maarifçilərdir. Rəqəmlər Rəsulzadə, Xoyski, Topçubaşov, Hacıbəyov, Axundov, Zərdabi, Məmmədququluzadə...-dir. Və biz hazırda başımızda hansı onluğun durmasından asılı olmayaraq, məhz banilərimizin ruhunu ifadə edirik – “iyirmi”dən sonra da 1, 2, 3, 4... gəlir, “otuz”dan sonra da, “qırx”dan sonra da.

Biz indi “yüz”ün astanasındayıq. “Doxsan”ın böhranıdır. “99” müqavimət göstərir. Bizə “100”-ü ifadə edəcək lider lazımdır. O, olmasa da, biz rəqəmlərin düzülüşündən – banilərimizin ideyalarından yaranan “100”-ü formalaşdıra biləcəyik. İndi xalq bu yeni anlayışı qəbul etməkdə çətinlik çəkir, öyrəşə bilmir, necə ki, uşaq üçrəqəmli ədədlərə öyrəşə bilmir. Amma uşaqlara nisbətdə dəfələrlə az olan müəllim kimi xalqa nisbətdə dəfələrlə az olan bizlər uşaqları – xalqı buna öyrədəcəyik. Müəllimlik etmək borcumuzdur. Bizim xalq da ibtiadi sinfi qurtaracaq. “99” getmək üzrədir artıq, “100”-ə keçid yetişib.

Comments