Utanın



Seymur Baycan dəfələrlə dedi, yazdı ki, yazıçı Anarla oturub-duran, onun əlini  sıxan adamlar demokratiyadan, mübarizədən danışırsa, səmimi deyillər. Dərhal da cəbhəçi, müsavatçı yoldaşlar hoydu-hoyduya götürdülər Seymuru. Deyəndə ki, xalq bu müxalifəti dəstəkləmək nədir, heç vecinə də almır, deyirlər, “normal sorğu keçir, inanaq”. Bilirlər axı, bu ölkədə normal sorğu keçirmək üçün şərait yoxdur. Xalq Anarın, Maqsud İbrahimbəyovun əlini sıxan, qəbri önündə əyilən adamı dəstəkləmirsə, demək ki, bu xalqa inam ölməyib. Sağ olsunlar ki, dəstəkləmirlər. təkərə düşən ictimai sektordan daha ağıllı qiymət verirlər onlar.

Elmar Hüseynovun (!) başını (!) kəsib (!) parlamentdə (!) futbol oynamağı təklif edən adamın yasına getmək nə deməkdir? Mən şəxsən başa düşürəm, nə deməkdir. Amma cavab gülməlidir, daha doğrusu tragikomik. Cəmil Həsənli cavabı ilə sübut etdi ki, tayfa, qəbilə, min illərin adət-ənənəsi onun üçün daha doğmadır, nəinki xalq, millət, demokratiya, ideyalar, dəyərlər.

Bilirsiniz, hüquqi dövlət (the rule of law) nə deməkdir? Çətin biləsiniz. Hüquqdan üstün heç nəyin olmaması deməkdir. Yas borcu, toy borcu, xonça aparmaq, badə vurmaq, təsbeh hədiyyə etmək… - hamısı hüquqdan geridədir, heç biri hüquq qədər önəmli ola bilməz, hələ qaldı onu tapdalamaq. Hüquqa riayət etmək isə ilk növbədə prezidentin borcudur, çünki biz prezident respublikasıyıq. Bizdə isə prezident olmaq istəyən adam “yasıma gələnin yasına getməliyəm” prinsipi ilə Azərbaycan jurnalistikasının ağzına atılan güllələrin dəydiyi başı kəsməyi təklif edənin yasına gedir.

Nə gün-güzərandır bu? Ramil Səfərov məsələsində Heydər Əliyevin şəklinin və Əli müəllimlərin rəhbərliyinin altında oturub ölkənin olan-qalan nüfuzunu urvatsız edən qərarı dəstəkləməyinizi unutmamışıq, amma ayıb olsun bizə ki, göz yummuşuq indiyədək.


İntiqam müəllimin (ideyalarına sadiqliyi sizdən 1 milyon km uzaq İntiqam Əliyevdən danışıram) bir nümunəvi hərəkəti barəsində əvvəllər də yazmışam, yenə diqqətinizə çatdırım. Bir dəfə onun otağında idim. İkimiz idik otaqda. Məndən üzr istəyib telefona cavab verdi. Telefondakını eşitmirdim, amma İntiqam müəllimi eşidirdim. Deyirdi ki, “Yox. Xahiş edirəm, məndən o adam barədə xahiş etməyin. Mənim Elçin Behbudovla normal münasibətim var idi, heç bir şəxsi problemimiz olmayıb. Amma həbsxanada işgəncəni görən və çıxıb “orda heç bir işgəncə yoxdur” deyən adama mən salam verə bilmərəm”.

İndi bildiniz ideyalara, prinsiplərə sadiqlik nədir?! Çətin biləsiniz. Çünki özünüzün səmimiliklə 180 dərəcə tərs davranışınızı “ideyalara sadiqlik” adı ilə o qədər sırımısınız ki camaata, artıq öz yalanlarınıza özünüz də inanırsınız.

“Ona göz yumaq, buna danışmayaq, onu incitməyək, bunun xətrinə dəyməyək” deyə-deyə belə biabırçı həddə gəlib çatdıq. Ok, hamını küsdürməyək, hamıdan hər şey tələb etməyək. Amma özünü “dəhşət fədakar, mübariz” adlandıranlardan tələb edək, görək, niyə hansısa ibrahimbəyovun yasına gedirlər. İlhamənin yasına getmək daha az ayıb olardı. İlhamə yaltaqlanırdı, amma demirdi ki, “Elmarın başını kəsib futbol oynayaq”.

P.S. Hə, mən də Milli Şurada iştirak etmiş Nidanın üzvüyəm. Hə, mən Nelson Mandela deyiləm. Bunu sübut etməyə çalışmağınız mənasızdır. Müəllifə, söz deyənlərə hücum etməkdənsə, öz ayıbınızın dərdinə qalın. Utanın. Heç olmasa, utanın.

Comments