Kürdəxanıdan məktublar - 7

Vicdanlı, Ədalətli və Cəsarətli hüquqşünas.

2012-ci ilin sentyabrında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi (bandotdel) məni oğurlayanda Əsabəli Mustafayevin ardınca yeni vəkil qoşuldu işimə - Aslan İsmayılov. Almaniyada yaşayan oğlu xahiş etmişdi ki, məni müdafiə etsin.O vaxta qədər barəsində mətbuatda oxuduğum məşhur vəkillə “Bandotdel”də görüşdüm - müstəntiqin otağında. Müstəntiq saxlanma şəraitimi tərifləyirdi.O vaxt yeni təmir olunmuş təcridxanada saxlanma şəraiti yaxşı idi. Mən müstəntiqi təsdiqlədim. Müstəntiq Aslan müəllimə döndü: -Görürsüz, Aslan müəllim? Zaur şəraitindən razıdır. Vəkilim heç vaxt unutmayacağım cavab verdi: -Əla. Allah sizin də balalarınıza qismət eləsin, gəlib bu yaxşı şəraitli yerdə qalsınlar. Bu cəsarətli adamın sayəsində, eləcə də mənim ictimai müdafiəmin uğurlu təşkil olunması nəticəsində “başımdan bir tük də əskik olmadı”. O, yenə mənim vəkilimdir. Yenə də 1 qəpik təmənna ummadan gəncləri və onların mübarizəsini müdafiə edir. Nə qədər təzyiqə, təhqirə məruz qalsa da, indiyə kimi hər həftə yanıma gəlib.Yəqin bundan sonra gələ bilməyəcək. Çünki Aslan müəllimi vəkil statusundan məhrum ediblər. 28 yaşında məhkəmə sədri, daha sonra bədnam Sumqayıt hadisələrinin prokroru olmuş bir hüquqşünası Vəkillər Kollegiyasından kənarlaşdırmaq tragikomediyadır. Amma təccüblənmədim. Hər halda bu, həmin kollegiyadır ki, Ənnağı Hacıbəylini və İntiqam Əliyevi öz üzvlüyünə “layiq bilmir”. Amma absurdun da bir dərəcəsi var axı. Aslan müəllimə qarşı bu barbarlıq Azərbaycanda adalar kimi qalan bir neçə ədalət adasından birini batırmaq cəhdidir. Rejim öz nökərlərinə inanmadığı üçün Aslan müəllimi siyasi məhkəmələrdən kənar saxlamaq yolunu tutdu.İzah edim: Həbs müddətimin uzadıldığı məhkəmə prosesində Aslan müəllim üzünü “NİDA”çıların istintaq qrupunun rəhbəri,  “paykavoy” müstəntiq İbrahim Ləmbəranskiyə tutub dedi: - İbrahim müəllim, bu gənclər sizin balalarınızın azad cəmiyyətdə yaşaması uğrunda həbsdədirlər. Onu tutduğu yol həqiqətdir. Bu yolu indi sənin körpə olan balan da gələcəkdə tuta bilər.Sənin oğlun bu yolu tutsa, bu hakimiyyət onu da Zaur kimi həbs edəcək. Sən onda da indi Zaura qarşı tutduğun mövqedə dura biləcəksən? Hacı Talehin öz müstəntiqində vicdanı oyatması fakdır. Bu fakt təkrarlanmasın deyə, rejim Aslan müəllimi müstəntiqlərdən uzaq tutmalı idi; tutdu da. Aslan müəllim barədə son məhkəmə qərarı Azərbaycanın yalnız ədalətinə deyil, həm də vicdanına vurulmuş ağır zərbədir. Əslində belə də olacağı gözlənilən idi.Çünki, ədalətli adam vicdanlı olduğuna görə ədalətli olur. Əgər sən ölkədə ədaləti boğmaq istəyirsənsə, əvvəlcə vicdanlıları susdurmalısan. Ədaləti qorumaq insanın vəzifəsi,hüquqşünasın isə həm peşə borcudur. Aslan müəllim isə vicdanının səsi ilə hərəkət edən hüquqşünasdır. Hakimiyyətin əldə etdiyi nəticə isə nə ətdir, nə də balıq. Həbsdəki müvəkkilləri Aslan müəllimlə görüşə bilməsələr də, mən onun müvəkkillərindən biri kimi onun məni yenə müdafiə edəcəyinə əminəm. Çünki vicdan və ədalət hissi insanda fitri olur. Məhkəmə qərarları ilə bunu amputasiya etmək mümkün deyil.
Zaur Qurbanlı.
12.09.2013. BİT

Comments