Kürdəxanıdan məktublar - 5

Bu yazı, Zaur Qurbanlının vəkilinə əzbər şifahi danışması əsasında sonradan vəkil tərəfindən yazı şəklinə salınmışdır.


Ən gənc siyasi məhbuslar ölkəsi
Məcid Mərcanlının həbsdən çıxma xəbərini eşidəndə yadıma bir sözü düşdü onun. Cabbar Savalanlı həbsdə idi. O vaxt o, dünyanın ən gənc siyasi məhbusu idi.Məcid onda ağlaya –ağlaya demişdi ki, “Ala, 19 yaş ee. Təsəvvür edirsən? 19 yaş.” İndi də gənc siyasi məhbuslar var. Təkcə “Azadlıq” qəzetində şəkli olanların 14-ü gəncdir. Hələ mən şəkli orda olmayan neçə-neçə əqidəli dindar qardaşımızı demirəm. Orda şəkli olanlardan biri Cabbarın rekordunu təzələyib: Şahin Novruzlunun 17 yaşı var. Onunla birgə tutulan Bəxtiyar Quliyevin 18, Məmməd Əzizovun 20 yaşı var. Yəqin gənc siyasi məhbusların yaş sıralamasında ilk üçlük Azərbaycana məxsusdur indi. Bu dəfə də mən vaxtilə Məcidin mənə dediyini sizə demək istəyirəm:”Ala, 17 yaş ee. Təsəvvür edirsiz? 17 yaş!” Həbsinə qədər “Nida”dan cəmi 2-3 nəfəri tanıyan Şahin 10 gün əvvəl mənə deyir ki, “Mən Nida ilə və nidaçı olmağımla qürur duyuram.” Bəs onun və digər siyasi məhbusların müdafiəsi üçün sizlər nə edirsiz? Bu, ittiham sualı deyil. Ritorik sual da deyil. Sadəcə düşünmək üçün sualdır. Xəbər mənbəyimiz cəmi 2 qəzetdir. Aylardır ki, o qəzetlərdə dünyanın ən gənc siyasi məhbusları haqda heç nə yazılmır. Qəzetlərin redaksiyalarını ittiham etmirəm.
Onların işi xəbər verməkdir, xəbər yoxdursa, əlbəttə barəmizdə nəsə yazmayacaqlar. Məsələ burasındadır ki, xəbəri siz yaratmalısınız. Redaksiyaların iradəsindən kənar olan(və ya olmalı olan) köşə yazılarının bir bir neçəsini oxuyur, əksəriyyətini nəzərdən keçirirəm. Nadir hallarda hansısa gənc siyasi məhbusun adına rast gəlinir. Zamin Hacının qəşəng üsulu var. P.S.-də yazır ki, məsələn, “Məmməd Əzizova salam deyirəm.” Bunu yazmaq yəqin əziyyət deyil. Yazın ki, “Şahin, Bəxtiyar, Məmməd, İlkin, Daşqın,Taleh, Rəşad,... səninləyəm.” Sadəcə bunu yazın. Ömrünün ən gözəl illərini mübarizəsinə həsr edənlər, heç olmasa, hələ də “maloletka”da saxlanılan Şahin buna layiqdir.

Bu kimi cümlələr sizə mənasız pafos kimi görünə bilər, amma əmin olun ki, türmədə dəyərləndirmələr fərqlidir və belə cümlələr “ATV maqazin” materialı olmağa layiq Rəsul-İsa atışmasından daha faydalıdır.

P.S. Burdan hələ ki, son siyasi məhbusumuz olan ATƏT-in Bakı ofisinə salamlarımı çatdırıram.

P.P.S. Fürsətədən istifadə edib bildirirəm ki, mübarizənin fövqündə olduğunu sübut etmiş Xədicə İsmayılın cəsarətinə görə, ilk şantajı zamanı onu müdafiə etmiş dindarların isə sekulyarlıqlarına görə qarşılarında baş əyirəm.
31.07. 2013
Zaur Qurbanlı, BİT

Comments