"N!da" - demokratiyaya layiqliyimizin sübutu


Azad və ədalətli seçki demokratiyanın ürəyidir. Bunu hiss eləmək üçün azad və ədalətli seçkisi olan heç olmasa kiçik bir cəmiyyətdə, qrupda fəaliyyət göstərmək lazımdır. Mən belə bir cəmiyyətdəyəm.

2010-cu ilin axırlarında Bakıda bir qrup gəncin arasında "Partizan" ideyası yaranmışdı. 2011-ci ilin əvvəllərində hələ tam formalaşmamış qrup bir az da genişləndi və yeni üzvlər yeni ideyalar irəli sürdülər. Nəhayət 2011-ci il fevralın 4ü təsis konfransı oldu. Təşkilatın adı, təşkilati-hüquqi forması və yalnız gənclərə, yoxsa digər insanlara da yönəlməsi ayrı-ayrılıqda səs qoyuldu. 3 səsvermənin nəticəsində belə bir ad meydana çıxdı: "N!da" Vətəndaş Hərəkatı.




Cəmi 13 nəfər idik yarananda. Müvəqqəti İdarə Heyəti seçib bu 13 nəfərin 7-sini ora seçdik. Ərəb baharı dönəmi idi, Azərbaycanda da oyanma ehtimalı var idi. 11 mart ərəfəsində hakimiyyət repressiyanı gücləndirmişdi. İzlənmələr artmışdı, evimizə rahat gedə bilmirdik. 11 martda "nidaçı" adı ilə tutulanlar oldu və Hərəkat rejimin diqqətini cəlb etdi. İdarə Heyəti iclas keçirməkdə çətinlik çəkirdi. Çayxanada yığışır, izləndiyimizdən tez-tez yer dəyişirdik. QHT-lərin ofislərində iclas etdiyimiz otağa bizdən qabaq mülki geyimlilər girirdi. Bəzən otaqda televizorun səsini axıra qədər açıb iclas edirdik ki, səsimiz dinlənilə bilməsin.

Sonra məlum oldu ki, Azərbaycanda inqilab hələ doğulmağa hazır deyil. Rejim sakitləşdi bir az. Biz də təşkilatlanmanı davam etdirdik. Ən əvvəl Nizamnamə və Manifestimizi hazırladıq. Formal mərhələlər o qədər asan olmasa da, çətin də olmadı, nəhayətdə ortaya bir şey çıxdı. Ən əsas və çətin mərhələ isə buna riayət etmək idi.

Biz Nizamnamə yazmışdıq və buna riayət olunmalı idi. Bizim balaca cəmiyyətimiz vardı artıq və biz bu cəmiyyətdə elə aura yaratmalı idik ki, sabah dəyişməyi palnlaşdırdığımız böyük cəmiyyətdə də oxşar aura olsun.

Üzvlər artdıqca Nizamnamənin problemləri ortaya çıxdı, dəyişikliklər, əlavələr edildi. Nəhayət elə dövr gəldi ki, biz Müvəqqəti İdarə Heyətini buraxıb əsl İdarə Heyətini seçməli olduq. 2011-ci ilin sentyabrında təsisdən bəri ilk Konfransımızı (Qurultayımızı) keçirdik. Xüsusi diqqət verdik ki, seçkidə cüzi də olsa, pozuntu, narazılıq yarada biləcək əsas, demokratiyadan sapma olmasın. İndi fəxrlə xatırlayıram ki, biz buna nail olduq. Biz dünyanın ən talançı və qeyri-demokratik rejimlərindən birinin altında yaşayan təcrübəsiz gənclər olaraq, azad, ədalətli və demokratik seçki keçirdik. Sübut etdik ki, insanın demokratiyada yaşaması üçün Hillari Klinton dediyi kimi, 200 illik təcrübəyə malik olması gərəkmir. Demokratiya insan təbiətinin ən adi tələblərinə cavab verən sistemdir və bunu istənilən toplum üçün tətbiq etmək olar. Məsələ idarəçilərin siyasi iradəsindədir.

Bu 2 il ərzində "N!da"nın bir çox uğurları oldu. İnqilabı hədəfləyən yeganə təşkilat olaraq Azərbaycanda tanındıq, üzv sayı 240-a çatdı, uğurlu aksiyalar keçirdik və s.. Amma bunların heç biri mənə işlək Nizamnaməsi olan, azad seçki keçirən, üzvlərinin hüquqi düşüncə tərzini az və ya çox dərəcədə formalaşdıran təşkilat anlayışı qədər ləzzət vermədi.

Maraqlı hadisə danışım. İdarə Heyətində boş qalmış yerə bu il yanvarın əvvəlində seçki oldu. 3 namizəd var idi. Seçkiyə az bir müddət qalmış namizədlərdən biri kobud pozuntu elədi və MNTK tərəfdən ağır şəkildə cəzalandırıldı. Amma hakimiyyət bölgüsü prinsipini pozmamaq üçün biz MNTK-a İH-ə namizədliyi öz mülahizəsinə əsasən, ləğv etmə səlahiyyəti verməmişik. Nəticədə ağır cəza alan üzv İH üzvlüyünə namizəd olaraq, qaldı. Nizamnaməni dəyişmək barədə düşünürdük ki, İH üzvlüyünə namizədə bu cəza alanlar məsələsində məhdudiyyət qoyaq. Əslində bu, Nizamnamədə boşluq idi. Amma ABŞ Konstitusiyası cəmi 7 maddədən ibarətdir. Çünki qalan müddəaları insanlar özləri hüquqi düşüncə tərzlərinə görə praktikada tətbiq edirlər, yəni insanların davranışı qanunun genişləndirilməsinə zəruriyyəti aradan qaldırır. Və bizim yanvar seçkimizdə də ümidimiz insanların - üzvlərin hüquqi davranış və hüquqi düşüncə tərzinin inkiafına olmalı idi. Ümid az idi və kimsə dilə gətirmirdi. Amma gözlənilmədən həmin namizəd məhz aldığı cəzaya görə namizədliyini geri götürdü və elan etdi ki, İH üzvü olmaq üçün hazırda layiq deyil.

Bu, epizodik görünən, amma əhəmiyyətli faktdır. Biz Nizamnaməni dəyişmədik, cəzalanmış üzvün İH üzvlüyünə namizəd ola bilməməsi barədə müddəanı ora salmadıq, çünki üzvlər özləri başa düşürlər ki, belə halda namizəd olmaq olmaz. Bizim Nizamnamə yalnız kağız üzərində və ya kompyuterdə deyil, bu Nizamnamənin davamı üzvlərimizin beynində, nidadaxili həyat tərzindədir. Biz qanun və qanuna hörməti öz balaca cəmiyyətimizdə həyat tərzinə çevirə bilmişik. Yuxarıda məhz bunu bacardığımızı deyirdim. Biz bunu bacardıq!

Bu gün isə "N!da"nın 2 yaşı olur. Artıq 2 ildir ki, bu ölkədə demokrtatik idarəçiliyə malik və ən müxtəlif təbəqələrdən yığılmış gənclərdən ibarət təşkilat fəaliyyət göstərir. Sağçı, solçu, müsəlman, ateist, şərq tərəfdarı, qərb istəklisi, millətçi, kosmopolit... gənclər və digər vətəndaşlar vahid məqsəd uğrunda birləşiblər - ilkin olaraq Azərbaycan inqilabı, ardınca isə bu inqilab vasitəsilə demokratik Azərbaycan uğrunda. Və onlar bu qədər rəngarəngliyə, əksəriyyəti bir-birini "N!da"ya qədər tanımamasına baxmayaraq, demokratik idarəçilik tətbiq edə, bu idarəçiliyə hörmət edə və əsl hüquq vətəndaşı ola biləcəklərini sübut ediblər.

Söhbət mənim təsisçi olduğum hərəkatı tərifləməyimdə deyil, söhbət ondadır ki, Azərbaycanda bu xalqın hüquqi düşüncə tərzinə, demokratiyaya layiq olduğunu sübut edən bir "N!da" var.

Comments