İnsan hüquqları və demokratiya - hansı o birinə daxildir?

Məncə demokratiyanı az-çox bərqərar etmiş Qərb ölkələrində insan hüquqları daha geniş anlayış olmaqla demokratiyanı da bir vasitə kimi özündə ehtiva edir və demokratiya sayəsində həyata keçirilə biləcək mənfi tendensiyalar üçün məhdudiyyət rolunu oynayır, başqa sözlə, demokratiyanın sui-istifadəsindən, "özbaşınalığı"ndan qoruyur. Demokratiya oturuşmamış ikinci və xüsusən, üçüncü dünya dövlətlərində isə demokratiya vasitə yox, hələ ki, məqsəddir. Buna görə də insan hüquqları anlayışı daha çox sui-istifadəyə məruz qalır. Məsələn, 2009 referendumunda Azərbaycanda Konstitusiyanı zorla dəyişdirib prezidentə 2 dəfədən çox seçilmə səlahiyyəti verənlər bu müddəaya istinad edirdilər ki, "insanların kim nə qədər istəsələr, seçmək hüquqları var". Yəni məqsəd demokratiya olanda insan hüquqları institutu bu məqsəddən sapmaq üçün sui-istifadə mənbəyinə çevrilir. Bu zaman demokratiya insan hüquqlarının sui-istifadəsinə, "özbaşınalığı"na qarşı məhdudlaşdırıcı vasitə, "silah" olur.

Yəni Qərbdə insan hüquqları demokratiyanı özündə ehtiva edir, bizdə isə demokratiya insan hüquqlarını da əhatə edir.

Ona görə də bizdə insan hüquqlarına əsaslanıb demokratiyadan başqa bir şeyin qurulmasını iddia etmək gülüncdür. Biz hələ demokratiyanı qurmalıyıq ki, insan hüquqları demokratiya anlayışını aşıb onu vasitəyə çevirə bilsin.

Comments