Niyə “Mən Parisəm”, Türkiyə yox?



16-cı əsrin sonu - 17-ci əsrin əvvəllərində avropalılar Cənub-Şərqi Asiyanın ədviyyat biznesini ələ keçirmək uğrunda mübarizə aparırdılar. Əvvəl portuqallar çalışdı, amma uğurlu olmadı. Sonra hollandlar gəldi. Hollandlar güclü donanmaları vasitəsilə İndoneziyanın adalarındakı xırda dövlətləri öz ədviyyat bizneslərini hollandların monopoliyasına verən müqavilələr bağlamağa məcbur edirdilər. Daha cənubdakı Banda adalarında isə dövlət yox idi. Hər kənd özünü idarə edirdi. Hollandlar müqavilə bağlamağa səlahiyyətli subyekt tapmırdılar. Lakin elə ədviyyat növləri var idi ki, yalnız Bandada istehsal olunurdu. Hollandlar Bandanın ədviyyatını monopoliyaya götürmək üçün yollar axtaranda Bataviyanın (indiki Cakarta – o vaxt Hollandiya Şərqi Hind Kompaniyasının paytaxtı idi) holland qubernatoru Jan Pieterszoon Coen qəddar plan təklif etdi və özü də həyata keçirdi. 1621-ci ildə Holland donanması Banda adalarına gəldi və... bütün əhalini qırdı. Bəli. 15 min nəfər əhali bir neçə nəfər qalana qədər qırıldı. Həmin bir neçə nəfəri də ona görə saxladılar ki, yalnız Bandada bitən ədviyyatların yetişdirilmə qaydalarını onlara öyrətsin. Və bütün Banda adaları digər yerlərdən gətirilmiş qulların işlədiyi plantasiyalara çevrildi.

Bu, avropalıların qəddarlıqlarına yalnız bir nümunədir. Belə aşırı qəddarlıq, əclaflıq nümunələrində mənə maraqlı olan əməli törədənin motivasiyası, onu öz vicdanı qarşısında psixoloji əsaslandırmasıdır. Bir dəfə bir dostum danışmışdı ki, Azərbaycanın şimal rayonlarında vəhabilər mütəmadi Şimali Qafqaza gedib döyüşürlər, sonra gəlib normal şəkildə öz rayonlarında yaşayırlar. Yəni dünən baş kəsən, adam güllələyən biri bu gün səninlə sakitcə görüşür, sənə xidmət edir. Məsələ təkcə bu vəhabilərdə deyil. Avropalılar qul işlədirdilər və Avropada çox yüksək mədəniyyət yaratmışdılar. Yəni qulunu zorlayan bir adam necə olur ki, başqa situasiyada ali dəyərlərə müvafiq hərəkət edir? Misallar çoxdur, əlbəttə. Tipik misal çəkim. ABŞ-ın atalar-baniləri deyilən adamların bir xeylisi quldar olub. Başqa insanı qul kimi istismar edib digər insanlar üçün insan hüquqları konsepsiyasının incəliyini hazırlamaq necə mümkün olur?


Avropanın indiki vəziyyətinə baxanda belə bir variant gəlir ağlıma – bu ikiüzlülüyü göstərən avropalılar üçün insanlar bərabər deyil, buna görə də onlara bərabər münasibət göstərmək ədalətsizlikdir. Bir tanışım var, azərbaycanlıdır, amma Avropa ölkələrindən birinin vətəndaşıdır. Danışır ki, bir dəfə Avropada gecə evinin qabağında bir nəfər ona yaxınlaşıb ki, pasportunu təqdim elə. Polis deyilmiş, sadəcə “qara” adama ilişmək üçün bəhanə axtarıb. Tanışım ona deyib ki, belə şey eləmək ayıbdır. O isə vecinə almayıb, pasport tələb edib. Bu da pasportunu verib. Dediyim kimi, Avropa ölkəsi vətəndaşıdır. Xuliqan üzr istəyib dəfələrlə. Düşüncəyə baxın – “qara”ya ilişmək olar, əgər Qərb ölkəsi vətəndaşı deyilsə.

O gün “Siz Paris oldunuz, niyə Ankara olmadınız?” sualına avropalıların verdikləri cavablara baxıram. Əksəriyyət deyir ki, “Paris mənə yaxındır”, “Türkiyə demokratik deyil”, “Türkiyədə həqiqət müəyyən deyil” və s.. Bəhanələr çoxdur. Amma səbəb birdir – “türkiyəlilər avropalılarla bərabər deyil” düşüncəsi. Dəfələrlə deyildiyi kimi, insanın zövqü, altşüuru çox çətin dəyişir, fikrin, düşüncənin dəyişməsi isə daha rahatdır. İnsan rokun etiraz musiqisi olduğunu hesab edib roka qulaq asmağa başlaya bilər, bu, rasional seçimdir. Amma sənin emosiyaların çox çətin dəyişir, sən hələ də mərsiyədən zövq almağa davam edə bilərsən. Rasional olaraq fikri dəyişmək üçün bir neçə saniyə kifayət edə bilər – köhnə düşüncələrindəki məntiqsiziliyi kəşf edirsən və 1 saniyəyə dəyişirsən. Amma sənin zövqün, emosiyan, rokerin muğama qulaq asanda kövrəlməsi, homofobiya əleyhinə yazı yazan adamın qadın paltarı geyinən kişiyə gülməsi 1 saniyəyə dəf olunan iş deyil. Bunu dəf eləmək üçün aylar, bəzən illər lazımdır. Fərq yüz, min dəfələrlədir.

Kütlə ilə də belədir. Kütlənin fikrini dəyişmək üçün bir populist çıxış kifayətdir. Amma insanın altşüurunu dəyişmək üçün təkamülü gözləmək və ya Şimali Koreya kimi qəribə laboratoriya yaratmaq lazımdır. Bizi Banda soyqırımından təkamülün gerçəkləşməsi üçün zəruri olan qədər müddət ayırmır. Ona görə də holland sülhməramlılarının gözü qarşısında, onların heç bir müdaxiləsi olmadan Ruanda və Srebrennitsa soyqırımları baş verib – 1994 və 1995-ci illərdə. Banda soyqırımından Ruandaya qədər keçən 373 il ərzində hollandlar insan hüquqlarının zəruriliyini dərk etdilər, tətbiq etdilər, öz ölkələrində gözəl sistem yaratdılar, amma onların altşüurunda olan “insanlara bərabər yanaşmaq ədalətsizlikdir” şablonu dəyişmədi, onlar üçün ruandalı, bosniyalı holland deyil və hollandla bərabər münasibətə layiq deyil.

Avropanın səhvi də buradadır, deyə düşünürəm. İnsanların bərabər olması ideyası məhz Avropa ixtirasıdır. Lakin öz ixtiralarını yalnız öz evlərində tətbiq edirlər. Darvin araşdırıb ki, bəlkə, irqlər ayrı-ayrı canlı növləridir, hamısını insan adlandırmaq olmaz?! Amma bu nəticəyə gəlib ki, yox, onlar vahid mənşəyə malikdirlər və aşağı-yuxarı eyni təkamülü keçiblər, rəngindən asılı olmayaraq, bütün insanlar məməlilərin eyni qrupuna aiddirlər.

Təcrübəmizdə isə bu, artıq çoxdan sübut olunub – Barak Obama ABŞ prezidentidir. Vəssalam. Aydın məsələdir ki, Keniyanın ABŞ-dan geri qalması fərdi keniyalının təqsiri deyil. İmkan bərabərliyi yaradılmış keniyalı ABŞ prezidenti ola bilir. 

Müharibədən başını götürüb qaçan insana “sən niyə normal dövlət qura bilməmisən?” demək olmaz. Sənin babalarının 90%-i sənin yaşadığın sistemin qurulmasında iştirak etməyib, hərəsi başını götürüb bir yerdə gizlənib. Mübariz insanların fədakarlıqları sayəsində nələrsə yaratmısınız. Suriyada da, Əfqanıstanda da, Azərbaycanda da, Özbəkistanda da fədakar, irəli düşüncəli insanlar olub və var. Onlar hansısa təsadüflərə görə indi məğlub durumdadırlar. Amma bu, o demək deyil ki, onlara avropalılarla bərabər münasibət göstərmək ədalətsizlikdir. Tarix çoxdan sübut edib ki, bir xalqın inkişaf etməsi, digərinin bədbəxt vəziyyətdə olması daha çox təsadüflərdən asılıdır. İnstitutların formalaşması üçün şərait təsadüfən haradasa yaranıb, haradasa yaranmayıb. Taunun İngiltərədə təsirinin nəticəsi o oldu ki, İngiltərədə təhkimçilik mümkün olmadı, amma eyni taun Şərqi Avropada təhkimçiliyi gücləndirdi. Bu, almanların, çexlərin təqsiri və ya ingilislərin bacarığı deyildi. Təsadüf idi sadəcə. İnstitutlar təsadüfi şəraitlər nəticəsində formalaşıb və indi o institutların hakimiyyəti altında olan xalqlar daha yaxşı yaşayırlar. Eyni institutlar ağır vəziyyətdə olan xalqlara tətbiq olunsa, onlar da asanlıqla normal cəmiyyət qurarlar. Adi bir misal – Amerikada chinatown-lar, Almaniyada türk məhəllələri var. Amma chinatown-lardakı çinlilər kommunizm qurub insanları qırmır, türk məhəllələrindəki türklər Can Dündar kimi insanları həbs etmir, insan kimi yaşayırlar. İnsanın fitrətinə ən uyğun şərait onun hüquq və azadlıqlarının təmin olunduğu şəraitdir. Belə şəraitdə heç bir toplum manyak olmur.

Və insanlar hamısı insandır, daha az, daha çox insan yoxdur. Avropa bəşəriyyəti xilas edə bilən ideyalar ixtira edib və qərb cəmiyyətləri bunu tətbiq edib, indi onlar həmin ideyalara bütün yer kürəsində yiyə durmalıdırlar. Praqmatik nöqteyi-nəzərdən yanaşsaq, ilk növbədə öz sərhədlərində yiyə durmalıdırlar, o cümlədən Türkiyədə. Sənin sərhədin sekulyar, demokratik dövlət olmalıdır, yoxsa yobaz, şəriət dövləti? Bu sualı özlərinə versələr, “Paris mənə daha yaxındır” deməzlər. Edəcəyi təsir baxımından Türkiyə Parisdən daha yaxındır avropalılara. Həqiqət hər yerdə həqiqətdir. Türklər həqiqəti tapmaqda çətinlik çəkə bilərlər, amma axı sən bir avropalı kimi həqiqəti görə və hansı türkün həqiqətin və ədalətin yanında olduğunu qiymətləndirə bilərsən.

P.S. O gün İŞİD haqqında məqalə oxuyuram, yazır ki, İŞİD liderləri Əbu-Qureyb həbsxanasında tanışıblar, danışıblar. ABŞ İraqda Cənubi Koreya kimi normal dövlət yaradılması qayğısına qalmadı, insanları təqsiri oldu-olmadı, Əbu-Qureybə, Quantanamoya doldurdu, axırı da budur. Bəli, liberalların hərbi müdaxiləsi lazımdır, lakin müdaxilədən sonra İraqdakı kimi davranmaq olmaz, insanları insan hesab etmək lazımdır, ideyalara, prinsiplərə sadiq olmaq, institutları qurmaq lazımdır. Yoxsa onsuz da azlıqda qalan normal dövlətlər daha da təklənəcək. Bunun isə nəticəsini bəşəriyyətə arzu etmirəm.

Comments