Rəşad – gəncliyini türmədə tərk edənlər


Hekayəsi olan şeylər gözəldir. “Rodriqonun gitara konserti” mahnısının hekayəsi var. Deyirlər, Deniz Gezmiş asılanda bu mahnını istəyib son arzu kimi. Mahnıya qulaq asanda adamın keçdiyi həyat yolu yadına düşür. Bu həyat yolunda böyük adamlar gözə dəyir. Bəziləri hələ də həyatındadır. Məsələn, Rəşad dərhal dəydi gözümə. Ad günüdür deyə.

Artıq mübarizə adamları gəncliyini türmədə tərk edir. Rəşad da 29-u yola saldı. Düzdür, beyin hər zaman gənc qalacaq, bəlkə də. Amma biz fiziki, bioloji varlıqlarıq. Bədən öz sözünü deyir. Türmələrdə, betonların, barmaqlıqların arasında illərimizi oğurlayırlar, xərcləyirlər.

Rəşadın da hekayəsi var. Onun hekayəsi bu ölkədə hər kəsin mübarizəyə qoşulmasına əsasdır. Rəşad riyaziyyatçıdır. ODTÜ-nü qurtarıb. Riyaziyyat sahəsində elmi işlərlə məşğul olmaq istəyir. Amma deyir ki, ölkədəki durum imkan vermir. Bu vəziyyəti dəyişmək lazımdır ki, istədiyinlə də rahat məşğul olasan. Yoxsa sənin yanında insan hüquqları tapdalana, sən daxil olmaqla milyonlarla vətəndaş adam yerinə qoyulmaya, sən də durub professor-filan adı alasan.

Hər kəsə aiddir axı bu – müəllim, fəhlə, mühəndis, tələbə… Yalnız keçinmək, zəruri ehtiyac üçün işləyib mübarizə aparmalıyıq, çünki cəmiyyəti düzəltmək şəxsi məqsədlərimizdən öndə gəlir. Rəşad bunu çoxdan dərk edib. Ona görə də indi türmədə xərclənən ömrünü ucuz verdiyini düşünmür məncə. Əvəzində “Son söz”ümüzdə dediyimiz kimi sərmayəmizi yatırırıq bu ölkənin azadlığı, gələcəyi üçün.

Rəşad haqqında o qədər yazmaq olar ki. Yazıda rabitəsizlik də buna görədir. Haqqında danışacağım o qədər şey var ikən, nə deyim ki. Dustaq maşınlarında, məhkəmə zirzəmilərində, Kürdəxanının eyni korpusunun müxtəlif mərtəbələrində (axırıncı dəfə də Rəşadı onda görmüşəm deyəsən – 3-cü mərtəbədən baxanda barmaqlıqların arasından gördüm, 2-ci mərtəbədə telefondan qayıdırdı. 4 ay yarımdır), mitinqlərdə formalaşmış xatirələr bu yazıya sığmaz ki. Həm də niyə xatirə yazım ki. Hər şey davam edir. Tezliklə yenə sözün həqiqi mənasında çiyin-çiyinə olacağıq.

Balaca boyu ilə zarafat edirik həmişə. Amma təmkini, dərin düşüncəsi, həmişə hörmət qazanan davranışı ilə Rəşad bir başqadır. Həm də Rəşad var deyə, heç vaxt bu mübarizənin bitməyəcəyinə əminəm. Rəşad bundan sonra mübarizədə olsa, olmasa da, onun yazdığı iz bu mübarizəni yaşadacaq gücdədir.

Rəşadətin 30 yaşında ona Günel Mövluddan “30 yaşın şeiri”ni yazıb göndərmişdim. Rodriqonun bu konserti Rəşadətin ən sevimlilərindəndir, yeri gəlmişkən. Rəşad üçün də yazım. Rəsmi gəncliyini türmədə tərk edənlərin himni kimi bir şeydir.

İndi mənim başıma
Od ələnən yaşımdı,
Söykənib bir divara
Güllələnən yaşımdı.

Sərxoş oyanmalıyam
Özgə yataqlarında,
Özümü asmalıyam
Otel otaqlarında.

Bir sevgili uduzub
Dost itirən yaşdayam
Gecə küçədən evə
İt gətirən yaşdayam.

Mənsə hər səhər evdən
Yorğun, əzik çıxıram,
Ayaqqabım narahat
Üstüm nazik çıxıram.

Boğazımı göynədən
Qəhər yox, soyuq olur,
İt yerinə əlimdə
Bir buzlu toyuq olur.

Comments