Makkartinin güvənci





ABŞ-da 2 "Qırmızı Qorxu" ("Red Scare") dövrü olub. Biri SSRİ yarananda, biri də Soyuq Müharibə dövründə. Bu dövrlərdə ABŞ-da insan hüquqları məhdudlaşdırılıb, hətta insan hüquqları sahəsində inkişafı təmin edən Ali Məhkəmə də səhvlərə yol verib.



Lakin təməl hüquqlar adətən təmin olunurdu və ya təmin olunmağa cəhd edilirdi. İnsanların təməl hüquqlarından istifadə etməsinə dözmək Amerikanın ənənəsi kimi bir şeydir. Senator Cozef Makkarti qalmaqalı da bu dözümün nə qədər uzun müddətə davam etdiyini göstərmişdir.




1950-ci ildə o qədər də tanınmayan, Viskonsindən seçilmiş senator Cozef Makkarti (Joseph McCarthy) Qərbi Virciniyanın Uillinq şəhərində çıxış edərkən, bir kağız vərəqini qaldırıb iddia etdi ki, həmin vərəqdə o dövrdə Dövlət Departamentində işləmiş 205 kommunistin adı var. Makkarti ittiham edir, lakin sübut təqdim etmirdi, ümumiyyətlə o, sübut etməyə ehtiyac görmürdü. O hesab edirdi ki, kommunistlərin dövlət idarəçiliyinə girməsinin qarşısı alınmalıdır və bu, ABŞ üçün həyati əhəmiyyət kəsb edir.
1954-cü ilə qədər Makkarti bu mövzunu istismar etdi. O və onun 2 köməkçisi ağlasığmaz ittihamlar irəli sürür, dövlət idarəçiliyindəki hörmətli adamlara böhtan atır, ləkələyir, onları "qərb sahilinin ərköyün elitası" adlandırırdı. Onun ittihamları və böhtanları ictimai fikrin terroru idi. Lakin Amerika söz azadlığına o qədər dözümlüdür ki, onu susdurmaq mümkün olmurdu. Hətta ona nifrət edən prezident D.Eyzenhauer də ona qarşı çıxmağa cəsarət etmirdi. Nəticədə Makkarti səhv etdi və 1954-cü ilin yanvarında prezident və müdafiə naziri barəsindəki ittihamları ilə senator fəaliyyətinə nöqtə qoydu.

Bundan sonra Senat ona etimadsızlıq göstərdi və Makkarti vəzifəsini itirdi. Senatın etimadsızlıq barədə qərarında Makkartinin günahları kimi Senatın fövqəladə sessiyasını "linçləmə məclisi" adlandırması, Senatı "linçləmə yuvası" adlandırması, Senatın Xüsusi Komitəsinin sədrinə "indiyə qədər eşitdiyim ən ağlasığmaz və qorxaq əməllərdə təqsirkardır" deyərək böhtan atması, Xüsusi Komitənin üzvlərini "kommunist partiyasının kölələri" və "faktiki vəkilləri" kimi çağırması, eləcə də qəsdən yalan danışması, dələduzluğu, Senata qara yaxması, Senatın konstitusion fəaliyyətinə qəsdən mane olması və s. sadalanmışdır.

Təsəvvür edin, Makkarti 4 il boyunca burada sadalanan və sadalanmayan böhtan və sübutsuz ittihamlardan ibarət fəaliyyətinə davam edib, onun əleyhinə prezident də çıxa bilməyib, həm də insan hüquqlarının məhdudlaşdırıldığı "Qırmızı Qorxu" illərində.

Makkartinin bu qədər uzun müddətə bu qədər narazılıq doğuran fəaliyyətlə məşğul olmağa yalnız bir əsası olub - söz azadlığı. Və onun yalnız bir güvənci olub - amerikalıların sadə adamından tutmuş prezidentinə qədər söz azadlığıma tolerant olması.

Comments